Sentyabrın1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.
Ötən iki yazımızda ilk 20 dairədəki vəziyyəti dəyərləndirmiş, ən şanslı namizədlərin adlarnı təqdim etmişdik.
Bakupost.az xəbər verir ki, bu dəfə isə 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindəki vəziyyətdən bəhs edəcəyik. Bu dairədən 7 nəfər deputat mandatı uğrunda mübarizə aparır. Əsas əsas namizədlər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Musavat Partiyası başqanının müavini Gülağa Aslanlı və keçmiş musavatçı, Ağ Partiyanın sədri Tural Abbaslıdır.
Kifayət qədər maraqlı rəqiblərdir.
Başlayaq Gülağa Aslanlıdan. Əlbəttə, Musavat Partiyası əsas namizədlərindən biri kimi ona dəstək verəcək. Eyni zamanda o, narazı kəsmin səsini də almağa çalışacaq. Amma uzun illərdir siyasi meydanda olan, böyük seçki təcrübəsinə malik Gülağa Aslanlının seçki kampaniyası diqqət çəkmir.
Ağ Partiyanın sədri Tural Abbaslı isə nisbətən daha fəaldır. O, demək olar ki, hər gün insanlarla görüşür və bu görüşləri böyük izləyici kütləsi olan sosial şəbəkə hesablarında paylaşır. Buna baxmayaraq, T.Abbaslı gözlənilən performansı göstərmir. Çünki onun bu seçkidə daha fəal iştirak edəcəyi gölənilirdi. Hətta seçki kampaniyası başlamazdan əvvəl siyasi kluarlarda onun Milli Məclisə seçilməsində hökumətin də maraqlı olduğu bildirilirdi. Lakin YAP-ın həmin dairədən güclü namizəd irəli sürməsi bu deyilənlərin şayiə olduğunu ortaya qoydu. Görünür, elə bu məqam, daha dəqiqi, həmin dairədən Məlahət İbrahimqızının namizəd olması Tural Abaslını həvəsədən salıb.
Məlahət İbrahimqızı YAP Şiyası Şurasının üzvüdür, 2000-ci ildən başlayaraq 5 dəfə Milli Məclisin üzvü seçilib, parlamentin ən fəal deptatlarından biridir. Ona görə də hakimiyyətin onu qurban verməyəcəyi, hakim partiya üzvlərinin seçkidə fəal istirak edəcəyi gün kimi aydındır.
Bu isə Tural Abbaslının şanslarını azaldır. Amma hər halda 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsində seçki kifayət qədər maraqlı keçəcək.