“SÖYÜŞ MÜXALİFƏTİ”NİN QARŞILIQLI İFŞASI... - Onlarla görüşən və onları maliyyələşdirən məmurlar kimlərdir?
“Söyüş müxalifəti” kimi tanınan və özlərini “bloqer” kimi tanıdan məlum şəxslərin hələ yeni-yeni ortaya atıldıqları vaxtlarda onların haradan, kimlərdən “qidalandıqları” barədə müəyyən qənaət yaranmışdı. Xüsusilə də Ramiz Mehdiyev, Eldar Mahmudov və digər “odioz” fiqurların “at oynatdığı” dövrlər həmin “söyüş müxalifəti”nin “intihab dövrü” sayıla bilər. Məhz həmin illərdə bu “bloqerlər” Azərbaycandakı bu və ya digər məmur barədə ardıcıl olaraq sürətlə “ifşaedici materiallar” yayır, “poulyarlaşırdılar”. Və heç kimə də sirr deyildi ki, bütün bu “materiallar” Azərbaycandakı məlum məmur qruplaşmaları tərəfindən hakimiyyətdaxili çəkişmələrdə bir-birilərinə qarşı silah kimi istifadə olunurdu. Lakin xüsusilə də R.Mehdiyevin “süqutundan” və ümumilikdə hakimiyyətdə aparılan “təmizləmələrdən”, kadr islahatlarından sonra “söyüş müxalifəti” də tədricən “solmağa”, gündəmdəki yerini itirməyə başladı. Artıq son zamanlarda ümumiyyətlə, bu şəxslərin mövcudluğu yaddan çıxmağa, onların olan-qalan izləyiciləri isə ən aşağı həddə qədər azalmağa başlamışdı. Lakin indi məlum olur ki, səviyyəsiz, savadsız, heç bir ciddi siyasi mahiyyət daşımayan həmin bu “söyüş müxalifəti”nin dirçəlməsində maraqlı olanlar, onlarla əlaqəyə girən və onları “bəsləyən” məmur, yaxud məmurlar var imiş. Bunu aşkar edən isə elə həmin “söyüş müxalifəti”nin sıralarındakı daxili çəkişmə oldu. “Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”. Bunu həmin çəkişmənin iştirakçılarından biri olan Surxan Lətifov adlı şəxs yazıb. O, qeyd edib ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb. Həmin “camiyə”nin daha bir fəal üzvü olan Əfqan Muxtarlı isə yazıb ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Yəni, məsələ təkcə Almaniya ilə məhdudlaşmır: “Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar”. Məsələ bununla bitmir. Əfqan Muxtarlı Tural Sadıqlını nəzərdə tutaraq, onun konkret olaraq Avropada Azərbaycandan gəlmiş hansısa məmurla görüşdüyünü yazıb: “Sual verirəm, sən Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?” Əfqan Muxtarlının nədən sözügedən məmurun adını açıqlamaması maraq doğurur. Doğrudan da onunla T.Sadıqlı arasında fərq varsa və doğrudan da həqətlərin üzə çıxmasında maraqlıdırsa və heç bir təmənna, maraq güdmürsə, nədən məmurun adını söyləmir? Sirr deyil ki, Azərbaycandakı bəzi məmurlar bu adamların “çörək ağacı”dır. Ona görə də onların ifşa edilməsindənsə “sağılması” daha məqəsədəuyğundur. T.Sadıqlı ilə görüşən məmurun (əgər belə bir görüş olubsa) kimliyinin hələ ki, gizli saxlanması da bununla bağlı ola bilər. Bu deyilənlərdən sonra baş verənlərə T.Sadıqlının reaksiyası isə “söyüş müxalifəti”nin nə qədər prinsipsiz və qorxaq olduğunu bir daha ortaya qoymuş oldu. Belə ki, təhlükəni hiss edən Sadıqlı dərhal 180 dərəcəlik dönüş edərək, onu ifşa etmək istəyənləri hakimiyyətə işləməkdə günahlandırıb. Hətta “tövsiyə” edib ki, “hakimiyyətlə bağlı problemlər daxili məsələdir, ona görə problemləri hakimiyyət nümayəndəsinə demək lazımdır”. Bunu illərdir hakimiyyətdəkilərin ünvanına demədiyi təhqir, söyüş qalmayan T.Sadıqlı deyir. Görəsən, birdən-birə nə baş verdi ki, bu adam “hakimiyyətlə bağlı problemlər daxili məsələdir” qənaətinə gəldi? Belə görünür ki, Almaniya polisinin bu məsələni araşdırması məlumatı həqiqətdir və Sadıqlını real təhlükə gözləyir. Bu, özünü deportasiya da daxil omaqla, müxtəlif tədbirlərdə əks etdirə bilər. Sadıqlının bu mövqeyi də sözsüz ki, məhz bu təhlükədən irəli gəlir və sığortalanmaq məqsədi daşıyır. Ancaq bu məsələdə ən önəmlisi T.Sadıqlının və digərlərinin taleyindən daha çox Azərbaycanda məhz hansı məmurun, yaxud məmurların “söyüş müxalifəti” ilə işləməsi, eləcə də kimlərin şantaj olunaraq onlara yüz minlərlə pul ötürməsidir. Çünki bu, sıradan bir şantaj cinayəti olmaqla məhdudlaşmır və Azərbaycanın dövlət maraqlarına təhlükə yaradır. Belə ki, bu xətlə ölkəmizlə bağlı daha əhəmiyyətli, dövlət sirri sayılacaq informasiyalar ötürülə, siyasi və informasiya təxribatları törədilə bilər. Ona görə də təkcə Sadıqlının və digərlərinin ifşası, yaxud deportasiyası və həbsi ilə iş bitmir. Nəhayət ki, onların Azərbaycandakı informasiya ötürücüləri və “sponsorları” müəyyənləşdirilməlidir. Yəqin ki, bu da uzun vaxt çəkməz... “AzPolitika.info”