Qarabağ savaşı “MTN işi”ni ARXA plana keçirə bilərmi?
Müzəffər Baxışov: “Cəbhədəki vəziyyətdən asılı olmayaraq, “MTN işi” ilə bağlı cinayətə yol verən şəxslər cəzalandırılmalıdır ”Aprelin 2-dən etibarən cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə edilməkdədir. Maraqlıdır, təmas xəttində gərginliyin artması, hərbi toqquşmaların genişlənməsi “MTN işi”ni arxa plana keçirə, hələ də məsuliyyətə cəlb edilməyən keçmiş MTN yetkililərini cəzadan birdəfəlik xilas edə bilərmi? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov cəbhədəki vəziyyətdən asılı olmayaraq cinayət törətmiş hər kəsin məsuliyyətəcə cəlb edilməsinin vacib olduğunu vurğuladı: “Öncə son günlər erməni təxribatının qarşısını alan zaman həyatını itirən şəhidlərimizin hər birinə rəhmət deyir, ailə üzvlərinə səbr diləyirəm. Təmas xəttində gərginliyin artmasının “MTN işi”nə təsirinə gəlincə deməliyəm ki, Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti nə qədər ki, mövcuddur, təkcə adı “MTN işi”ndə keçən şəxslər deyil, istənilən məsələ ilə bağlı cinayət törədən, qanunu pozan şəxslər məsuliyyətə cəlb edilməlidir. Kimliyindən, tutduğu mövqedən, kimə hansı münsibət bəsləməsindən, kimlə qohum olmasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, cinayət törədən şəxslərin cəzalandırılmsı təmin edilməlidir. Cinayət törədən şəxs məsuliyyətə cəlb edilmirsə, o, daha da azğınlaşır. Həmin şəxs daha ağır və xüsusilə ağır cinayət törətməyə meyilli olur. Düşünür ki, törətdiyi cinayətlərə görə onu kimsə məsuliyyətəcə cəlb etməyəcək. Buna görə də cəbhədəki vəziyyətdən asılı olmayaraq, “MTN işi” ilə bağlı cinayətə yol verən şəxslər də məsuliyyətəcə cəlb edilib cəzalandırılmalıdır. Mən istəməzdim ki, cəbhədəki gərginlik fonunda insanların əmlakına qəsd edən, insanları daim qorxu altında saxlayan sabiq MTN əməkdaşları cəzadan kənarda qalsın. Arzu edirəm ki, onlar törətdikləri cinayətlərə görə cəzalandırılsınlar”. AzerTaym.az