YENİ SİYASƏT yaranır: çox AZ QALIB - POLİTİKA

 

Yeni dünya nizamının ortaya çıxmasına çox az qalıb. Yeni nizamın alacağı formanı isə iki əsas amil müəyyənləşdirəcək: qloballaşma və rəqəmsallaşdırma.

Qloballaşma hələ tam sənayeləşməmiş ölkələrə sənayeləşmədən faydalanmaq və qlobal bazarlara çıxmaq imkanı verir - bir sözlə, qloballaşma qlobal əmək bölgüsünə yeni tərif vermiş və dəyər zəncirlərini dəyişdirmiş bir cərəyandır. Rəqəmsal kommunikasiya texnologiyasında inqilab da bu dəyişikliyi dəstəkləyib.

Sözsüz ki, rəqəmsallaşmanın təsirləri təkcə iqtisadiyyatda özünü göstərmir; hətta uzaq regionlarda yaşayan sıravi vətəndaşlara dünyanın hər yerindən informasiya və ideyalar əldə etmək imkanı verilməsi sayəsində bir çox mədəni maneələr aradan qaldırılıb. Qloballaşmanın imkan verdiyi iqtisadi inkişaf gəlirləri artırmağa davam etdiyindən bu mədəni inteqrasiya, heç şübhəsiz, getdikcə böyüyən və daha da tələbkar olan orta sinfin siyasi məsələlərdə daha çox iştirak etməsinə yol açacaq. Bu cərəyan artıq dövlətin daxili nəzarət və idarəetmə cəhdlərini çətinləşdirir.

Ancaq qlobal iqtisadi güc tarazlığı baxımından qloballaşma və rəqəmsallaşmanın təsirləri haqqında proqnoz vermək hələ də çətindir. Bu cərəyanlar bəzi inkişaf etməkdə olan ölkələrin iqtisadi yüksəlişinə təkan versə də, Qərb, xüsusilə də, ABŞ texnoloji və innovativ üstünlüyü əlində saxlayır. Amerika əsas kapitalı və dinamik biznes mədəniyyəti ilə birləşən texnoloji üstünlüyü ilə son nəticədə qlobal mövqeyini gücləndirə bilər.

Ancaq Çin və Hindistan kimi iqtisadiyyatları inkişaf etməkdə olan böyük ölkələrin innovasiyanı genişləndirmək üçün gərgin çalışmaları, eyni zamanda da texnoloji yeniliklərdən faydalanmaları ilə davam edən qloballaşma və rəqəmsallaşma Qərb üstünlüyünün zəifləməsinə səbəb ola bilər. Bu ölkələrin artıq öz yerini tutmuş qüvvələrə qarşı müvəffəqiyyətli olub-olmayacağını isə yalnız zaman göstərəcək.

ABŞ (müəyyən dərəcədə Qərbi Avropa da) rəqabət üstünlüyünü saxlasa da, ikinci dünya müharibəsindən və Sovet İttifaqının dağılmasından bu yana sahib olduğu qlobal geosiyasi idarəni əlində tutması ehtimalı çox aşağıdır. Düzdür, ABŞ hərbi, siyasi, iqtisadi, texnoloji və mədəni sahələrdə üstünlüyünü qoruyur, ancaq qlobal üstünlüyü artıq çoxdan əlindən çıxıb.

Reallıq belədir ki, Amerikanın qlobal geosiyasi üstünlüyü heç uzun sürmədi. ABŞ daha zəif, ancaq qarşısı alınması mümkün olmayan rəqiblərə qarşı bir sıra müharibələrdə məğlub olduqdan sonra içinə qapandı. Geridə qoyduğu boşluq nəticəsində Yaxın Şərq, Ukrayna, Cənubi və Şərqi Çin dənizlərində regional böhranlar başladı, qeyri-stabillik və nizamsızlıq gücləndi.

İndi isə əsas sual belədir: Amerika sülhünü (Pax Americana) nə əvəzləyəcək? Bir ehtimal Sənaye İnqilabından əvvəl mövcud olmuş mərkəzsiz nizama qayıdışdır. Həmin dövrdə Çin və Hindistan dünyanın ən böyük iqtisadiyyatına malik iki ölkə idi. Belə ki, onların bu əsrdə həmin statusu yenidən qazanmaları gözlənilir. Bu statusu əldə etdikdən sonra XIX əsrdə Avropaya məxsus güc balansı sisteminə bənzər bir sistem yaratmaq üçün ənənəvi qüvvələrə, yəni ABŞ və Avropa, eləcə də, Rusiyaya qoşula bilərlər.

Ancaq bu ölkələrin əksəriyyətinin qlobal liderlik rolu daşıma potensialları ilə bağlı ciddi narahatlıq var. İndiyə qədər görünməmiş çətinliklərlə üzləşən Avropa İttifaqının gələcəyi haqqında proqnoz vermək qeyri-mümkündür. Rusiyanın gələcəyi daha da qeyri-müəyyəndir; Rusiya indiyə qədər əlindən çıxan imperiyası ilə bağlı xəyali problemlərdən hələ də qurtula bilməyib. Hindistanın beynəlxalq səviyyədə mühüm rol oynamaq potensialı olsa da, bunu etmək üçün kifayət qədər stabil və firavan olmasına hələ çox var.

Geriyə yalnız ABŞ və Çin qalır. Bir çoxları Çinin Sovet İttifaqını əvəzləyib Amerikanın rəqibi olması ilə yeni ikiqütblü dünya nizamının, hətta yeni bir soyuq müharibənin çıxmasını gözləyirdi. Ancaq bu ehtimalın gerçəkləşməsi də mümkün görünmür, çünki ABŞ və Çin ortaq maraqlarına zərər verəcək münaqişə və rəqabətə imkan verə bilməz.

İndiki şəraitdə Çin Amerikanın dövlət borcunu maliyyələşdirir və bir baxıma onun qlobal üstünlüyünü saxlamasına yardım edir. Çin də öz növbəsində ABŞ bazarlarına giriş olmadan sürətli iqtisadi inkişaf və müasirləşməyə nail ola bilməzdi. Sadə dillə desək, ABŞ və Çin bir-birindən asılıdır.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, yeni dünya nizamının yalnız xaricdən soyuq müharibənin ikiqütblü nizamına bənzəməsi ehtimalı yüksəkdir. Daxildə isə yeni nizam ortaq maraqlar naminə qarşılıqlı məsuliyyət və öhdəliklə xarakterizə olunacaq.

G-7 məhv olmaqda olan nizamı təmsil edir. Artıq G-2 üçün hazırlaşmağın vaxtıdır.






Fikirlər