ÜÇ İCRA başçısından sonra İŞDƏN qovulacaq RAYON rəhbərlərinin ŞOK siyahısı

 Üç icra başçısından sonra işdən qovulacaq rayon rəhbərlərinin şok siyahısı

Prezidentin növbəti günlərdə daha bir neçə başçı haqda sərəncam imzalayacağı gözlənilir; iqtidar xalqla kobud davranan, mərkəzi hakimiyyətin tapşırıqlarını sabotaj edən məmurlarla vidalaşmaq qərarına gəlib 

 

 
Azərbaycan prezidentinin martın 3-ü və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəzifələrindən azad edildilər. Ölkə başçısının iki gün ərzində verdiyi sərəncamlar ciddi müzakirələrə səbəb olub.
Məsələyə ekspertlərin ikili baxışı formalaşıb. Bir qisim hesab edir ki, hakimiyyət siyasi islahatlara, kadr dəyişikliklərinə start verib. Digər bir qisim iddia edir ki, iqtidar xalq arasında etimadını itirmiş icra başçılarını vəzifədən çıxarmaqla ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır. 
Bu fikirlərdə müəyyən qədər həqiqətlər var. Belə ki, zaman-zaman hər üç icra başçısı barəsində ictimaiyyət arasında çoxsaylı tənqidi fikirlər səslənib. Yanvar ayında rayonlarda sosial tələblərlə başlayan aksiyalara bəzi Cəbrayıl sakinləri də qoşuldu. Rayonun icra başçısı Mahmud Quliyevin həmin aksiya zamanı vətəndaşları təhqir etməsi ölkədə ciddi rezonans doğurdu. Sözügedən səhnənin sosial şəbəkədə, ardınca isə saytlarda yayılması M.Quliyevi hətta iqtidar deputatlarının qınağına tuş etdi. 
Görünür, M.Quliyev bu ehtiyatsız ifadələrin güdazına gedib. Sosial tələblərlə aksiya keçirən vətəndaşların qəzəbini yumşaltmaq əvəzinə, sabiq başçı tam əksini etdi - vətəndaşı söyüb təhqir etdi. Bunun daha ağır nəticəsi ola bilərdi. Ortada örnək var - Quba və İsmayıllı hadisələri məhz icra başçısının və onun qardaşı oğlunun əhalini söyməsi ilə başlamışdı... 
Salyanın icra başçısı Tahir Kərimovun da adı çoxdan qara siyahıya düşmüşdü. Onun Salyanda vətəndaşlarla kobud rəftarı, yerli iş adamlarını incitməsi mediada tez-tez xəbər formasında ictimailəşirdi. Bu yaxınlarda T.Kərimovun sosial şəbəkələrdə bir fotosu yayılmışdı. Orta məktəb şagirdləri onun başının üzərində gül tutur və icra başçısı o çələngin altından keçir... Bəlkə də bu foto T.Kərimovun işdən çıxarılmasına bir bəhanə olub.
 
Salyandan seçilən iqtidaryönlü deputat Fəzail Ağamalı ölkə başçısının ötən ilin sentyabrından başlayaraq, sistemli islahatlara önəm verdiyini bildirdi: “İdarəetmə sahəsində bu cür islahatlar davam edəcək. Potensialı tükənən, ölkə başçısının çağırışlarına cavab verməyən, sözün həqiqi mənasında xalqa və dövlətə sədaqətlə xidmət etməyən, imkanları məhdudlaşan şəxslər idarəçilik sistemindən uzaqlaşdırılacaq. Onlar daha üstün keyfiyyətlərə malik olan kadrlarla əvəz olunacaqlar. Bu cür prinsiplərlə ölkə prezidentinin fəaliyyəti davam edir. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
 
 
Politoloq Qabil Hüseynli ölkədə ən ciddi narazılığın icra başçılarından olduğunu söylədi: “İcra başçıları rayonlarda elə mühit yaradıblar ki, nə əhalinin zəruri yaşayış səviyyəsinə imkan verirlər, nə şikayətlərinə baxırlar, nə də quruculuq işləri ilə məşğul olurlar. Ölkə prezidenti icra başçılarına rayonlarda kiçik sənaye müəssisələrinin yaradılması ilə bağlı tapşırıq verib. Amma indiki icra başçılarının belə potensiallarının olduğunu düşünmürəm. Onların maddi imkanları çox olsa da, vətənpərvərlik hissləri az olduğuna görə belə addımlar atmırlar. Hazırda ölkədə struktur islahatları aparılır. Bununla paralel kadr islahatları da gedir. Bunu siyasi islahatlar kimi də qəbul etmək olar. Amma bir şərtlə ki, onların yerinə gətirilən şəxslər ciddi surətdə ölçüb-biçilməlidirlər. Onların savadlı, vətənpərvər əhval-ruhiyyədə olan şəxslər olmalarını dərindən öyrənmək lazımdır. Çünki əvvəlkilərin yol verdikləri nöqsanlar təkrar olunmamalıdır. Vəzifəyə təyin olunan şəxsin üzərində ciddi nəzarət olmalıdır”.
Politoloq çıxarılan icra başçılarının xalq arasında nüfuzlarını tamam itirdiklərini qeyd etdi: “Bu icra başçıları xalq arasında sevilmirdilər. Cəbrayılın icra başçısının söyüş videosu, çıxarılandan sonra mətbuata verdiyi açıqlamalardan görürsən ki, bu şəxs adekvat deyil. Böyük bir vəzifə sahibi öz vətəndaşı ilə söyüşlə danışır. Mən düşünürəm ki, bu cür kadrların vəzifələrindən çıxarılmalarında xalqın əhval-ruhiyyəsini tənzimləmək elementləri var. Xalqın sevmədiyi şəxsləri çıxarmaq vətəndaşın arzularını yerinə yetirmək deməkdir. Ona görə də bu sərəncamlar cəmiyyətin əhval-ruhiyyəsinə təsir edən amillər kimi qəbul edilməlidir. Proses davam etsə, düşünürəm ki, cəmiyyət bunu razılıqla qarşılayacaq”.
Bəs proses davam edəcəkmi? Prezident İlham Əliyev xalqın qəzəbini, narazılığını qazanmış başqa icra başçılarını da işdən qovacaqmı? 
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, daha bir neçə icra başçısı bugünlərdə vəzifədən çıxarılacaq. Bu sırada ilk adları gələn İH başçıları aşağıdakılardı. Binəqədinin İH başçısı Xaləddin İsgəndərov, Şirvanın İH başçısı Mərdan Camalov, Kürdəmirin İH başçısı Ceyhun Cəfərov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Lənkəranın İH başçısı Taleh Qaraşov, Masallı RİH başçısı  Rafil Hüseynov. Siyahı uzana da bilər, bəzi istisnalar da mümkündür... 

 






Fikirlər