Başlandı...iqtidar komandasına gənclər gəlir

Başlandı...iqtidar komandasına gənclər gəlir

Dövlət başçısından məmurlara “stresə hazır olun” mesajı; Prezident 38 yaşlı Ramin Quluzadəni rabitə və yüksək texnologiyalar naziri əvəzi təyin etdi; 2012-ci ildə müəyyən səbəblərdən ertələnən iki proses indi paralel olaraq aparılır: harınlamış nazirləri cəzalandırılır, təyinatlarda gənc kadrlara üstünlük verilir... 

 

 
Oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra prezident İlham Əliyevin hakim komandaya “əl gəzdirəcəyi”, tədricən yeni dövrün tələblərinə uyğun gənc kadrları önə çəkəcəyi gözlənilirdi. Əslində komandanın gəncləşməsi prosesi 2012-ci ilin sentyabr ayında başlamışdı. 
Xatırlayırsızsa, həmin dönəmdə prezident üç gənc kadrı vəzifəyə təyin etdi. Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fərhad Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, İnam Kərimov isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“Asan Xidmət”) sədr təyin olundu. (Sonradan müəyyən səbəblərdən E.İsgəndərov işini itirdi). 
Xaricdə təhsil almış, bir neçə xarici dil bilən, ənənəvi hakimiyyət regionundan olmayan şəxslərin önə çəkilməsi yeni siyasi kurs hesab oluna bilərdi. Bu dəyişikliklərin 2013-cü ilin prezident seçkilərindən sonra daha da genişlənməsi proqnozlaşdırılırdı. Amma o zaman yalnız iki nazir postu ilə vidalaşdı. Məlumatlar vardı ki, hakimiyyət strateqləri oliqarxiyanın kök saldığı və inhisara alınmış iqtisadi sahədə kadr islahatlarını “müvafiq zaman” yetişənə qədər təxirə salmağı uyğun bildiyindən proses səngidi. Çünki bu sahədə radikal dəyişiklik oliqarxiyanı qorxuda və hökumət daxilində destabilizasiya yarada bilərdi.  
O da bildirilirdi ki, gənc kadrların vəzifə təyinatları iqtidar daxilində narahatlıqlar yaradıb. Bir çox “qoca məmurlar” bu dalğanın böyüyəcəyindən və enində-sonunda onların mövqeyinə sarsıdıcı zərbə vuracağından əndişələnib və müəyyən müqavimət də var.    
Bu ilin əvvəlindən başlayaraq isə prezidentin keçirdiyi bütün müşavirələrdə “hövsələm tükənib” kimi ifadələrlə  ayrı-ayrı nazirliklərin rəhbərlərini sərt tənqid etməsi komandada gözlənilən dəyişikliklərin artıq zamanının çatdığına işarə idi. 
Aydındır ki, iqtidarda ciddi kadr dəyişikliyinin müəyyən riskləri həmişə olub və yenə də var. Çünki illərdir vəzifə başında olan məmurlar hakimiyyət daxilində “kök sala” bilib və bu kimi dəyişikliyə qarşı təşkilatlana və  müqavimət göstərə də bilirlər. Təsadüfi deyil ki, Eldar Mahmudov çetesinin ifşasından sonra məlum oldu ki, “təmizlənmə” təkcə MTN-də deyil, generalitetin “kök atdığı” digər dövlət strukturlarında da aparılmalıdır. Ancaq bütün ehtiyatlılığa rəğmən hakimiyyət daxilində ciddi bir islahat, kadr yenilənməsinin düyməsinə basılıb. 
E.Mahmudovun işdən uzaqlaşdırılmasına dair rusiyalı ekspertlərdən birinin rəyini xatırlamaq  yerinə düşər:“Bu, onun əlamətidir ki, ola bilsin İlham Əliyev köhnədən qalma məmurları və Heydər Əliyev dövrünün administrasiyasını tədricən hansısa yeni fiqurlarla əvəzləyib dəyişmək, komandasını yeniləmək barədə düşünür”.    
Noyabrın 25-də prezident Ramin Quluzadəni rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib. “Trend”in məlumatına görə, R.Quluzadə elə həmin gün nazirliyin kollektivinə təqdim edilib. Yeni nazir müavini 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. 
Məlumata görə, Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər Departamentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.
Ramin Quluzadə prezidentin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Beləliklə, boş qalmış nazir postu  38 yaşlı R.Quluzadəyə həvalə olunub.
Qeyd edək ki, Əli Abbasovdan sonra rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini İltimas Məmmədov icra edirdi.  
Göründüyü kimi, 2012-ci ildə müəyyən səbəblərdən ertələnən iki proses indi paralel olaraq aparılır. Dövlət başçısı həm komandasında harınlamış nazirləri cəzalandırır, həm də təyinatlarda gənc kadrlara üstünlük verir. Prezidentin noyabrın 24-də Milli Məclisin iclasındakı çıxışında da yenə məmurlara ünvanlanmış mesajlar yer alıb. 
Dövlət başçısı deyib ki, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndiriləcək, xüsusilə korrupsiyaya və rüşvətxorluğa qarşı cəza tədbirləri davam etdiriləcək. Neftin qiymətinin düşməsi ilə yeni bir mərhələnin başlandığını xatırladan İ.Əliyev  “bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik” deyib.  
 
Ölkə başçısının mesajlarından çıxan nəticə həm də odur ki, yeni dövr üçün ciddi siyasi, sosial və iqtisadi islahatlarla bərabər məmurlar həm də “streslərə” hazır olmalıdır.  
Odur ki, siyasi komanda parlament seçkilərindən dərhal sonra daha kardinal dəyişikliyə hazır olmalıdır.
“Yeni Müsavat”

 






Fikirlər