"Financial Times": Davudoğlu Ərdoğanın qəzəbinə tuş gəlib — VƏZİFƏSİ TƏHLÜKƏLİDİR
İngiltərənin populyar qəzeti olan "Financial Times" Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun vəzifəsinin Avropa İttifaqı ilə əldə edilmiş viza sazişi səbəbilə təhlükədə olduğunu yazıb. Ölkə.Az xəbər verir ki, qəzetin yazdığına görə gücünü daha da möhkəmləndirmək istəyən prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Davudoğlu arasında soyuq münasibətin kəskinləşməsində Davudoğlunun Aİ ilə razılaşma təşəbbüsünün də təsiri olub. ƏRDOĞANLA MƏSLƏTLƏŞMƏYİB "Financial Times" qəzetinin İstanbuldakı müxbiri Mehul Srivastava ilə Brüsseldəki müxbiri Aleks Barkerin imzalarnın olduğu xəbərdə baş nazir Davudoğlunun bu ilin mart ayında Avropa İttifaqı üzv ölkələrinə Yunanıstana gedən bütün miqrantların Türkiyəyə yönəldilməsini təklif etməsi ilə Almaniya baş naziri Angela Merkeli təəccübləndirdiyi və bunun Avropanın miqrasiya böhranının həllində əhəmiyyətli bir yer tutduğu qeyd edilib. Qəzetin xəbərində bu təklifin sürpriz bir siyasi manevr olduğu, Davudoğlunun bu məsələdə prezident Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmədiyi xüsusi vurğulanıb. "Financial Times" qəzetinə danışan yüksək vəzifəli Aİ rəsmisi də Türkiyə ilə son 6 ay ərzində aparılan heç bir danışıqda Ərdoğanın prosesin tərkib hissəsi olmadığı bildirib.
Prezident Ərdoğanın miqrant anlaşmasına şübhəli yanaşdığı qeyd edilən xəbərdə iyunun sonuna qədər Avropaya vizasız gedişlə bağlı Aİ-nin baş nazirə verdikləri söz yerinə yetirilməyəcəyi halda Davudoğlunun vəzifəsinin təhlükə altına girəcəyi yazılır. Danışıqlarda iştirak edən iki yüksək vəzifəli şəxsin dediklərinə görə baş nazir Davudoğlunun bu barədə qayğılarının olduğu, 10 gün əvvəl Türkiyəni ziyarət edən Merkelə və Aİ rəsmilərinə bunu xatırlatdığı bildirilir. "Financial Times" qəzetinə danışan və Aİ ilə müzakirələrdə iştirak edən Türkiyəli səlahiyyətli isə açıqlamasında "Davudoğlu risk etdiyi üçün indi müdafiəsiz qalıb" ifadələrindən istifadə edib. Ölkə.Az xəbər verir ki, prezident Ərdoğanın səlahiyyətli nümayəndəsi isə bu sazişi belə qiymətləndirib: "Bu sazişi Aİ-nin nə qədər etibarlı bir müttəfiq olduğunu görmək üçün sınaq saymaq olar.".
Davudoğlunun nümayəndəsi verdiyi açıqlamada isə "Türkiyə-Aİ arasında imzalanan müqaviləni Türkiyədəki siyasi proseslərlə əlaqələndirmək düzgün deyil. Əgər Aİ öhdəliklərini yerinə yetirməzsə, müqavilə əsassız sayılacaq. Bu, Türkiyənin daxili siyasətinin mövzusu deyil", - deyə qeyd edib. "ƏRDOĞAN DAVUDOĞLU İLƏ SİYASİ OYUN OYNAYIR"
Qəzet yazır ki, Avropalı liderlər üçün Davudoğlu ilə işləməyin əsas üstünlü elə Ərdoğanla ünsiyyətdə olmamalarıdır. Çünki jurnalistlər əleyhinə iddia qaldıran, müxalif şəxslərə qarşı təzyiqlər edən və ona insan haqları barədə xatırlatma etdikləri üçün Qərbi azarlayan Ərdoğan getdikcə daha avtoritar lider kimi görünür. Bəzi yüksək vəzifəli Aİ rəsmiləri Ərdoğanın son dövrdəki sərt açıqlamalarının müqaviləni sabotaj etmək məqsədi güddüyünü düşünür. Son olaraq, Aİ Davudoğlunun uğurlu olmasını istəyir, çünki onu Ərdoğanın avtoritar davranışı üzərində mülayim təsiri ola biləcək bir insan kimi görür.
DAVUDOĞLU RİSK ALIB
"Financial Times" qəzetində yer alan bu xəbərində daha sonra prezident Ərdoğan və baş nazir Davudoğlu arasında son dövrdə baş verənlər belə şərh edilir. Prezidentin baş naziri yaxın vaxtlarda təşkil ediləcək konqreslə "devirəcəyi" istiqamətindəki xəbərlər Davudoğlu cəbhəsində ciddi həyəcana səbəb olub. Ərdoğan tərəfdarı olan jurnalist kimi tanınan Nasuhi Göngörün "AKP artıq Davudoğlu ilə yoluna davam edə bilməz" yazısı və AKP Mərkəzi İcra Qurumunun (MKYK) regional və rayon rəhbərlərini təyin etmə səlahiyyətinin Davudoğlundan alınmasını ismarış kimi qəbul etmək olar. Yüksək vəzifəli Avropalı diplomatın bununla əlaqədar olaraq şərhi isə çox şeyi izah edir: "Ərdoğan Davudoğlu ilə siyasi bir oyun oynayır.".