Hökumətdə yeni antikorrupsiya tədbirləri başlayıb - təfsilat; Yanvar ayının 1-dən bütün nazirlik və komitələrdə qeyri-rəsmi ödənişlər tam dayandırılıb - bu, indiyədək hökumətdə görünməyən miqyaslı və riskli prosesdir; Ekspert: “Amma bundan daha risklisinin nə ola biləcəyini prezident İlham Əliyev hələ də gözü doymayan bəzi məmurlardan yaxşı bilir...”
Azərbaycanda neft gəlirlərinin kəskin azalması ilə yaranmış mövcud iqtisadi vəziyyət, xüsusən manatın devalvasiyasından sonra bölgələrdə lokal etiraz aksiyaları korrupsiya və rüşvətxorluqla mübarizənin çörək qədər vacib olduğunu göstərdi.
Azərbaycanda siyasi sabitliyi dayanaqlı edən iqtisadi şərtlərin neft gəlirlərinin azalması ölkədəki prosesləri təhlükəli məcraya yönəldə bilər. Hələ ötən ilin əvvəlindən prezident İlham Əliyev keçirdiyi müşavirələrdə ölkədəki iqtisadi problemləri ardıcıl sadalayaraq, “artıq hövsələm tükənib” deyərək rüşvətə və digər neqativ hallara son qoymağı tələb edirdi.
Azərbaycanda antikorrupsiya kampaniyasına 2011-ci ilin yanvarında - Yaxın Şərqdə ərəb inqilabları qızışan ərəfədə başlamışdı. Hakimiyyət cəmiyyətin ən çox qıcıq verdiyi, gündəlik həyatında rastlaşdığı korrupsiyaya və rüşvətə qarşı mübarizəyə start verdi. Doğrudur, bu prosesdə iri məmurlar həbs edilmədi. Amma indi neftin qiymətinin yaratdığı böhran təkcə ətraf və ya uzaq ərəb ölkələrində deyil, Azərbaycanın daxilinə yansıdığından bu prosesdə heç kim prezidentin də bildirdiyi kimi toxunulmaz deyil. “MTN işi”, ondan sonra rabitə və informasiya texnologiyaları nazirinin cəzalandırılması da göstərdi ki, bu dəfə iqtidar sahibi kifayət qədər təşkilatlanmış, hakimiyyət qanadlarında inzibati və maliyyə resursları ilə möhkəmlənmiş böyük bir qrupun da “əlini kəsmək” iradəsinin ortaya qoyub.
Eldar Mahmudov çetesinin çöküşü, Əli Abbasovun korrupsiyaya bulaşmış nazirliyindəki həbslər yeni hakimiyyət modelinə qarşı müqavimət göstərənlərə dərs oldu. “Biz korrupsiyaya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün” deyə, prezident son çıxışlarından bildirib.
Məlumata görə, yanvar ayının 1-dən bütün nazirlik və komitələrdə qeyri-rəsmi ödənişlər tam dayandırılıb, Hakimiyyətə yaxın mənbə “Yeni Müsavat”a deyib bu, indiyədək hökumətdə görünməyən miqyaslı bir prosesdir. Söhbət ondan gedir ki, indi cibinə pul qoyub kiminsə kabinetində hər hansı bir işi aşırtmaq, razılaşdırmaq faktiki mümkün deyil. Mənbə iddia edir ki, indilikdə məmurlardan buna kiminsə cəsarət edə biləcəyi də ağlabatan deyil.
“İndi hansısa məmurun qapısına belə niyyətlə getsə belə, bəlkə də həmin adamı həbs etdirərlər. Çünki həssas zaman yetişib və iqtidar komandasında bu məsələdə təşviş aşkar hiss olunmaqdadır” deyə, qaynaq bildirib. O da deyilir ki, bu səbəbdən bəzi oliqarx-məmurlar onlara yaxın iş adamlarına ehtiyatlı olmağı, kimsə ilə bu istiqamətdə “razılaşmaya” getməməyi tapşırıb.
Xəbərlər var ki, 2011-ci ildən fərqli olaraq hakimiyyət bu dəfə antikorrupsiya tədbirlərini kampaniyaya çevirmir, amma bu bəlanın kökünü kəsmək üçün daha səmimi və israrlıdır. İqtidarın “rüşvətə qadağa”sının təbliğata çevirməməsinin bir sıra səbəbləri var. İqtidar hazırda dünya maliyyə institutları ilə danışıqlar aparır ki, indilikdə bunun açıq kampaniya kimi aparılması əngələ çevrilə bilər. Digər tərəfdən, gözü hər iki mənada iqtidarda olan dağınıq müxalifət də bu prosesi hakimiyyətin özünə qarşı çevirə bilər. Daha bir səbəb hətta neft böhranı ilə bağlı vəziyyətdə belə daha çox qazanmaq hərisliyindən əl çəkməyənlərlə bağlı ola bilər. Sirr deyil ki, bu proses iqtidar daxilində müəyyən narazılıq yarada bilər. Qeyri-rəsmi gəlirlərdən və “yağlı büdcədən” əli üzülmüş bəzi məmurlar açıq müqavimətə başlaya, sosial narazılıqları körükləməkdə maraqlı ola bilərlər. Bu səbəbdən də onları daha çox qorxutmamaq, mediada küncə sıxmamaq üçün proses daxildə, KİV-lərə sızmaması üçün yarı-məxfi aparılır.
Xəbəri “Yeni Müsavat”a şərh edən siyasi ekspert deyib ki, antikorrupsiya tədbirləri indilikdə hakimiyyətin iqtisadi islahatlar istəyi qədər əhəmiyyətlidir. “Komandada korrupsiya yığışdırılmasa, iqtisadi islahatların heç bir effekti olmayacaq. Bu, indilikdə həm də riskli prosesdir, amma bundan daha risklisi xalqla üz-üzə qalmaqdır. Bunu isə İlham Əliyev hələ də gözü doymayan məmurlardan yaxşı bilir” - deyə, ekspert bildirib.
AzerTaym.az