Qarabağ münaqişəsi ətrafında yeni situasiya;Tərəflərə təqdim olunan məxfi sənədlərin bəzi detalları üzə çıxıb: Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi azad edilir; Kreml bölgədə təkbaşına söz sahibi olduğunu isbatlamaq istəyir; ekspert: “Ermənistan diqqəti yayındırmağa və danışıqları uzatmağa çalışır...”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən aprel toqquşmasından sonra Qarabağdakı status-kvonun saxlanmasının mümkünsüzlüyü artıq şübhə doğurmur. 4 günlük müharibə “Qarabağda hər an daha böyük müharibə başlaya bilər” proqnozlarının heç də quru söz olmadığını sübut etdi və bundan sonra beynəlxalq aləm 1994-cü ilin atəşkəs razılaşmasının heç də əbədi olmadığını anladı.
Son məlumatlar və müşahidələr göstərir ki, prosesdə əsas yer alan Rusiya nəinki münaqişənin nizamlanmasını tərəflərə həvalə etmək fikrindədir, hətta özünü regionda alternativsiz söz sahibi olaraq təqdim edir. Elə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını özündə ehtiva edən “Lavrov planı”nın gündəmə gəlməsi də bunu isbatlayır. Dünən isə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov sensasion sayıla biləcək açıqlama ilə çıxış edib.
“Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir”,- deyə Markov bildirib. Rusiyalı politoloq Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini də söyləyib: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistanın işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı iki rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedyevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanı aradan qaldırması olur”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiyanın problemi “5+2 formulu” ilə azad etmək niyyət mətbuata sızmışdı. Lakin o zaman bəzi təhlilçilər bunu “Azərbaycan üçün tələ” adlandırdı. Rusiyanın bu arada birdən-birə nədən hərəkətə keçməsi suallar yaradır. Ancaq Almaniyanın Ermənistandakı səfiri Matias Kislerin son açıqlaması müəyyən ehtimallar üçün ipucu yaradır. Diplomat deyib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bənddən ibarət sənəd təklif edir. “Almaniya XİN-i 7 bəndən ibarət daxili sənədi dövriyyəyə buraxıb” deyən səfir onu da vurğulayıb ki, proqram münaqişənin həll yollarını nəzərdə tutmur, çünki müvafiq mandata ATƏT-in Mİnsk Qrupunun həmsədrləri malikdirlər. “Buna baxmayaraq, sənəddə bir neçə mühüm müddəa öz əksini tapıb, onların arasında atəşkəsin saxlanılması ən əsas bənddir” - o əlavə edib.
Almaniyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həlli prosesinə qatılması sözsüz ki, Rusiyanı qane edə bilməzdi. Fakt budur ki, hazırda Qərbin ən yaxın müttəfiqlərindən biri olan Almaniyanın Rusiya ilə münasibətləri kifayət qədər soyuqdur və belə bir situasiyada Kreml Almaniyanın Qarabağ prosesində moderatorluğuna imkan verməz. Çox güman ki, Rusiya Almaniya kansleri Angela Merkelin 2015-ci ilin yanvarındakı mövqeyini unutmayıb. O zaman Berlində prezident İlham Əliyevlə görüşdən sonra keçirilən brifinq zamanı xanım Merkel Qarabağ cəbhəsində atəşkəsin tez-tez pozulmasından danışarkən demişdi ki, Rusiya və Ermənistan bəzi məsələləri birgə həyata keçirirlər.
Yeri gəlmişkən, aprel döyüşlərindən sonra Almaniya kansleri Ermənistan prezidenti Serj Sərkisyanı qəbul etdi və bu görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirdi. Görünən budur ki, Almaniya beynəlxalq hüquqa hörmət edilməsi mövqeyindədir və bu, nə Rusiya, nə də ələlxüsus Ermənistanı qane etmir.
Şübhəsiz, elə buna görədir ki, məhz Sərkisyanın uğursuz Almaniya səfərindən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların bəzi detallarını açıqladı və bildirdi ki, Kazan danışıqlarında əldə edilmiş razılığı özündə əks etdirən sənədlər hələ ki arxivə göndərilməyib və masa üzərindədir. Nalbəndyanın Medvedyevin təşəbbüsü ilə keçirilən görüşdəki razılaşmanı xatırlaması səbəbsiz ola bilməz. Yayılan məlumatlara görə, 2011-ci ildə Kazanda masaya qoyulmuş sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. Həmçinin İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərrayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Ardınca isə Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirən dəhliz yaradılır.
Bu təklifləri bəzi ekspertlər məqbul saymaqla yanaşı, hesab edirlər ki, Azərbaycan Laçın dəhlizinin əvəzinə, Mehridən Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəhliz tələb edə bilər. Azərbaycan tərəfi bildirir ki, prinsiplərə görə, Dağlıq Qarabağın hüquqi statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilir. Lakin Ermənistan tərəfi iddia edir ki, prinsiplərdə Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququ verilməsi öz əksini tapıb.
Bununla Ermənistan Almaniyanın 7 maddəlik razılaşma sənədini deyil, Kazan təkliflərini müzakirə üçün qəbul etdiyinə eyham vurur, şübhəsiz ki, elə Kremlin işarəsi ilə... Elə Nalbəndyanın “Müxtəlif ideyalar var. Amma əsas odur ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz” sözləri həm də Azərbaycanın ərazi bütövlüyünü prioritet sayan Almaniyaya cavabdır. Hansı ki, Merkel Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki Yekun Aktının üç əsas prinsipinin durmasını önəmli saymışdı. Buraya millətlərin öz müqəddəratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina daxildir.
Beləcə, “ölü nöqtə”dən tərpənmiş kimi görünən Qarabağ prosesində ayrı-ayrılıqda - Almaniyanın və Rusiyanın vasitəçiliyi ilə iki sənəd masaya qoyulub. Rusiyanın prosesdə təkbaşına rol oynamaq istəyini nəzərə alsaq, deyə bilərik ki, Almaniyanın təkliflərinə Moskvanın müqaviməti qaçılmazdır. Necə ki, 2014-cü ilin payızında Fransa Azərbaycan və Ermənistan prezidentlərini görüşdürəndən sonra cəbhədə vəziyyət gərginləşmişdi.
***
Bəs Almaniyanın vasitəçiliyi Qarabağ məsələsində nəyisə dəyişə bilərmi? Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”ın sualının cavabında qeyd etdi ki, Almaniyanın təklifləri “Madrid planı”ndan fərqlənmir: “Yəni ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. İndi vacib olan Berlinin bu istiqamətdə danışıqları intensivləşdirməsidir. Çünki Berlin gözləmə mövqeyinə keçsə və Azərbaycanla Ermənistan rəhbərliyi arasında təmaslara başlamasa, Almaniyanın xarici işlər naziri Bakı və İrəvana səfər etməsə, həmin 7 maddəlik təkliflər paketi də unudulacaq. Halbuki Almaniyanın Azərbaycanın ərazi bütövlüyündən çıxış etdiyi bəllidir. Təsadüfi deyil ki, 1990-cı illərin ortalarında ATƏT-in Minsk Qrupuna Avropadan həmsədr axtarılarkən, rəsmi Bakı Fransaya yox, Almaniyaya üstünlük verirdi. Almaniyanın Ermənistandakı səfirinin ”Ermənistan xarici investisiyalarda maraqlıdırsa, qonşularıyla normal münasibətləri bərpa etməlidir" sözləri də Berlinin rəsmi İrəvana mesajıdır. Yəni almaniyalı diplomat demək istəyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan gələcəyi yoxdur. Ermənistanın gələcəyinin olması üçün isə Azərbaycanın işğal altında saxladığı torpaqları boşaltması vacibdir".
E.Şahinoğlu qeyd etdi ki, beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlətə bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə, münaqişə danışıqlar yolu ilə həll edilməyəcək: “Ermənistanı Dağlıq Qarabağ ətrafındakı ən azı, 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ermənistan hakimiyyəti bunu anlamayanadək bölgədə hərbi toqquşmalar da davam edəcək, hər iki tərəfin itkiləri də artacaq. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır, Ermənistanın isə yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır. Təsadüfi deyil ki, o, qəfildən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşdü.
Doğrudur, bu görüşün nəticəsi olaraq Levon Ter-Petrosyan cəmiyyəti birliyə çağırdı. Ancaq bir müddət keçdikdən sonra Ermənistan müxalifətinin və cəmiyyətin Sərkisyana qarşı təzyiqləri artacaq. O ki qaldı Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Kazan sənədini xatırlatmasına, bu, İrəvanın növbəti hiyləsidir, məqsəd diqqəti yayındırmaq və yenidən danışıqları uzatmaqdır. Məsələ burasındadır ki, Kazan sənədini arxa plana atan elə İrəvan olmuşdu.
Kazan sənədinin ortaya çıxmasından 5 il keçib, ortada irəriləyiş yoxdur. Çünki İrəvan istənilən plandakı bütün bəndləri Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək mexanizmə bağlamaq istəyir. Azərbaycan isə heç bir halda bu cür həllə razılaşmayacaq. Əvvəl rayonlar boşaldılmalı, qaçqınlar geri dönməli, bundan sonra statusla bağlı danışıqların başlaması mümkündür”.
Rusiyanın hərəkətə keçməsini zəruri edən digər bir faktı da xatırladaq: Azərbaycan prezidentinin Almaniyaya səfəri nəzərdə tutulub. Xanım Merkel Sərkisyanla birgə keçirdiyi brifinqdə demişdi ki, Azərbaycan prezidentinin Almaniyaya səfəri iyun ayında gerçəkləşəcək. Kansler səfər zamanı Qarabağ müzakirələrinin olacağını anons edib.
Ancaq hələ o görüşə xeyli var, Qarabağdakı kövrək sülh isə hər an müharibə ilə əvəzlənə bilər. Deməli, yaxın zamanlarda Qarabağla bağlı Almaniya və Rusiyanın rəqabətinin şahidi olacağıq. Reallıq bundan ibarətdir ki, Azərbaycan son əməliyyatlarla danışıqlarda üstün mövqe əldə edib...