Ermənistanda əsas "terror yuvası" dağıdılır: Paşinyan erməni kilsəsini "tərksilah" etməyə çalışır

Ermənistanda əsas

Paşinyan hakimiyyəti "kilsə qiyamı"nı yatırarsa, "erməni üçlüyü"nün həm ortaq, həm də özəl hədəfləri boşa çıxacaq, tezliklə erməni kilsəsi tamamilə küncə sıxışdırılacaq... Bu halda, Qarabağ klanı da birdəfəlik sıradan çıxarılacaq, erməni diasporu isə indiki fəaliyyətinin "təməl prinsiplər"indən məhrum qalıb, dağılma mərhələsinə keçmiş olacaq...

Cənubi Qafqazda iki region ölkəsində daxili kütləvi etiraz dalğası artıq yekun mərhələyə yaxınlaşır. ABŞ və Qərb bu iki ölkədə baş verən hadisələrə fərqli "pəncərələr"dən baxmağa üstünlük verir. Belə ki, Qərb siyasi dairələri Gürcüstandakı müxtəlif iğtişaşları demakratik hüquq olaraq, təqdim edir. Və Gürcüstan hökumətini insan hüquqlarını məhdudlaşdırmaqda suçlayır.

Halbuki, Ermənistanda baş verən hadisələr beynəlxalq hüquq normaları ilə daha çox ziddiyyət təşkil edir. Hər halda, Gürcüstan hakimiyyəti ölkədə kütləvi həbslərə hələlik ehtiyac duymur. Daha mötədil yanaşma ilə Qərbin "qrant agenturası"nın fəaliyyətini ölkə qanunları çərçivəsində tənzimləyə çalışır. Və Qərb özünün Gürcüstandakı casus şəbəkəsini qorumaq üçün rəsmi Tiflisə təzyiq göstərir, hətta təhdid edir.

3cfdf79169fe3168f3eac23ab8a4958a.jpg (503 KB)

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb ikilistandartlar prinsipinə həmişə olduğu kimi, yenə də sadiq qalmağa üstünlük verir. Əks halda, Paşinyan hakimiyyətinin Ermənistandakı kütləvi etiraz dalğasına qarşı atdığı repressiv addımlara sadəcə, müşahidəçi qalmaqla kifayətlənməzdi. Paşinyan hakimiyyətinin apardığı kütləvi həbslərə beynəlxalq hüquq normaları çərçivəsində reaksiya verərdi. Və bununla da, insan hüquqlarını müdafiə etmiş olardı.

Ancaq ABŞ və Qərb müxtəlif ölkələrdə baş verən hadisələrə həmişə öz geopolitik maraqları üzərindən münasibət bildirməkdə vərdişlidir. Gürcüstanda ABŞ və Qərb ilə münasibətləri korlanmış siyasi hakimiyyət mövcuddur. Ona görə də, Qərb Gürcüstan hökumətini avtoritar mövqe tutmaqda suçlayır. Və "qrant agenturası"nın müqavimət gücünü artırmağa çalışır.

Ermənistanda isə bunun tam əksi müşahidə olunur. ABŞ və Qərb Paşinyan hakimiyyətinin repressiv davranışlarına susqun reaksiya verməklə, rəsmi İrəvanı dəstəklədiyini sezdirir. Qərb Paşinyan hakimiyyətinin qorunmasına cəhd göstərməklə, Ermənistana fərqli yanaşdığını təsdiqləyir. Yəni, rəsmi İrəvanın "erməni üçlüyü" ortaq kütləvi etiraz aksiyalarının yatırılmasında maraqlı olduğunu biruzə verir. Və bu, Paşinyan hakimiyyətinin daha sərt addımlar atmağa xüsusi cəsarət göstərməsinə münbit şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar "kilsə qiyamı"nın yatırılması istiqamətində müəyyən "uğurlar" qazanmağa başlayıb. Belə ki, keşiş Baqrat Srbazan artıq ölkə ərazisində və paytaxtda artıq əvvəlki kimi rahat hərəkət edə bilmir. Çünki Ermənistan hüquq-mühafizə orqanları indi daha sərt addımlar atır. "Kilsə qiyamı"nın aparıcı fəalları kütləvi şəkildə həbs olunur. Və hətta müxalif depatatlar belə, polis zorakılığına məruz qalır.

d9654083860a74ab52592fb0ff4a1a75.jpg (61 KB)

Təbii ki, Paşinyan hakimiyyətinin aqressivləşməsi "kilsə qiyamı"nın sürətlə zəifləməsinə yol almaqdadır. Artıq keşiş Baqrat Srbazanın çağırışları ilə kütləvi etiraz aksiyalarına çıxanların sayı azalmağa başlayıb. İndi artıq Paşinyan hakimiyyətinin devrilmə ehtimalı qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, rəsmi İrəvanın tezliklə "kilsə qiyamı"nı tamamilə yatıra biləcəyi şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti son vaxtlar propaqanda üstünlüyü də qazanmağa çalışır. Belə ki, rəsmi İrəvan "erməni üçlüyü"nün - diaspor, kilsə və Qarabağ klanının ortaq qiyamının siyasi məsuliyyətini əsasən keşişlərin üzərinə yükləməyə cəhd göstərir. Paşinyan hakimiyyəti erməni kilsəsini onilliklər boyu uydurduğu miflərin dağılmasından qorxduğunu qabardır. Bu, baş verə biləcəyi təqdirdə, erməni kilsəsinin haqsız ələ keçirdiyi sərvətlərdən məhrum olacağına eyham vurur.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan erməni kilsəsini Ermənistanın talanması hüququnu qorumaq üçün xarici ölkələrin təlimatlarını icra etdiyini də vurğulayıb. Onun sözlərinə görə, erməni kilsəsinin nəzarətində olan torpaq əraziləri mütləq dövlətə qaytarılmalıdır və ölkənin faydasına istifadə edilməlidir. Və bu, Paşinyan hakimiyyətinin erməni kilsəsi ilə həlledici savaşa başladığını göstərir.

Ancaq rəsmi İrəvan bu daxili savaşın uzun müddət davam etməsində də qətiyyən maraqlı deyil. Belə ki, baş nazir Nikol Paşinyan açıq mətnlə erməni kilsəsi ilə yaxın 2-3 ay ərzində haqq-hesab çəkəcəyini vurğulayıb. Onun fikrincə, erməni kilsəsi, diaspor və Qarabağ klanını ilə ortaq şəkildə xəyali, daha doğrusu mifik Ermənistan ideologiyasını ölkə əhalisinin düşüncəsində möhkəmləndirilməsinə çalışır. Əsas məqsəd isə onilliklər boyu olduğu kimi, yenə əsas sərvətlərə nəzarət hüququnu qoruyub, saxlamaqdır.

pasha-srbazan-kloun.JPG (49 KB)

Erməni baş nazir hesab edir ki, kilsənin öz maraqlarını dövlətin mənafeyindən üstün tutması real Ermənistanın məhvinə apara biləcək böyük bir təhlükə qaynağıdır. Bu səbəbdən də, ən qısa zamanda zərərsizləşdirilməlidir. Yəni, Paşinyan hakimiyyəti əvvəlcə erməni kilsəsini sıradan çıxarıb, təsirsiz dini faktora çevirmək niyyətindədir. Yalnız bundan sonra erməni kilsəsinin ölkədaxili ortağı Qarabağ klanı ilə birdəfəlik haqq-hesab çəkmək mümkün ola bilər. Və buna nail olacağı təqdirdə, Paşinyan hakimiyyəti erməni diasporunun təzyiq mexanizmlərindən də böyük ölçüdə xilas ola biləcək.

Belə anlaşılır ki, "erməni üçlüyü"nün Paşinyan hakimiyyətini devirməkdən başqa çıxış yolu yoxdur. Bu hədəfə nail olacağı təqdirdə, erməni kilsəsi Ermənistan cəmiyyətində öz hegemonluğunu qoruyub saxlamaq şansı qazanacaq. Qarabağ klanı ölkənin maliyyə-iqtisadi gəlir qaynaqlarına nəzarəti davam etdirə, üstəlik hakimiyyəti də ələ keçirə biləcək. Erməni diasporu isə "kilsə qiyamı"nı maliyyəlışdirməklə, Paşinyan hakimiyyətinin devrilməsi sayəsində mövcud fəaliyyət prioritetlərinin aktuallığını toxunulmaz saxlamaq niyyəti güdür.

Ancaq Paşinyan hakimiyyətinin "kilsə qiyamı"nı yatırmağa yaxın olması "erməni üçlüyü"nün həm ortaq, həm də özəl hədəflərini boşa çıxartmaq təhlükəsi yaradıb. Əgər, belə davam edərsə, Paşinyan hakimiyyəti tezliklə əsas terror yuvası olan erməni kilsəsini tamamilə küncə sıxışdırmağa nail ola bilər. Bu halda, Qarabağ klanı da birdəfəlik sıradan çıxarılacaq. Erməni diasporu isə indiki fəaliyyətinin təməl prinsiplərindən tamamilə məhrum qalıb, dağılma mərhələsinə keçmiş olacaq. Və nəticədə baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətini möhkəmləndirib, öz narrativləri əsasında daha müstəqil qərarlar qəbul etmək şansı qazanacaq.(musavat.com)






Fikirlər