Deputatdan ölkədə stabilliyin pozulması haqda

Deputatdan ölkədə stabilliyin pozulması haqda"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın tənqid edildiyi Avropada qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti haqqında məruzəsi qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsi zamanı şəffaflıq prinsipini nəzərə almır".

"Trend" xəbər verir ki, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun “prnewswire.com” saytında yerləşdirilmiş məqaləsində deyilir.

Onun sözlərinə görə, AŞ PA-nın məruzəsi bu sahədə baş verənlərin tam mənzərəsini əks etdirmir: "Bəzi beynəlxalq QHT-lərin “siyasi məhbuslar” məsələsinə gəldikdə, AŞ PA Hüquqi məsələlər və insan haqları üzrə komissiyanın məruzəçisi Pedro Aqramunt tərəfindən hazırlanan digər məruzəni gözləməlidir".

Deputat bildirib ki, hər iki məruzənin yekunu Azərbaycanda QHT-lərə vahid yanaşmanın hazırlanması baxımından vacibdir: "Azərbaycanda “Siyasi məhbuslar”ın əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə azadlıqdan məhrum ediliblər. Vergidən yayınma məsələsi bir çox hallarda onların xaricdə fəaliyyətləri zamanı maliyyələşdirmə faktlarının gizlədilməsi ilə bağlıdır".

Onun sözlərinə görə, Azərbaycan yerli QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaf xarakter daşımasına can atır.

E.Süleymanov qeyd edib ki, göstərilən qayda AŞ PA-ya üzv olan bütün ölkələrə münasibətdə qüvvədədir.

Onun sözlərinə görə, QHT-lərin tərtib etdikləri “siyasi məhbusların” siyahısı siyasi məna kəsb edir və hüquqi qüvvəyə malik deyil.

Deputat bildirib ki, QHT-lər xaricdəki “havadarların" köməyi ilə gənc demokratiyanın stabilliyini poza bilərlər və yetkin demokratiyalara bunu xatırlamaq lazımdır: "Nə üçün kiçik ölkələrdəki fəallar xaricdəki donorlardan belə böyük qrantlar alırlar? Bu məsələni məruzəçi Aqramunt da qaldırıb".






Fikirlər