DAVUDOGLU İSTEFA qərarını açıqladı
Az əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin Mərkəzi İdarə Heyətinin kritik iclasında qəbul edilən qərarı açıqlayıb. Gözlənildiyi kimi Davudoğlu elan edib ki, AKP-nin mayın 22-də keçiriləcək növbədənkənar qurultayında partiya başqanlığına namizəd olmayacaq. Bu, Davudoğlunun həm də baş nazir postundan getməsi deməkdir. Davudoğlu AKP-nin qurultayında namizədliyini irəli sürməmək qərarını partiya daxilində parçalanmalara səbəb olmamaq üçün verdiyini deyib. Bildirib ki, AKP başqanı və baş nazir postundan getsə də prezident Ərdoğanla dostluq münasibətlərini pozmayacaq. "Mən heç kimə bu məsələdə spekulyasiya etməyə imkan verməyəcəyəm. Ərdoğanın qüruru mənim qürurum, ailəsinin şərəfi mənim şərəfimdir"-o deyib. Davudoğlu bildirib ki, bundan sonra fəaliyyətini AKP-dən sıravi millət vəkili kimi davam etdirəcək, siyasətdən getməyəcək.