Tural Abbaslı rəqibi haqda: “Məlahət İbrahimqızına öz məhləsindən də səs verməzlər”

Tural Abbaslı rəqibi haqda: “Məlahət İbrahimqızına öz məhləsindən də səs verməzlər”

Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Məlahət İbrahimqızının namizədliyini irəli sürüb. Sözügedən dairədən Ağ Partiyanın rəhbəri Tural Abbaslı da öz namizədliyini irəli sürüb.  

Qeyd edək ki, Tural Abbaslı 2020-ci ildə də VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olub və rəqibi Məlahət İbrahimqızına uduzub.

Maraqlıdır, Tural Abbaslı builki seçkilərdə qalib gələcəyini düşünürmü?

Ağ Partiyanın rəhbəri Tural Abbaslı Bizim.Media-ya açıqlamasında seçiləcəyi ilə bağlı iddialı danışıb: 

“Bu yarışda sizcə kim udar? Məlahət İbrahimqızına heç öz məhləsindən də səs verməzlər. Onu kim tanıyır? Şəxsi keyfiyyətlərini demirəm, amma fakt budur ki, seçicilər Məlahət İbrahimqızını tanımır. Mən səs toplayacağam, amma qalib kim gələcək, onu deyə bilmərəm”.

Məlahət İbrahimqızı isə saytımıza açıqlamasında rəqibinin onun haqqında səsləndirdiyi fikirləri təmkinlə qarşılayıb:

“Hələ seçki üçün təbliğat-təşviqat kampaniyası başlamayıb. Deyib deyib də, biz rəqibik, nə istəyir desin. Azərbaycanın söz azadlığı var, demokratik dəyərlər günü-gündən daha çox bərqərar olur. Ona görə də ürəyi nə istəyir desin.

Təbliğat kampaniyasında da hərə öz işi ilə məşğul olacaq, onda da nə istəyər deyər. Mən hələ qeydiyyatdan keçməmişəm. Keçdikdən sonra Tural Abbaslını özümə rəqib görürəm və ya görmürəm, bu barədə danışa bilərəm. O da Azərbaycan vətəndaşıdır, ixtiyarı yoxdur ki, gedib namizədliyini irəli sürsün? İndidən 125 dairədən namizəd olan şəxslərə uğurlu seçki kampaniyası arzulayıram”, – deyə Məlahət İbrahimqızı bildirib. 






Fikirlər