PAŞİNYANIN İKİÜZLÜLÜYÜ İFŞA OLUNDU – “Bakı bu səbəbdən onun bəyanatlarına inanmır...”

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə təminat mövzusu önə çıxır. Paytaxtlarda deyirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədə çatmaq üçün zaminlər institutunun yaradılmasını təklif edirlərsə, Azərbaycan da Ermənistanın hüquq sferasında mövcud problemlərini həll etməli olduğunu bəyan edir".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Bakı və İrəvan arasında qarşılıqlı ittihamları şərh edərkən deyib.

Ekspert xatırladır ki, İran xarici işlər nazirinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin təminatçıları haqqında çox danışmır: "Çünki bu mövzunun davam etməsi İran və Rusiyanın aktivliyinə gətirib çıxarır. Onlar bu mexanizmi danışıqlar formatına özlərinin daxil olması imkanı kimi görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, Avropa İttifaqından, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya hələ də Ermənistanın faktiki müttəfiqidir... Yəni qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər".

F.Məmmədov qeyd edir ki, Azərbaycanın təminat tələbi Ermənistanda Qarabağla bağlı müxtəlif dövrlərdə qəbul edilmiş sənədlərdən irəli gəlir: "Ermənistanın Müstəqillik Bəyannaməsi, ona Konstitusiyada istinad olunması, Alma-Ata Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Sovetinin 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar...Ermənistanda Azərbaycanın ərazi bütövlüyünü inkar edən bir dəstə sənəd qəbul olunub. Bəzi belə sənədlər Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistanın Baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur".

 

 

Ekspert xatırladır ki, Prezident İlham Əliyevlə müsahibəsindən sonra Ermənistanın Baş naziri bəyanat verdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır.

"Azərbaycan son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlarda verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni Azərbaycandan verilən bəyanatlar sadəcə ritorikadır, lakin Ermənistan üçün bu, gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur" - o, vurğulayıb.

F.Məmmədov hesab edir ki, ya Ermənistan Xarici İşlər Nazirliyinin Paşinyanla hökuməti ilə Azərbaycan Prezidentinin administrasiyası arasında gedən danışıqlar prosesindən xəbəri yoxdur, ya da Paşinyandan müvafiq göstəriş almayıb.

“Ola bilər ki, Vardan Oskanyanın dövründə XİN-ə toplaşan erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər. Bu, artıq Paşinyanın problemidir" - ekspert əlavə edib.

F.Məmmədovun sözlərinə görə, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır: "Gizli, yəni harda?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycana dair nəsə yoxdur! Azərbaycan Alma-Ata Bəyannaməsinə heç bir düzəliş etməyib!

Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, bunlar göz qabağındadır. Bunu növbə ilə də, bir an içində də düzəldə bilərlər. Sənədlərin səviyyələrinə nəzər salsanız, elə indidən beynəlxalq orqanlara “Artsaxlar” və “Nkerlər” adı verilən məktubların və iddiaların geri çağırılması ilə başlaya bilərlər. Bu addım rəsmi mövqeyi aydınlaşdırmaq üçün başlanğıc ola bilər. O zaman Azərbaycandan ritorikanın dəyişməsini gözləmək ağlabatandır. Daha sonra parlament səviyyəsində 1992-ci il Ali Sovetin qərarlarının ləğvi və Alma-Ata Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür. Bir sözlə, hər şey mümkündür".

Politoloq vurğulayıb ki, sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır, ondan sonra normallaşma başlayacaq və qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək: "Ermənistanın Baş nazirinin Konstitusiyanın dəyişdirilməsi ilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün olduğunu xatırlayırıq. Sonra hər şey dayandı. İndi aydınlıq gətirmək lazımdır ki, Paşinyan Konstitusiyada dəqiq nəyi dəyişmək niyyətindədir. Bu məsələ ilə bağlı hələ ki, aydınlıq yoxdur.

Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta itmiş qoyunlar da geri qaytarıldı. Yəni müsbət dinamika qalır və bunu inkişaf etdirib normaya çevrmək lazımdır. Bunun üçün tərəflər bir-birindən gözləntilərini eşitmək məsləhətdir".

 






Fikirlər