Hökumət AÇILIM etsə, QƏRBİN demokratik təsisatları geri qayıdacaqmı?

Hökumət açılım etsə, Qərbin demokratik təsisatları geri qayıdacaqmı?

Azərbaycan prezidentinin ABŞ-a səfərindən öncə siyasi məhbusların, son olaraq hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması, bəzi QHT-lərin bank hesabları üzərindən həbsin götürülməsi, xaricdə olan bəzi QHT rəhbərlərinin ölkəyə girişinə icazə verilməsi hökumətin “böyük açılımı” kimi qiymətləndirildi. 

Ölkə başçısının Con Kerri ilə müzakirələrindən sonra isə ictimaiyyətdə belə bir rəy yarandı ki, son açılımdan sonra Qərbin demokratik təsisatlarının, beynəlxalq institutların da Azərbaycanda fəaliyyətinə imkan yaradılacaq. 
Musavat.com-a danışan politoloq Hikmət Hacızadə bildirdi ki, yaxın zamanlarda Qərb institutlarının geri qayıdacağına inanmır: “Prinsipcə, onlar nə vaxtsa qayıdacaq, ancaq bu səfərdən sonra baş verməyəcək. Çünki, bu səfərdə də tam deyil, sadəcə ayaqüstü görüş baş tutdu. Ona görə də, mən bunun indi baş verəcəyinə inanmıram. Qərbin mövqeyi belədir ki, geniş əməkdaşlıq, kredit və yardım almaq istəyirsənsə, bir sıra addımlar atmalısan, siyasi məhbusları həbsdən buraxmalısan. Görünür, hələ ki, Azərbaycan hakimiyyətinin Qərbin yardımına elə də böyük ehtiyacı yoxdur, ona görə də bu tələblərə əməl etmir”. 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Qərb təsisatlarının qayıtması üçün hökumətin qanunvericilikdə dəyişikliklər etməsini vacib saydı: “Qərb təşkilatlarının Azərbaycana gəlməsi üçün ilk növbədə onların fəaliyyətinə mane olan qanunlar ləğv olunmalıdır. Ötən il QHT-lərin fəaliyyətini məhdudlaşdıran xeyli qərarlar qəbul edildi. O qərarlar hələ ki, ləğv olunmayıb. Qanun səviyyəsində bunlar ləğv olunmalıdır. Beynəlxalq donorların Azərbaycanda işləməsinin qarşısı alınmamalıdır. Bunlar qanun şəklində qəbul olunub və o təşkilatların hazırda Azərbaycanda fəaliyyəti mümkünsüzdür. Düzdür, prezidentin ABŞ səfərinin yekunları tam açıqlanmayıb. Lakin müəyyən işarələr verilib, bəyanatlar səslənib. Görünür, əməkdaşlıq dərin olacaq, Azərbaycanda islahatlar davam etdiriləcək. Bu çərçivədə müəyyən dəyişikliklər baş verə bilər. Ancaq hökumət Qərbi və ABŞ-ı aldatmağa da çalışır. Bəzi QHT-lərlə bağlı məlumat verirlər ki, onların bank hesablarından həbs götürülüb. Məsələn, Oqtay Gülalıyevin bank hesabının açıldığı deyilirdi. Lakin Oqtay Gülalıyev özü deyir ki, həbs götürülməyib. O cümlədən də, çoxlu belə insanlar var ki, eyni vəziyyətdədir”. 
Deputat Aydın Mirzəzadə isə qanuni fəaliyyət göstərən hər bir təşkilatın Azərbaycana gəlməsinə icazə verildiyini bildirdi: “Azərbaycan iqtidarının son dövrlərdə nəzərə çarpan addımları, əslində əvvəldən apardığı siyasətin növbəti mərhələsidir. Yeni və qeyri-adi heç nə yoxdur. Heydər Əliyev tərəfindən başladılan demokratikləşmə, insan hüquqlarının qorunması bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəzi xarici QHT-lərin yenidən Azərbaycana qayıtması məsələsinə gəlincə, nəinki onlar, digərləri də Azərbaycanda fəaliyyət göstərə bilərlər, əgər Azərbaycan qanunvericiliyinə riayət etsələr... Qanunvericilik çərçivəsində, üzərlərinə götürdükləri hüquqi öhdəlikləri yerinə yetirməklə istənilən xarici təşkilat Azərbaycanda fəaliyyət göstərə bilər. Bir müddət öncə bəzi təşkilatların fəaliyyətinin dayandırılması onların qanundankənar fəaliyyəti və ya hesabat verməkdən imtina etməsi ilə bağlıdır. Qanunları gözlədikləri halda istənilən vaxt fəaliyyətə başlaya bilərlər”. 

 






Fikirlər