Prezident İlham Əliyev Çində səfərdədir - YENİLƏNİB - FOTO

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 9-da Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.

Azərtaym.az Milli.Az-a istinadən xəbər veri ki, Lou Çincyan Prezident İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirdi. "Siz görkəmli rəhbərsiniz", - deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğuladı. Rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışdı. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırdı. "Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq", - deyən qubernator bildirdi ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu dedi. Dövlətimizin başçısı bildirdi ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirdi. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən Prezident İlham Əliyev respublikamızın Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkəmiz uğurla inkişaf edir. Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir.

X X X

Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verildi.

------------

09:36

Azərtaym.az Milli.az-a istinadən xəbər veri ki, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.

Dövlətimizin başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrakota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 suvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

Məlumat verildi ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizamı düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.

Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.

İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlı dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.

Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxdı.

Dövlətimizin başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verildi.

Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

 Məqaləyə dair fotomateriallar:

 






Fikirlər