Nardaranla bağlı təhlükəli plan: hadisəni kimlər milli və dini separatizmə çəkir?
Yaxın və Orta Şərq regionunda xarici güc mərkəzləri arasında uzun illərdir aparılan “soyuq savaş”ın artıq açıq silahlı toqquşmaya çevrilməsi Cənubi Qafqaz və Orta Asiya ölkələrini də ciddi təhdid altına alıb. Uzun illər Rusiyanın təsir zonası sayılan, ancaq Qərbin də addım-addım irəlilədiyi bu bölgələr indi təkcə “Qərb, yoxsa Rusiya?” seçimi qarşısında qalmayıblar, həm də bu güclərin savaşının istənilən anda və qəfil şəkildə sıçrayacağı, qanlı toqquşmaların aparılacağı əsas poliqonlara çevrilmək qorxusunu yaşayırlar. Elə bu səbəbdəndir ki, son 3 ayda birbaşa və dolayısıyla həmin güc mərkəzlərinə bağlı silahlı radikal İslamçı qrupların aktiv hərəkətlənmələrinin müşahidə edildiyi Orta Asiya respublikalarında, Cənubi Qafqazda da Azərbaycanda hüquq-mühafizə orqanları gözlənilən mümkün xarici dəstəkli silahlı çıxışların qarşısını almaq məqsədiylə önləyici addımlar atmağa başlayıblar. Məsələn, bu il sentyabrın 9-da Tacikstanda bir qrup tərəfdarıyla hakimiyyəti ələ keçirməyə hazırlaşan bu ölkənin müdafiə nazirinin sabiq müavini general Abdulhalim Nazarzodanın rəhbərlik etdiyi islamçı qrup hökumət qüvvələri tərəfindən zərərsizləşdirilib, keçirilən əməliyyat zamanı isə general özü qətlə yetirilib... Elə həmin ayın 12-14 tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda da radikal islamçılarla hüquq-mühafizə orqanları arasında böyük silahlı toqquşma olub, 10-dan çox polis və təhlükəsizlik orqanı əməkdaşı, həmçinin xeyli radikal islamçı öldürülüb; Noyabrın 19-da da Özbəkistanın hüquq-mühafizə orqanları silahlı üsyana hazırlaşan 200-dən çox islamçını həbs ediblər... ...Azərbaycan cəmiyyəti isə ilk belə təhlükəni, təxminən, 1 ay əvvəl – noyabrın ilk günlərindən (əslindəsə, oktyabrdan) daha ciddi şəkildə hiss etməyə başladı: həbsdən buraxıldıqdan sonra Azərbaycanı bölgə-bölgə gəzən, təşkilatlanan, bütün çıxışlarında hakimiyyətə qarşı sərt ittihamlar irəli sürən və paralel şəkildə də Qərb xəttində olan müxalifətlə yaxınlaşma kursu seçən islamçı Taleh Bağırzadə şəhid Milli Qəhrəman Mübariz İbrahimovun məzarı üzərinə yürüşlə bağlı polisə çağırılması və xəbərdarlıq edilməsi faktını sosial şəbəkələrdə “namaza hücum” kimi təqdim və təbliğ etməyə başladı; onun rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı”nın təmsilçisi Elçin Qasımlının Sabunçu polisinə aparıldığı 5 noyabr gecəsində isə yüzə yaxın gənc daş və dəyənəklə, bıçaqla silahlanaraq, Polis İdarəsini mühasirəyə aldı, saxlanılan şəxsin azadlığını tələb etməyə başladılar... Yalnız hüquq-mühafizə orqanları rəhbərlərinin operativ reaksiyası, önləyici tədbirləri və soyuqqanlı davranışları qan tökülməsinin, kütləvi toqquşmanın qarşısını vaxtında aldı... Ancaq Azərbaycanda da artıq dövlətin əsəbləriylə oynanıldığı, onun məqsədli şəkildə təxribata çəkildiyi və zor tətbiq etməyə sövq edildiyi faktı ortada idi. Açıq-aşkar göründü ki, hansısa bir qüvvə inadla hökuməti ideoloji və təşkilati baxımdan siyasi müxalifətdən qat-qat güclü və mütəşəkkil olan radikal islamçılarla toqquşdurmaqda qərarlıdır... Üstəlik, nəzərə alanda ki, polis-dindar münasibətlərini gərginləşdirməyə hesablanmış bütün bu hadisələr İslam dinində (şiəlik məzhəbində) xüsusi önəm verilən Məhərrəm ayında baş verir və bu ay ərzində ənənəvi dini ayinlərin, ritualların yerinə yetirilməsi gözlənilir, deməli, bu toqquşmanın elə məhz bu yaxın günlərə, xüsusən də hər il minlərlə insanın Nardaran Piri önündə qeyd etdiyi “Ərbəin” mərasiminə planlaşdırılması variantı daha ağlabatan görünürdü... Çox ehtimal ki, güc strukturları da əllərindəki əməliyyat məlumatlarına əsasən, daha böyük silahlı terror-təxribat hadisəsinin planlaşdırıldığını və gecikmənin daha böyük itkilərlə nəticələnəcəyini nəzərə alaraq, belə həssas günlərdə öz adətlərinə sadiq qalan Bakının Nardaran qəsəbəsini özünə sığınacaq seçmiş Tale Bağırzadə və dəstəsini zərərsizləşdirmək qərarına gəliblər... Elə DİN, MTN və Prokurorluğun yaydığı rəsmi açıqlamada da bu gerçəklik aydınca göstərilib:“Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib...”. Doğrudur, hazırda hakimiyyətin bütün işlərində bir “qara” axtaranlar güc strukturlarının bu əməliyyatını da müxtəlif istiqamətlərə yozmağa çalışırlar və bunda elə xalqdan xeyli uzaq düşmüş hökumətin özü də xeyli təqsirkardır. Ancaq bu, başqa mövzunun söhbətidir... Hələliksə onu vurğulayaq ki, həm əməliyyatın keçirildiyi gün - 26 noyabrda, həm də ondan sonrakı günlərdə baş verən bir neçə önəmli fakt ölkə xaricindən hansısa bir qüvvənin Nardaranla, hazırda həbsə atılan dindarlarla bağlı birgə xüsusi planının olduğu versiyasını xeyli gücləndirir: Birincisi, xatırlayırsınızsa, hökumət qüvvələrinin keçirdiyi bu əməliyyat dərhal müəyyən şəbəkə vasitəsiylə məqsədli şəkildə əvvəlcə “hakimiyyətin öz oyunu” – baxmayaraq ki, 2 xüsusi təyinatlı polis zabiti də həlak olub, - daha sonra isə “İslam dininə hücum” kontekstində təqdim edilməyə başladı; İkincisi, sanki, bir mərkəzdən idarə olunurmuş kimi, əməliyyatın keçirildiyi saatlarda sosial şəbəkələr vasitəsi ilə müxtəlif saytlara belə məlumatlar ötürüldü ki, guya, Bakının digər rayonlarında, həmçinin Gəncədə və İranla sərhəd rayonlarda, xüsusən Lənkəranda camaat həbs olunanların azadlığa buraxılması üçün ayağa qalxıb... Sonrakı günlərdə isə aramsız olaraq Nardaran əhalisini qıcıqlandırmağa, onların heysiyyatı ilə oynamağa hesablanmış, yerli camaatı hökumət qüvvələrinə qarşı müqavimətə təşviq edən müxtəlif sayısız dezinformasiyalar ötürülməyə başlandı. Müəyyən media orqanlarında elə təəssürat yaradıldı ki, sanki, bir kənd bir dövlətə qarşı durub və qan su yerinə axacaq... Heç kim demədi ki, axı bir qəsəbə dövlətə nə edəcək? Dövlət təhdid qarşısında geri çəkilməz, qaçmaz axı – qaçsa, ondan dövlət olmaz ki... Daha pisi isə odur ki, son günlərdə əməliyyat zamanı öldürülən və saxlanılan şəxslərlə bağlı spekulyasiyalara başlanıb və ölkə üçün olduqca təhlükəli bir tendensiyanın yenidən məqsədli şəkildə gündəliyə gətirildiyi qabardılır: guya, əməliyyat zamanı öldürülənlər və həbs edilənlər etnik mənşəcə türk deyillər (Halbuki ölənlərin və həbs edilənlərin siyahısına baxdıqda, elə əksəriyyətinin məhz türkmənşəli ailələrdən olduqları üzə çıxır)... Deməli, elə təkcə bu faktın özünün gündəliyə gətirilməsi kifayət edir ki, işin arxasında əvvəldən axıradək eyni xəttin olduğunu - ölkədə dini və milli zəmində separatizm, təfriqə salmaq istəyən hansısa ciddi bir qüvvənin durduğunu görə bilək. Görünür, məhz həmin qüvvəyə lazımdır ki, əsrlər boyu iç-içə yaşamış, qaynayıb-qarışmış və artıq Azərbaycanın mill sərvətinə, dəyərinə çevrilmiş azsaylı xalqlar məsələsini yenidən körükləsin, süni şəkildə türk-talış, türk-tat... söhbəti salınsın və beləliklə, yeni-yeni təfriqə ocaqları yaradılsın... Klassik Roma hüququnda deyildiyi kimi: axı bu, kimə və niyə lazımdır? Apardığımız ilkin araşdırmalar göstərir ki, sosial şəbəkələrdə ölkədə etnik və dini separatizmi körükləyən fikirlər yayan profillərin bir çoxu ya saxtadır (facebookda şəxsi məlumatları bilərəkdən yanlış göstərilib, sona çıxmaq mümkün olmur), ya da xaricdə yaşayanlardır... Daha konkret desək, görünən odur ki, belə nifaq toxumu səpənlərin kökü bu ölkəyə dayanıqlı deyil – varsa da, yalnız zatıqırıqlardır... Hər halda, yəqin ki, əllərində böyük texniki imkanlar olan müvafiq qurumlar bu soyukəsiklərin, zatıqırıqların kimliyini müəyyənləşdirməkdə çətinlik çəkməyəcək... Strateq.az