SOCAR vitse-prezidentinin imarəti – FOTO

Neft maqnatının milyonlar xərclədiyi bu imarətlərin paytaxtın Türkan qəsəbəsində yerləşdiyi bildirilir. Məlumatda o da qeyd edilir ki, cənab İsmayılov bu villaları tikmək üçün Türkan qəsəbəsində dənizin kənarında on hektarlarla ərazini zəbt edib:

"Bu ərazi Mikayıl İsmayılov tərəfindən 6 metr hündürlüyündə hasarlanıb, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində oliqarx neftçi 7 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Bu ərazi artıq neçə illərdir ki, zıəbt edilib. Mikayıl İsmayılov bu cah-cəlalı yay aylarında istirahəti üçün inşa etdirib. Ərazidə gecə-gündüz ondan artıq idmançı saxlayan Mikayıl İsmayılov həmin idmançıların köməyi ilə buralara heç kimi buraxmır.


Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur.

Bundan başqa, Mikayıl İsmayılov Türkan qəsəbəsindən həmin istiqamətdə dənizə gedən avtomobil yolunu da zəbt edib, yolun girişinə şlaqbaumlar qoyub ki, neft maqnatının icazəsi olmadan həmin istiqamətdə dənizə heç kim buraxılmır".

SOCAR vitse-prezidentinin imarəti – Foto



SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında bildirdi ki, yuxarıda qeyd edilən və buna oxşar məlumatlar artıq bir neçə dəfə mediada təkzib edilib: "Bunların Mikayıl İsmayılova və yaxud şirkətdə yüksək vəzifə tutan hər hansı bir şəxsə heç bir aidiyyatı yoxdur".

P.S. Maraqlıdır, belə olan halda şəkilləri yayılan villaların, imarətlərin gerçək sahibləri kimdir və nə üçün mediaya çıxıb öz əmlaklarını qorumurlar? Bəlkə bu məlumatlar məhz o mülklərin gerçək sahiblərini gizlətmək üçündür? Bu məsələlərə aydınlıq gətirmək üçün araşdırmanı davam etdirəcəyik. (afn.az)






Fikirlər