Rüstəm Məmmədov: “Paşinyan torpaqların azad edilməsinə RAZILIQ VERƏCƏK”
Publika.az hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edir: - Rüstəm müəllim, Nikol Paşinyanın baş nazir kimi fəaliyyətinin 100 günü yaxınlaşır. Bu müddətdə Ermənistanın apardığı siyasi xətti, bu ölkədə baş verənləri necə qiymətləndirirsiniz? - Paşinyan tədricən öz yerini möhkəmlədir, rəqiblərini neytrallaşdırıb sıradan çıxarır. Hazırda Ermənistanda bu proses gedir. Məlum olub ki, onun əsas siyasi rəqibləri Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryandır. Məhz bu səbəbdən də Paşinyan sabiq prezidentlərin siyasi kursu altında işləyən, onlara yaxın olan siyasət adamlarını, kadrları bir-bir dənləyərək oyundan çıxarır. Beləcə öz hakimiyyətini gücləndirməyə çalışır. Eyni zamanda Paşinyan tədricən özünün siyasi xəttini göstərməyə başlayıb. O, öz siyasi xəttində daha çox Qərbə üstünlük verdiyini, ora doğru istiqamətləndiyini nümayiş etdirir. Bu isə Ermənistan-Rusiya münasibətlərində xeyli narazılıq yaradıb. Bu mənada hesab edirəm ki, Ermənistanın gələcək taleyi çox çətin olacaq. - Ancaq Paşinyan həm də generalları həbs edir... - Bəli. Bu generallar vaxtilə yuxarıda qeyd etdiyim sabiq prezidentlərə yaxın olub, onların dövründə karyera qurub və ya irəliləyib. Bir daha vurğulayım ki, Paşinyan bu kadrların hər birini vurmaq, siyasət meydanından çıxarmağa çalışır. Və bu proses davam edəcək. Paşinyan özünə arxayındır və xalq da arxasındadır. - Ermənistanda həbs edilən şəxslərin Rusiyaya yaxın siyasətçilər, hərbçilər olması düşündürücü deyilmi? - Bu o deməkdir ki, Paşinyan özünün siyasi xəttində Qərbə üstünlük verdiyini nümayiş etdirir. Yeri gəlmişkən, bu yaxınlarda baş tutan Paşinyan-Ter Petrosiyan görüşündə baş nazir öz siyasi xəttini bir daha nümayiş etdirdi. Bu görüş faktiki onun nümayişi idi ki, Paşinyan Qərb dəyərlərini Ermənistana gətirməkdə maraqlıdır. - Ümumiyyətlə, Ermənistanda baş verən proseslərdə Levon Ter petrosiyanın hansısa formada iştirakçılığı varmı? - Məncə, səhnə arxasında Levon Ter Petrosiyan istədiyi dirijorluğu edir. Levon Köçəryan-Sərkisyan siyasi ittifaqını bağışlamayıb. Odur ki, bu işdə məqsədyönlü siyasət aparır, Paşinyana hər cür dəstək verir. - İlkin əlamətlər göstərir ki, Ermənistan-Rusiya münasibətləri kəskin xarakter almağa doğru irəliləyir. Erməni-rus münasibətlərinin perspektivini necə görürsünüz? - Mənim qənaətimcə, Ermənistan Rusiya ilə münasibətləri birdəfəlik kəsməyə hazırlaşır. Bu yaxın gələcəkdə baş verə bilər. - Bunu mümkün hesab edirsiniz? - Fikrimcə, Paşinyan tədricən əhalini buna hazırlayır, insanlara anladır ki, Rusiyanın boyunduruğundan xilas olmaq lazımdır. - Ermənistanın nəqliyyat infrastrukturu, energetika sahəsi, hətta sərhədlərinin qorunması Rusiyanın əlindədir. Ruslar ermənilərə belə bir imkan verərmi? - Sözsüz ki, ruslar bunu bağışlamaz. Amma Paşinyan rusları əlavə siyasi oyuna çəkir. Bu da öz növbəsində Rusiyaya lazım deyil. Çünki Moskvanın Qərblə münasibəti gərilmiş vəziyyətdədir. Odur ki, ruslar bu siyasi oyunda uduza bilər. Belə ehtimal var. - Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğu çox şeydən xəbər vermirmi? - Bu gün hərbi baza var, amma sabah bu hərbi baza ölkədən çıxarıla bilər. - Rusiya politoloqları qeyd edirlər ki, Ermənistana ən tutarlı cavab bu ölkəyə silah satışını dayandırmaq ola bilər. Bunu rusların Ermənistana ciddi təzyiq rıçaqı saymaq olarmı? - Rusiya Ermənistana silah satışını dayandırsa, digər kanallar açacaq. Başqa ölkədə kreditlə silah sata bilər. Mənə elə gəlir ki, Paşinyan Qarabağ məsələsində Azərbaycanın maraqlarına uyğun istiqamətdə fəaliyyət də göstərəcək. Məsələn, İrəvanda Zoya Tadevosyan mətbuat konfransında deyib ki, Azərbaycan torpaqlarını işğal etmişik. Bu faktiki siyasi xəttidir. Paşinyanın siyasi xəttidir. Camaatı başa salır ki, biz işğal etmişik, azad etməliyik. Başqa yol yoxdur. Belə getsə, Qərbdən də dəstək alacaq. -Ancaq Zoya Tadevosyan Paşinyana yox, Levon Ter Petrosiyana yaxın adamdır... - Əsas odur ki, xətt eynidir. -Qərb Paşinyana istədiyi dəstəyi verirmi? - Yəqin ki, dəstək alır. Ortada Tet Petrosiyan var. Əgər Paşinyan Qərbdən dəstək almasa, təkbaşına belə oyunlara girməz. - Paşinyanın devrilməsi ssenarisi mümkündürmü ? - Mən hələlik bunun üçün əsas görmürəm. Rusiya bu işə barmaq qoysa, uduzacaq. Paşinyanın arxasında xalq var. Avqustun 17-də keçirəcəyi mitinqlə gücünü bir daha nümayiş etdirəcək. - Yəni ruslar yeni erməni hökumətini devirə bilməz? -Devirsə, bu Rusiyaya qarşı böyük narazılıqlara səbəb olacaq. Bunu deyirəm. - Paşinyanın Türkiyə ilə diplomatik münasibətlər qurmaq haqqında çağırışları nə dərəcədə səmimidir? - Bu da yuxarıda qeyd etdiyimiz Qərb xəttidir. Qərbyönlü xətdir. Görək proseslər hara qədər davam edəcək. - Azərbaycan-Ermənistan münasibətləri, Paşinyanın Qarabağ məsələsində güzəştə getməsi ehtimalları varmı? - Yuxarıda dediyim kimi, mənə elə gəlir ki, Paşinyan torpaqların azad edilməsinə razılıq verəcək. O, erməni xalqını da buna hazırlayır. Bu yolla da Azərbaycanla münasibətləri düzəldəcək. - Ciddi fikirlər səsləndirirsiniz. Amma Paşinyan iqtidara gəldikdən sonra Qarabağ münaqişəsinə dair danışıqlar prosesində aktivləşmə müşahidə edilməyib... - Bu birdən-birə olacaq məsələ deyil. O, ilk əvvəl erməniləri buna hazırlamalıdır. Serj Sərkisyan erməniləri o qədər zəhərləyib ki, indi bu zəhəri bədəndən çıxarmaq lazımdır. - Siz Ermənistanda daima güclü olan millətçi xətti nəzərə alırsınızmı? - Ermənistanda olan millətçi xətt ölkəni uçuruma doğru aparıb. Bu reallığı erməni xalqı dərk edib. Bu, birmənalıdır.