Azəri-Türk Qadınlar Birliyinin 20 YAŞI OLDU
Bu gün 3 may Türkçülük günüdür. Türkiyədə başda olmaqla Türk Dünyasında geniş qeyd olunan bu bayramı Azərbaycanda ilk dəfə geniş bayram şöləni olaraq qeyd edən Azəri-Türk Qadınlar Birliyinin də 20 yaşı tamam olur.
3 may 1996-cı ildə təsis qurultayını keçirən Azəri-Türk Qadınlar Birliyi son 20 ildə Türk Dünyası ilə bağlı çox önəmli proyektlərə imza atıb, türklük davasının öncülərindən biri olub.
Tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi təşkilatın dünyanın bir çox ölkəsində nümayəndəlikləri var. Hər il Türkiyədə ənənə halında qeyd olunan Xocalı həftəsinin memarlarından biri məhz Tənzilə Rüstəmxanlıdır.
Azərbaycanda Nuru Paşa ilə bağlı ilk konfransın, 3 may Türkçülük günü ilə bağlı böyük Şölənin, Kərkük, Təbriz gecələrinin və Türk Dünyasının təbliği ilə bağlı digər mühüm tədbirlərin keçirilməsi məhz Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin adı ilə bağlıdır.
Yaradıldığı zaman qarşısına qoyduğu,
– müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq;
– türkçülük ideyalarının yayılması;
– özünüdərk və milli kimliyimizin təbliği ilə bağlı hədəflərinə sadiq qalan ATQB xaricdə yaşayan soydaşlarımızla əlaqələri, xüsusən, informasiya mübadiləsini genişləndirməyə nail olmuşdur.
ATQB sədri Tənzilə Rüstəmxanlının təşkil etdiyi yüzlərlə konfrans, səfər və görüşlər Türk Dünyası ilə əlaqələrin qurulmasında və Azərbaycana qardaş dəstəyinin verilməsində mühim rol oynayıb.
Təşkilat bu gün də Türk Dünyası ilə bağlı fəaliyyətlərini uğurla davam etdirir..