İLHAM ƏLİYEVİN açdığı dəhliz Türkiyə nəqliyyatçılarını Xİlas Edir

Azərbaycan prezidenti İlham Əliyevin “İpək yolu” nəqliyyat dəhlizi ilə yükdaşımaların asanlaşdırılmasına yönələn qərarları ölkəmiz üzərindən beynəlxalq tranzit yükdaşımalarını artırmaqla yanaşı Türkiyə nəqliyyatçılarını da batmaqdan xilas edib.

 AzerTaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) idarə heyətinin rəhbəri Çetin HuhoğluRusiyanın qapıları bağlamasından sonra yükdaşıma sektorunun tamamilə müflis olmaq təhlükəsi qarşısında qaldığını, ancaq Azərbaycanın qısa zamanda gördüyü tədbirlər sayəsində alternativ dəhlizin açıldığını deyib.

 

UND rəhbəri bildirib ki, belə vəziyyətdə yükdaşıyanlar Orta Asiyaya çatmaq üçün tək alternativ olan, Azərbaycandan və Xəzər dənizi üzərindən keçən dəhlizdən istifadə etməyə başlayıblar. Nuhoğlu hazırda Orta Asiyaya gedən yüklərin Bakı limanından Azərbaycana və Türkmənistana aid Ro-Ro tipli gəmi-bərələrlə dənizin o tayına daşındığını deyib.

Nuhoğlu qeyd edib ki, Rusiyanın türk TIR-larını sərhəd qapılarında saxlamasından sonra Azərbaycan bu dəhlizdən istifadəni asanlaşdıran sürətli qərarlar qəbul edib və qapılarə Türkiyə yükdaşıyanlarına açıb. “Biz Azərbaycan üzərindən Qazaxıstana keçə bilmirdik. Marşrutda dəyişiklik edilməsi tələb olunurdu. Azərbaycan bunu çox sürətli şəkildə həyata keçirdi. Hazırda Azərbaycan və Qazaxıstan üzərindən yeni dəhliz açılıb. Bakıdan həm Türkmənistana, həm Qazaxıstana Ro-Ro tipli gəmi-bərələrlə keçə bilirik”-Nuhoğlu deyib.

Çetin Nuhoğlu “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib ki, Rusiyanın Orta Asiyaya yük daşıyan türk nəqliyyatçılarına qapıları bağlamasından sonra Türkiyə istehsalı olan ixrac mallarını daşıyan, istər türk, istər xarici dövlət nömrə nişanlı TIR-ların sürücülərinə viza verilməsi dayandırılıb. UND rəhbərinin bildirdiyinə görə, yanvarın 1-dən etibarən Rusiya Türkiyə vətəndaşlarına viza rejimini bərpa edib, ancaq türk TIR sürücülərinin viza almaq barədə müraciətləri rədd edilir. Nəticədə Rusiya üzərindən ildə 10 min tranzit keçid həyata keçirən Türkiyə yükdaşıma şirkətləri təhdid altına düşüb.   

Onun sözlərinə görə, Rusiyanın sanksiyaları nəticəsində Türkiyənin yükdaşıma sektorunda 30 faiz azalma gözlənilir. Rusiya Türkiyə TIR-larına kvotaya görə 9 min TIR-Carnet sənədi verməli olduğu halda bu rəqəmi 2 minə qədər azaldıb, üstəlik onun yarısını verməkdən imtina edir. Nuhoğlu ilin əvvəlindən bəri Türkiyə TIR-larına belə tranzit keçid sənədinin verilmədiyini deyib.

UND rəhbəri bildirib ki, Azərbaycan üzərindən keçən dəhliz Rusiyadan keçən dəhlizə nisbətən daha qısadır. “Hazırda Orta Asiyaya yükləri Azərbaycan üzərindən Rusiya dəhlizi ilə eyni qiymətə daşıyırıq. Məsafə daha qısa olmaqla yanaşı bərə səfərlərinin intensivliyi artdıqca və yeni sistem tam yerinə oturandan sonra daşıma xərcləri daha da azalacaq. Başqa sözlə, Orta Asiyaya daha qısa yolla və daha ucuz çata biləcəyik. Orta Asiyaya çatmaq məsələsində Türkiyə yükdaşıyanları olaraq Rusiyaya möhtac qalmadıq”,-Nuhoğlu bildirib.






Fikirlər