VHP-də dilemma: Rüstəmxanlılardan hansı güzəştə gedəcək?
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlament seçkilərində iştirakla bağlı namizədlər siyashısını açıqlasa da, siyahıda partiya lideri Sabir Rüstəmxanlının adı yer almayıb. Teleqraf.com xəbər verir ki, buna səbəb S.Rüstəmxanlının namizədliyini irəli sürməkdə tərəddüd etməsidir. Hələ ötən həftə Sabir Rüstəmxanlının həyat yoldaşı, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirmişdi ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək fikri var. “Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq.” – deyə xanım Rüstəmxanlı bildirmişdi. Bu xəbər partiyada birmənalı qarşılanmayıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, VHP funksionerləri və sıravi üzvləri S.Rüstəmxanlının namizəd olmamasından narahatlıqlarını ifadə ediblər. Partiya üzvlərinin təkidindən sonra, VHP sədri fikirindən dönüb və namizədliyini irəli sürəcəyini bəyan edib. Yaxın günlərdə onun hansı dairədən namizəd olacağı barədə məlumat ictimaiyyətə açıqlanacaq. S.Rüstəmxanlı Teleqraf.com-a bildirib ki, namizədlər siyahısı hissə-hissə açıqlanır və bu ilkin siyahıdır: "İlkin siyahı açıqlanıb. Bu tam siyahı deyil. Hələ vaxta var. Partiya üzvləri və məni tanıyanlar namizədliyimi növbəti dəfə irəli sürməyimi xahiş edirlər". S.Rüstəmxanlı Tənzilə xanımla aralarında namizədliklə bağlı anlaşılmazılığın olması barədə sualı cavablandırmaqdan imtina etdi: "Siyahını tam açıqlayandan sonra bütün məsələlərə aydınlıq gələcək" VHP-də dilemma: Rüstəmxanlılardan hansı güzəştə gedəcək?