Şəhid atası, yoxsa spikerin müavini? - Cəlilabadda gərgin mübarizə...

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir.
Azərbaycanın cənub rayonlarından olan Cəlilabadda da seçkiqabağı fəallıq hiss olunur. Bu rayonun ərazisində Milli Məclisə 3 dairə üzrə seçkilər keçiriləcək.
71 saylı Cəlilabad şəhər Seçki Dairəsindən 7 namizəd qatılıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan Malik Həsənov, Müsavat Partiyasından Azər Əsgərov, “Ümid” Partiyasından Aslan Əzimov) təmsilçisi, 4-ü bitərəfdir.
Bitərəflərdən 1-i pensiyaçı, 1-i müəllim, 1-i QHT üzvü, 1-i kargüzardır. Dairədə əsas mübarizənin 3 partiyanın təmsilçisi arasında gedəcəyi, YAP namizədi Malik Həsənovun isə qalib gələcəyi ehtimal olunur.
72 saylı Cəlilabad kənd Seçki Dairəsində də namizədlərin sayı 7 nəfərdir. Onlardan yalnız 2-si - Elman Nəsirov (YAP) və Rahim Axundov (Müsavat) partiya təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəf namizədlərin çoxu demək olar ki, rayonda tanınmırlar. Bu səbəbdən burada da mübarizə daha çox iki partiyanın namizədi arasında olacaq. Elman Nəsirovun bu dairədən növbəti dəfə deputat seçiləcəyi rayonda o qədər də şübhə doğurmur.
Ən gərgin mübarizənin isə 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində olacağı gözlənilir. Çünki burada həm partiya təmsilçilərinin sayı çoxdur, həm də onlardan biri Vətən müharibəsi şəhidinin atasıdır. Dairədən ümumilikdə 10 nəfər namizədliyini irəli sürüb.
Yeni Azərbaycan Partiyasının namizədi orta məktəbdə direktor müavini işləyən Aytən Əliyevadır. Onun rəqibləri isə Müsavat Partiyasından Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirov, VHP-dən Milli Məclis sədrini sabiq müavini Fəzail İbrahimli, Azad Vətən Partiyasından Zaur Ələkbərov, Ağ Partiyadan Kamran Məmmədov, ADP-dən Daşqın Nuriyevdir. Bitərəflərdən 2-si işsiz, 1-i pensiyaçı, 1-i isə müəllimdir.
Bu dairə əsas mübarizə müxalifət partiyaları - VHP və Müsavat Partiyasının namizədləri arasında olacaq. Bu, son günlər iki namizədin apardığı kampaniya və aralarında yaranan gərginlikdən də hiss olunur. Şəhid atasına rayonda böyük rəğbət olsa da, 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində Fəzail İbrahimlinin qalib gələcəyi ehtimalı daha yüksəkdir.






Fikirlər