17.09.2014- Hansı icra başçıları "vurulacaq"?

17.09.2014- Hansı icra başçıları "vurulacaq"?Yaxın günlərdə bir sıra rayonların icra başçıları vəzifələrindən uzaqlaşdırılacaq.
Bununla bağlı qəzetimizə daxil olan informasiyaya görə, siyahıda bir neçə rayonun icra strukturunun rəhbərinin adı var.

Həmin məmurların tutduqları postlarda çalışdıqları müddətdə onlara edilən etimadları kifayət qədər doğrultmamaları, vətəndaşların şikayət və ərizələrinin sayının çoxalması, bir sıra rayonların sosial problemlərinin həll edilməməsi icra başçılarının adlarının vəzifələrindən kənarlaşdırılacaq şəxslərin siyahısına düşməsinə səbəb olub


"Gündəlik Bakı"nı məlumatlandıran şəxsin sözlərinə görə, vəzifələrindən uzaqlaşdırılacaq məmurlar Bakının Xətai, Səbail, Nəsimi, habelə Göyçay, Gədəbəy, Neftçala, Quba, Cəlilabad, Cəbrayıl, Yevlax, Zərdabın icra hakimiyyətinin başçılarıdır. Xətai rayonunun icra başçısı Razim Məmmədov, Səbailin icra başçısı Asif Əsgərov, Göyçayın icra strukturunun rəhbəri Mənsur Məmmədov, Qubanın barəsində saysız-hesabsız qalmaqallı xəbərlər dolaşan icra rəhbəri Mübariz Ağayev, Zərdabın icra orqanının başçısı Lütvəli Babayev, Cəlilabadın icra hakimiyyətinin başçısı Əziz Əzizov, Cəbrayılın icra rəhbəri Mahmud Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Gədəbəydə sahibkarlara zülm yaşadan, sakinlərin dəfələrlə fəaliyyətindən Prezident Administrasiyasına şikayət məktubu göndərdikləri Ramiz Yediyarov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, ağacların yaşıllıqların nadir növlərinin kəsildiyi Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifələrindən kənarlaşdırılacaqlar. Əldə etdiyimiz xəbərlərdə qeyd olunur ki, bu icra başçıları bir daha heç vaxt hər hansı vəzifəyə təyinat almayacaqlar. Qəzetimizi bilgiləndirən mənbə qeyd etdi ki, bu siyahıda Bakının Nəsimi, Xətai, habelə Quba, Zərdab rayonlarının icra başçılarının adları ön sırada gəlir.

Xətai rayonunda günü-gündən artan narazılıqlara biganə münasibətin əsas səbəbi icra başçısının başının bir sıra məsələlərə qarışmasıdır. Buna görə də Razim Məmmədovun vəzifəsindən kənarlaşdırılacağı gözlənilir: "Bir neçə həftə bundan əvvəl Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Heydər Əliyev Fondundan kütləvi informasiya vasitələrinə verilən məlumata görə, mətbuatda Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə dərc olunan informasiya araşdırılarkən yazılanların həqiqətə uyğun olduğu üzə çıxdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə oldular. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dərhal dayandırıldı. Dövlət nümayəndələri də ərazidə oldular. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanıldı".

Mənbəmiz bildirdi ki, bu fakt Nəsib Məhəməliyevin karyerasının sonunu gətirə bilər: "Eləcə də Qubanın icra başçısı Mübariz Ağayevin də Adı vəzifəsindən kənarlaşdırılacaq məmurların siyahısında ön sırada gedir. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl Quba Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin oğlu "Atlant" istirahət kompleksində atəş açdı. Məlumata görə, məmur oğlu istirahət mərkəzinə qızlarla getmişdi. Orada hələlik bəlli olmayan səbəblərdən münaqişə yaranıb. Mübariz Ağayevin oğlu havaya atəş açmağa başlayıb".

Qeyd edək ki, Mübariz Ağayev nəqliyyat naziri Ziya Məmmədovun dostlarından biridir. Mənbəmiz bildirdi ki, Mübariz Ağayevin oğlunun "Atlant" istirahət kompleksində atəş açması xəbərinin ardından Quba Rayon İcra Hakimiyyətinin başçısının öz iş otağında güllələnməsi xəbəri bu məmurun reputasiyasına ciddi zərbə vurub. Qəzetimizə eksklüziv olaraq verilən xəbərdə bildirilir ki, bu hadisə ciddi-cəhdlə gizlədilsə də, hadisəni ictimaiyyətdən gizlətmək mümkün olmayıb. Bir sıra kütləvi İnformasiya Vasitələrinin bu xəbərdən gec xəbər tutmasına da məhz bu məsələ səbəb olub. Lakin "Gündəlik Bakı" olaraq biz həmin xəbəri oxucularımıza çatdırdıq. Bizə çatan məlumatda isə bildirilir ki, bu olayı nə qədər gizli saxlasalar da, bir sıra telekanalların bölgə müxbirlərinin həmin hadisədən xəbəri olub və həmin televiziyaların rəhbərlərinə bəzi dairələrdən edilən zəngdən sonra onlar da bu xəbəri ictimaiyyətdən gizli saxlamağa üstünlük veriblər.

Hadisənin təfərrüatı haqqında danışan mənbəmiz bildirdi ki, əslində Mübariz Ağayev elə həmin hadisənin səhəri günü vəzifəsindən kənarlaşdırılmalıymış. Lakin adlarını sadaladıqlarımız digər rayonların rəhbərlərindən də şikayətlərin çoxalması bu prosesi yubadıb: "Deyilənə görə, nəqliyyat naziri Ziya Məmmədova yaxın və onun kadrı olan icra başçısını əslən Qubadan olan sabiq məmurlardan birinin yeznəsinin atəş açdığı bildirilir. Həmin məmurun vəzifədə çalışdığı dövrdə kifayət qədər torpaq sahəsinə və daşınmaz əmlaka sahib olan yeznə, qohumu öz postundan çıxarılandan sonra icra başçısının gözümçıxdısı ilə qarşılaşıb". Bildirilir ki, İH başçısı sabiq nazirin artıq nüfuzdan düşərək keçmiş məmurun qohumunun sahib olduğu əmlakı onun əlindən almağa qərar verib. Var-dövlət, sərvət üstündə aylarla davam edən mübahisə sonda qan tökülməsi ilə nəticələnib. Yəni artıq təzyiq və təqiblərə tab gətirməyən sabiq nazirin yeznəsi, bizə bildirildiyi kimi, icra başçısının kabinetinə girərək problemi silahla həll etmək yolunu seçib. Bildirilir ki, başçıya tərəf bir neçə güllə atan şəxs kabineti tərk edib. 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalış an Mübariz Ağayev 2012-ci ildə Quba Rayon İcra Hakimiyyətinin vəzifəsinə təyin edildikdən sonra onun karyerasında tənəzzül başlayıb. Buna səbəb Mübariz Ağayev və oğlu ilə bağlı məlumatların yayılması, habelə bu məmurun fəaliyyətinin Quba sakinləri tərəfindən narazılıqla qarşılanmasıdır. Məhz həmin səbəbdən Mübariz Ağayev də digər məmurlarla birlikdə yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacaq.


(GündəlikBakı.com)






Fikirlər