SƏRDAR CƏLALOĞLU da GERİ ÇƏKİLDİ – Partiya sədri namizədlikdən imtinasını belə əsaslandırdı
Bu gün ADP sədri Sərdar Cəlaloğlu 01 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib. ADP mətbuat xidmətindən “AzPolitika.info”-ya daxil olan açıqlamada S.Cəlaloğlu qərarını belə əsaslandırır: “ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq, partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm. Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.” Xatırladaq ki, S.Cəlaloğlundan əvvəl bir sıra partiya sədrləri, o cümlədən İqbal Ağazadə, Sabir Rüstəmxanlı, İsa Qəmbər, İlyas İsmayılov və digərləri seçkidə iştirakdan imtina ediblər.