İRAN-İSRAİL “QARŞIDURMASI”... – Tərəflər bir-birinə həqiqi hücum etsə nə vaş verər?

Namiq Bilal

İran İsrailə raket zərbələri endirdi. Hesab edilir ki, indi top İsrailin meydançasındadır. Hamı gözləyir, ABŞ və İsrailin İrana endirəcəyi zərbələr hansı şiddətdə olacaq.

Belə bir sualı cavablandırmağa çalışaq: Ağ Ev və Tel-Əviv İrana elan etdikləri kimi öldürücü ağır zərbələr endirməkdə maraqlıdırlarmı?

Suala məntiqi cavab tapmaq üşün bəyanatlara deyil, ortada olan real faktlara diqqət yetirək:

Öncə onu qeyd edək ki, bu zərbələrin ˝danışılmış hücum˝, yaxud İsrailin dağıtdığı qüvvələr balansını bərpa etmək üçün İranın endirdiyi ˝qisas hücumu˝ olduğunu hələ də əminliklə söyləmək mümkün deyil.

 

Daha çox danışılmış zərbələrə bənzəyir. Öncədən xəbərdarlıq edilir, İsrail əhalisi və müdafiə qüvvələri üçün uyğun vaxt seçilir və s.

 

 

 

Zərbələr kimə sərf edir, ona baxaq. İrana sərf elədi. Haniyənin, Nəsrullanın, “peycer əməliyyatı”-nın, çox sayda öldürülən iranlı generalların ˝qisası alındı˝, Tehranın yerlə bir edilmiş imici bərpa edildi.

Zərbələrdən qazanclı çıxan ikinci tərəf, nə qədər paradoksal görünsə də, İsraildir. İranın raket zərbələri İsrailin Livana hücumu ilə eyni vaxta reallaşdı. İran zərbələri gündəmi dəyişdi. Bu zərbələr olmasaydı bütün dünya İsrailin Livana yağdırdığı ağır bombalardan, öldürülən minlərlə insandan danışacaqdı.

 

 

 

İndi isə dünyanın aparıcı KİV-ləri 24 saat İranın İsrailə ˝hancı cəhənnəmi yaşatdığından˝ və veriləcək cavabların necə olacağından bəhs edir. Yada salaq ki, Qəzza savaşında da bütün dünya İsrailin üzərinə gələndə İran yenə köməyə çatmış, heç nəyə zərər verməyən ˝dəhşətli zərbələr˝ endirib gündəmi yəhudi dövlətinin lehinə dəyişmişdi.

 

İndi gələk əsas məsələyə: İranın İsrailə həqiqətən ağır zərbələr endirməsi mümkündürmü?

Fantaziyamızı işə salaq və hesab edək ki, zərbələr həqiqidir, ağırdır və daha öldürücü hücumlar gündəmdədir. Belə toqquşmanın meydana çıxaracağı mənzərəni anlamağa çalışaq.

Həqiqi toqquşma halında ABŞ və İsrail İrana qarşı boyük miqyaslı hücum təşkil edərək nüvə potensialını, hərbi strukturunu və neft-qaz sənayesini ciddi anlamda sırdan çıxarmalıdır. Bu barədə müvafiq bəyanatlar da verilir. Total hücum baş tutacaqsa, Tehran da yəhudi dövlətini bu dəfə xəbərdarlıqsız və daha dağıdıcı zərbələrə məruz qoyacaq. ˝Ölümünə˝ gedəcək bu savaşda İran “Hizbullah”-ın, husilərin və regiondakı bütün proksilərinin həm raket-dron, həm də canlı qüvvə imkanlarını maksimum dövriyyəyə soxaraq İsrailə həqiqi cəhənnəmi yaşadardı.

 

 

 

Belə savaş olacaqsa, ABŞ-nin da kənarda dayanmaq şansı qalmır. ABŞ-ın hərbi əməliyyatlara qoşulması isə amerikalıların regiondakı bütün bazalarını şiə milis ordularının hədəfinə çevirəcək. Sayları on minlərlə olan şiə milislərinə qarşı ABŞ-nin regiondakı azsaylı kontingentinin duruş gətirə biləcəyi şübhəlidir. ABŞ-nin Suriyada 1000 nəfərə yaxın, İraqda isə 5000 civarında hərbi qulluqçusu var. Qətərdə, Küveytdə, Omanda, Bəhreyində yerləşən Amerika bazaları da, böyük ehtimalla, şiddətli raket və dron yağmuruna məruz qalacaq və uzun zaman dirənə bilməyəcək. Bütün bunlar ilk baxışda mümkünsüz görünə bilər, çünki ABŞ-ni çox güclü bilirik. Amma Trampın söyləməsinə görə 6 triliyon dollar xərclədikləri Əfqanıstandan necə qaçdıqlarını da unutmayaq.

 

 

 

Əgər ABŞ Orta Şərqdə də ˝Əfqanıstan-2˝ tipli fiasko ilə üzləşərsə, bu amerikalıların ən böyük neft regionunu əlinda saxlamasına və qlobal hegemon rolu oymamasına qarşı fəlakət ssenarisi olardı. Belə vəziyyət qarşıdan gələn prezident seçkilərində ABŞ demokratlarını ən biabırçı vəziyyətə salardı.

Real toqquşma baş versə, Qərb nəzarətdən çıxan və özünə qarşı təhlükəyə çevrilən İranı salamat buraxmazdı. ABŞ və bütövlükdə Qərbin fars rejiminə qarşı ən böyük silahı İranı içəridən partlatmaqdır. İranı qarışdırmaq üçün Qərbin əlində bütün imkanlar var. Böyük maliyə, media və geniş agentura şəbəkəsi hazırdır, əmr gözləyir. Bu əmr veriləcəksə, İranın bütöv dövlət kimi qalmaq şansı sıfıra yaxındır. Fars hakimiyyəti mənasız məzhəb savaşları ilə İranı çökdürüb.

Tehran rejimi dövləti elə böyük çıxmaza salıb ki, tükənməz sərvətləri və qüdrəti olan İran regionunən ən kasıb dövlətlərindən biri halına gəlib. Digər tərəfdən, fars hakimiyyətinin qeyri fars millətlərə qarşı aşırı basqı siyasəti bütün millətləri rejimə qarşı çox sərt şəkildə radikallaşdırıb. Belə şəraitdə milli azadlıq hərəkatlarının alovlanması üçün bircə qığılcım yetərlidir. Bunu heç şübhəsiz, fars hakimiyyəti də gözəl anlayır və Tehranın yeganə qırmızı cizgisi İranın içəridən çalxalanmasıdır. Və ehtimal böyükdür ki, İsrail İranın nüvə obyektlərinə və neft sənayesinə ciddi zərbələr vursa belə fars rejimi Qərblə həqiqi toqquşmaya getməyəcək.

 

 

Zərbələr yalançı olsa da müharibə realdır. Minlərlə insan ölür, milyonlar ev-eşiyini tərk edir. Yeni qaçqın dalğası yaranır və ərəb mediasında yayılan məlumatlara görə qaçqınların böyük qismi Türkiyə sərhaddinə doğru irəliləyir. Bu isə qaçqın problemindən onsuz da əziyyət çəkən Türiyə üçün yenii başağrıları deməkdir.






Fikirlər