Tofiq YAQUBLU: “AXCP və MÜSAVAT arasındakı buzu əritməyə çalışacam”

Tofiq Yaqublu: “AXCP və Müsavat arasındakı buzu əritməyə çalışacam”

Müsavat Partiyasının həbsdən çıxan başqan müavini Tofiq Yaqublu: “Qışın günündə qarın içində başmaqla gəzən məhbuslar var”

 

43 dəfədən çox həbs olunsa da, ömrünün ən uzun həbsini bu dəfə yaşayıb. Həbsxanada məhbuslara ingilis dili öyrətmək istəyib, amma onlar üçün ərizə-müraciət yazmaqla kifayətlənməli olub.
Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna həbsxanadan, azadlığa çıxandan sonra gördüklərindən danışır:
– Məni şəhər infrastrukturu çox maraqlandırır. Ona görə də azadlığa çıxan kimi ilk şəhərə diqqət yetirdim. Düzdü, bizi gecə gətirdilər, amma yenə də şəhərin mərkəzi ilə kənarı arasındakı ciddi fərqləri gördüm. Mərkəzi nə qədər bəzəyirlərsə, kənarlar o qədər diqqətdən kənarda qalıb. Xaricilərə göstərmək üçün mərkəzi düzəldiblər, amma digər yerlər yenə də uçulub tökülüb, yollar bərbad. Bakı elə həmənki Bakı idi. Amma internet texnologiyasında xeyli yeniliklər var. Üstəlik, sosial şəbəkələrdə gənclər daha fəaldırlar. Küçələrdə görünməsə də, sosial şəbəkələrdə bunu görmək olur.
– Deyirlər, Azərbaycanda aksiyalar, mitinqlər “Facebook”da başlayıb, orada da bitir.
– Təəssüf ki, belədir. Həbsimizdən qabaq da belə idi, indi də. Ancaq tam əminəm ki, günlərin birində camaat ayağa qalxacaq və bu aksiyalar artım istiqamətində gedəcək. Əliyevlər rejimi güclü deyil, cəmiyyətin müqaviməti zəifdir.
– Tofiq bəy, həbsxanada digər məhbusların siyasi-ictimai fəallığı olan məhbuslara münasibəti necə idi?
– Orda xoşumuza gələn o idi ki, nə cür cinayət törətməsindən asılı olmayaraq, bütün məhbuslar siyasilərə böyük hörmət göstərirdi, hətta savadsızlar da. Cinayət törədənlər arasında da istintaq, məhkəmə zamanı qanunsuzluqlara üzləşənləri də var idi. Onlar bilirdilər ki, müxalifətçilər, siyasilər qanunun aliliyi, demokratik dövlət uğrunda mübarizə aparırdılar. Baxmayaraq ki, siyasi məhbuslar bir oturub-dururduq, bəzən onlardan da bizə yaxınlaşıb müəyyən xahiş edənlər olurdu.
– Sizdən nə istəyirdilər?
– Şikayət, ölkə başçısına və ya Heydər Əliyev Fondunun prezidentinə məktub yazmağımızı istəyirdilər. Çünki orda kimə yazdırsaydılar, bunun müqabilində “şirinlik” verməliydilər. Biz isə təmənnasız edirdik.

“Elə məhbus vardı ki, saatı deyə bilmirdi”

– Həbsdə olan ictimai fəallardan biri demişdi ki, həbsxanada bəzi savadsız məhbuslara yazıb-oxumaq öyrədib.
– Orda elə adamlar var ki, saatın siferblatını oxuya bilmirdilər, adını belə oxuya bilmirdilər və belələri çox idi. Eləsi vardı, ingilis dili öyrənmək istəyirdi, düşüb, həbsxanadadır, vaxtını dəyərləndirmək istəyir. Anar Məmmədli də (QHT rəhbəri, o da əfv sərəncamı ilə buraxılanlar arasındadır –red.) 13 saylı cəzaçəkmə müəssisəsinə gələndən sonra arzu edən məhbuslara ingilis dili dərsi öyrətmək istədik. Ancaq həbsxana rəhbərliyi buna imkan vermədi. Məhbuslara bizə yaxın gəlmək, uzunmüddətli ünsiyyətdə olmaq qadağan edilmişdi. Təbii ki, qeyri-rəsmi. Çünki ətrafımızda adamların olmasını istəmirdilər, müxalifətə rəğbətin artmasından qorxurdular.
AzerTaym.az






Fikirlər