DAHA HANSI iCRA BAŞÇILARI HƏDƏFDƏDİR? – SİYAHI
Qoca Səmədov, Eyvaz Hüseynov, Niyazi Bayramov, Məhərrəm Quliyev, habelə Adil Məmmədovun yaxın günlərdə işdən çıxarılacağı qeyd edilir AzerTaym.az
Prezident İlham Əliyev dünən sərəncam imzalayaraq iki rayonun icra başçısını vəzifəsindən azad edib. Laçının icra başçısı Akif Səlimov və Cəbrayılın icra başçısı Mahmud Quliyevin işdən çıxarılmasının səbəbini isə Prezident Administrasiyası maraqlı bir şəkildə ifadə edib. Administrasiyanın ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyev vurğulayıb ki, Səlimovla Quliyevin işdən çıxarılmasının səbəbi tutduqları vəzifələrindən sui-istifadə etmələri, əhali ilə normal şəkildə davranmamaları, habelə tənqidə dözümsüz yanaşmaları olub. Üstəlik, onların dövlət başçısının etimadını itirdiklərini də ifadə edib. Lakin günün əsas suallarından biri də budur ki, sözügedən rayon rəhbərlərindən sonra, hansı icra başçıları görəvlərindən alınacaq. Bununla bağlı yayılan məlumatlar isə kifayət qədər maraqlıdır. Qeyd edilir ki, yaxın günlər üçün işdən azad edilməsi nəzərdə tutulan icra başçılarından biri Yevlaxın rəhbəri Qoca Səmədovdur. Mənbə iddia edir ki, sözügedən şəxsin əsas problemi idarəçilik prinsiplərinə yad olan addımlar atması, çoxsaylı problemlər yaratmasıdır. Bir digər icra başçısı isə Kəlbəcərin icra başçısı Adil Məmmədovdur. Məlumatda vurğulanır ki, əhalisi pərən-pərən düşmüş bu rayonun rəhbərindən edilən şikayətlərin sayıb-hesabı yoxdur. Əsas məsələ də əhali ilə normal münasibətlərin qurulmaması, habelə onların haqlı etirazlarına rəğmən, hər hansı bir addımın atılmamasıdır. Eyvaz Hüseynovu da eyni aqibətin gözlədiyi deyilir. Bildirilir ki, Xocavəndin icra başçısı rayon sakinlərinin problemlərini həll etməməklə yanaşı, onlarla görüşlər də keçirmir. Rayonun çox az sayda əhalisi olmasına rəğmən, onun belə davranması hakimiyyət dairələrində narazılıq yaradıb. Hətta onun bir neçə dəfə hərəkətlərinə görə, tənqid olunduğu da vurğulanır. Mingəçevirin icra başçısı Niyazi Bayramov və Ağstafanın icra başçısı Məhərrəm Quliyev isə son günlər qalmaqallı hərəkətləri ilə gündəmə gəldikləri üçün «qara siyahı»da yer alıblar. Belə ki, hər iki icra başçısı idarə etdikləri avtomobillərini yüksək sürətlə sürdüklərindən dolayı tənqid ediliblər. Onların təkəbbürlülük etdikləri, saymazyanalıq, qanunlara hörmətsizlik və insanlarda qıcıq yaradacaq hərəkətlərə yol verdikləri vurğulanır.\xəbərler24\