MTN generalına aylıq verən otellər hansılardır? -SİYAHI
«Klear» 1000 manat, «Romi» 400 manat, «Ağ Otel»isə Elçin Quliyevə ayda 1000 manat göndərir
MTN hadisələrindən sonra bir sıra maraqlı məqamlar ortaya çıxıb. Xüsusən də ölkədə fəaliyyət göstərən bir çox obyektlərin, hətta ayrı-ayrı dövlət qurumlarının belə bu nazirlikdə əyləşmiş generallara aylıq haqq verdiyi məlum olub.
Azerinews.tv xəbər verir ki, hazırda həbsdə olan və adı bir sıra qalmaqallarda hallanan general Elçin Quliyevin də Akif Çovdarov kimi, haqq yığdığı bəlli olub. Belə ki, əsasən bir sıra obyektlərdən haqq alan ləğv olunmuş MTN-in sabiq Anti Terror Mərkəzinin rəisinin hədəfində otellər də varmış.
JAM.AZ sayta istinadən xəbər verir ki, hər ay haqq verən otel və motellərin toplam sayı 25-ə yaxındır. “Onlar uzun müddətdən bəri rahat fəaliyyət göstərmək üçün bu pulu verirmişlər. Bəzi iddialara görə, general Elçin Quliyev həbs olunsa da, həmin otellər yenə aylıq haqlarını onun adamlarına çatdırırlar”.
Azerinews.tv-nin araşdırması nəticəsində məlum olub ki, əxlaqsızlıq yuvası kimi ad çıxarmış 3 böyük otel də MTN generalına aylıq haqq ödəyir. “Onlardan biri «Klear»dır ki, Binəqədi rayonu ərazisində yerləşir və daha çox əxlaqsızlıq yuvası kimi ad çıxarıb. Bu otelin hələ xeyli əvvəldən MTN-lə əlaqəsinin olduğu və orada gizli kameraların yerləşdirildiyi, habelə bəzi məmur övladlarını şantaj etdikləri də verilən məlumatlar sırasındadır. «Klear»ın sahiblərindən olan Fikrət adlı şəxs isə Elçin Quliyevə bu xidmətlərdən əlavə, ayda 1000 manat ödəyirmiş”.
Elçin Quliyevin aylıq haqq aldığı bir digər otel isə «Romi»dir. “Qeyd edək ki, «Romi» oteli də əxlaqsızlıq yuvası kimi ad çıxarıb. Orada da gizli kameraların quraşdırıldığı və bəzi iş adamlarını şantaj etmək istifadə etdildiyi bildirilir”.
Azerinews.tv-yə daxil olan məlumatda vurğulanır ki, MTN generalı bu otelin sahibindən hər ay 400 manat alırmış.
Həbsdə olan MTN generalına aylıq haqq verən otellərdən biri də «Ağ Otel»dir. “Binəqədi rayonunda yerləşən və əxlaqsızlıq yuvası kimi ad çıxarmış həmin otelin sahibi Elçin Quliyevə ayda 1000 manat verirmiş”.
Azerinews.tv xəbər verir ki, Quliyevin həbs olunmasına rəğmən, adları çəkilən otellərin sahibləri bu gün də onun ailəsinə həmin aylıqları göndərirlər. “Bu qorxunun və sədaqətin haradan yarandığını demək kifayət qədər çətindir. Belə düşünmək olar ki, həmin otellərin sahibləri haqqında keçmiş generalın əlində müəyyən kompromatlar var və bu səbəbdən də ödənişləri dayandırmırlar”.
Sonda onu da bildirilir ki, belə otellərin sayı 25-ə yaxındır və digərlərinin də adlarını yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.