22.02.2014. - Anar xalqın pasportudur

22.02.2014. -  Anar xalqın pasportudurZəng edirəm. Cavab vermir. Nömrəni bir daha yığıram, yenə cavab vermir.
Qarlı-qiyamətli günlər geridə qalıb daha. Hava yenə sakitdi, günəşlidi. Amma axı qışdı, həm də dəniz sahilidi. Soyuqdur, soyuq. Boynumdakı şərfi açıb başıma örtürəm. “Gedimmi?”, “getməyimmi?” deyə götür-qoy edirəm. Həmin nömrəyə yenə zəng vururam, yenə zəng cavabsız qalır. Daha on dəqiqə gözləməyi düşünürəm, yarım saat da gözləmişəm, güman ki, gələsi olmadı. “Ola bilərmi, söz versin amma gəlməsin?” – deyə düşünürəm və zəng gəlir. Telefonda onun nömrəsi görünür, millət vəkili, yazıçı Aqil Abbasın nömrəsi:

-A qızım, bəs bayaqdan sənin zəngini gözləyirəm. Sən başqa nömrədən zəng edirsən. Mən tanımadığım nömrələrə cavab vermirəm. Bu dəqiqə çatıram...

Görüşürük. Sayın millət vəkili bir azca əsəbi görünürdü. Səbəbini təxmin etməyə çalışdım, amma daha əhəmiyyəti yox idi. İstirahət gününü əlindən aldığımız üçün üzr istəyirəm:


-Qoyursan ki, istirahət edək? (Gülə-gülə) Zarafat edirəm, sən mənim balamsan.
Xanımı İradə Tuncayı soruşuram. Nəvələrinin yanında olduğunu deyir.
-Biz indi şəhərdən kənarda istirahət etməliydik, əslində. İradə də səni çox istəyir deyə müsahibə verməyə söz verdim.
İradə xanım ayrı aləmdi, adını eşidəndə adamın üzü gülür.

22.02.2014. -  Anar xalqın pasportudur

-Bəlkə, 500-ə yaxın müsahibə vermişəm. Heç birində də təkrar fikir deməmişəm. Suallar xoşuma gəlməyən kimi jurnalisti qovmuşam. Bir gün jurnalist gəlib ki, Ağdam haqqında xatirələrini danış. Dedim dur burdan... Əvvəla, xatirə ölmüş adam haqqında olar. Ağdam ölməyib ki, mən onun haqqında xatirə danışım. Sonra soruşur ki, gələcək planlarınız? Mən kolxoz sədriyəm, İqtisadi İnkişaf naziriyəm, plan tutum? Onda deyirəm, bala, get işinlə məşğul ol.
Qənirə xanımla söhbətləşdiyimiz məkanda oturmuşduq. Çay gözləyirdik. Söhbətimizə elə Aqil müəllimin müsahibələrindən başlayırıq. Aqil müəllim mətbuat üçün hər zaman maraqlı olub.

Jurnalist Aqil Abbasla söhbət etmək istəyir, amma onu tanımır – bir kitabını oxumayıb, filminə baxmayıb. Bir dəfə Azadlıq Radiosu “Dolu” romanını müzakirə edirdi. Aparıcıdan soruşuram ki, mənim romanımı oxumusanmı? Deyir yox. Deyirəm ki, bəs, bu sualları necə verirsən? Deyir, sualları dinləyici göndərib. Mənə maraqlıdır ki, sən aparıcı olaraq oxumadığın kitabı necə müzakirəyə çıxarda bilərsən, ayıb deyilmi? Bəlkə, heç o sual göndərən dinləyici də oxumayıb əsəri. Mənim haqqımda yazmışdılar ki, Aqil Abbas “Dolu” romanını yaza bilməz, çünki onun villası var. Görün nə qədər axmaq adamlar var. Villası olan adam Qarabağ haqqında roman yaza bilməz? Mən küçədəmi yaşamalıyam? Mənim 60 yaşım var. Mənim Azərbaycan ədəbiyyatında, mədəniyyətində xidmətlərim var. Dövlət bunu qiymətləndirib mənə “Şöhrət ordeni ” verib. Mən 44 ildir Bakı şəhərində yaşayıram. Kirayədəmi qalmalıyam? Mən iyirmi il kirayənişin olmuşam. Bunu yazan jurnalisti yerə yıxıb ağzına-ağzına təpikləyərəm.

- “Dolu”dan söz düşmüşkən Mehriban Ələkbərzadə ilə müsahibə yadıma düşür. “Dolu” filminin ondan alınıb başqa bir rejissora verildiyi üçün bərk incidiyini demişdi.

22.02.2014. -  Anar xalqın pasportudur

-Rejissoru Mədəniyyət naziri dəyişib, mən yox. Doğrudur, Mehriban xanım çox bərk inciyib. Mənim ona böyük hörmətim var. İndi də ailəvi dostuq. Amma Azərbaycanda gedən müharibə haqqında filmi kişi rejissor çəkə bilərdi. Filmin çəkilişi günü, ondan heç gözləməzdim, mənə telefonda dedi ki, Allah heç xeyrini verməsin. Mehriban xanım filmin ssenarisinə çox əlavələr eləmişdi. Təbii ki, rejissorun öz baxışı olmalıdır. Film rejissorundu, ssenari müəllifinin deyil. Sizə onlarla film adı deyərəm, rejissorunu tanıyarsınız, amma ssenari müəllifini yox. Amma rejissor sənin əsərini kənara qoyub, ayrı bir film çəkəcəksə, getsin özü yazsın, özü də çəksin. Mən bunu qəbul eləmədim.
Deyirəm ki Aqil müəllim, bəlkə, film daha yaxşı alınardı? Bəzən nəyin daha yaxşı olduğunu bilə bilmirik.

Heç də yaxşı alınmazdı. Mən Azərbaycan yazıçılarına da deyirəm, Azərbaycanda “Dolu”dan gözəl əsər yazılmayıb, heç olmayacaq da, “Dolu”dan gözəl müharibə filmi çəkilməyib, hələ on il də çəkilməyəcək. “Fəryad” bizim ilk müharibə filmimizdir, “Dolu” isə “Fəryad”dan da güclü filmdir.

Adətən, kino tənqidçiləri dünya ekranlarına çıxarılacaq filmlərin olmamasından şikayət edirlər,- demək istəyirəm. Aqil müəllim sözümü kəsir:

22.02.2014. -  Anar xalqın pasportudur

Mən dünya üçün kino çəkməmişəm. Baxın Amerika filmlərinə. Filmin bir saatı maşınların ötüşməsidir, iyirmi dəqiqəsi atışmadır, on dəqiqəsi söhbətdir. Nətəhər, bu olur dünya filmi, “Dolu”, “Fəryad”, “Xoca” olur Azərbaycan filmi? “Yalan” filmini çəkən Elxan Cəfərov kimi rejissor yoxdur. Deyirlər ki, “Yalan” “Əsgər atası”na oxşayır. Ümumi oxşarlıq ola bilər, amma məsələ orda necə qoyulub, burda necə qoyulub...
Aqil müəllim çox az adamlardandır ki, hər nəslin nümayəndələri ilə dostluq münasibətlərini saxlaya bilir. Üsyançı gənclərlə bəlkə ən çox dostluq edənlərdəndi, Aqil müəllim. Söhbət əsnasında gəlib çıxırıq heç vaxt gündəmin əsas mövzularından birinə – AYB, ədəbi gənclik və Anar Rzayev.

Anar müəllim ağsaqqalımızdır. Deyirəm bu gənclər Anar olsa neyləyərdi? Hamını tapdalayardılar. Anar Azərbaycan xalqının pasportlarından biridir. AYB-də də, AYO-da da istedadlı uşaqlar var . Bəzi gənclər AYB-nin hansısa fəaliyyətindən narazılıq edirlər, bu normal haldır. Biri də var deyələr ki, Anar yazıçı deyil. Bunu ancaq axmaq, başdan xarab adam deyə bilər. AYB əvvəl böyük təşkilat idi. Ev verirdi, maşın verirdi, xaricə ezam edirdi, istirahətə göndərirdi. Bütün bunlar qaldı sovet vaxtında. AYB-dən tələb etmək olmaz ki, mənə iş ver. Anar neyləsin, təqaüdündən pul ayırıb yeni ştat açsın? AYB gənclərə, yaşlılara təqaüd verir. Mən AYB ilə də tam razı deyiləm. Orda çox şey etmək olar. Amma hər şey də AYB-lik deyil, axı.
Məsələn, nələri etmək mümkündür?
Məsələn, Mərdəkanda yazıçıların istirahət yeri var, ora qaçqınlar yığışıb. Anar müəllim istəsə oranı on günə bolaştdırar.

-Bəs niyə eləmir?
-Anar müəllim bir az yumşaq adamdır. Onun tələb etmək, dövlət qarşısında şərt qoymaq xarakteri yoxdur. Desə sözünə əməl olunar. Anar müəllimi kim eşitməz ki? Bakının on bir rayonu var. Hər birinin icra başçısına zəng edər, hərəsi iki köçkünə yataqxanalarda yer ayırar. Adamları köçürtdürər, yataqxananı da təmir elətdirər.

22.02.2014. -  Anar xalqın pasportudur

Aqil müəllim hər mövzu haqqında o qədər emosional, maraqlı danışırdı ki, insan harda oturduğunun, ətrafında kimlərin olduğunun, günün hansı saatı olduğunun fərqinə varmırdı. Tofiq adlı bir nəfər qəfil Aqil müəllimin adını çəkəndə səksənən kimi oldum. Sən demə yanaşı masada yeyib-içmək varmış. Tofiq bəy (üzdən tanış gəlsədə kim olduğunu müəyyənləşdirə bilmədim) ailəsi ilə düz yanımızdakı masada əyləşmişdi. Aqil müəllim qəfil “qonağın” uzun-uzadı təqdimatından narahat kimi olduğu açıq görünürdü. Söhbəti yarımçıq qalmışdı...
Yerimiz düz pəncərənin qarşısındaydı, amma onun şüasını, yalnız “qızım, mənim günəşdən qorxum yoxdur, səni narahat etmir ki” deməsindən sonra hiss elədim ki, üzümə gün düşür və deyəsən bir az istidi. Tələm-tələsik narahat olmamağını rica edib, Anar müəllimlə eyniadlı əsər müəllifi olduqları haqda soruşuram:


22.02.2014. -  Anar xalqın pasportudur

-1971-cu ildə “Evləri köndələn yar” adlı povestim çıxdı, Qədir Rüstəmovun həyatından bəhs edirdi. Mən ilk dəfə nə hekayə yazmışam, nə şeir. Bəxtiyar Vahabzadə bu povesti oxuyanda, çox xoşuna gəlmişdi. Ön söz də yazıb vermişdi “Ulduz” jurnalına. Əhməd Cəmilə Allah rəhmət eləsin, “Ulduz”da redaktor idi. Povestdə bir bıçaqlanma səhnəsi vardı, mənə dedi ki bıçaqlanma səhnəsini çıxart, yəni komsomolçu komsomolçunu bıçaqlaya bilməz. Qədir Rüstəmovu da bıçaqlayıblar, böyrəyini çıxardıblar. Povestin mövzusu da elə bu haqda olduğundan, bıçaqlanma səhnəsini çıxartsaydım yerində heç nə qalmazdı. Beləliklə, povest çap olunmur. Burada daha bir nüans o idi ki, on səkkiz yaşında gənc povest yaza bilməz. Gərək qırx yaşın olaydı ki, povest, roman yazaydın. Ya da vəzifəli birinin övladı olmalıydın ki, qəbul ediləydin. Amma həmin povesti 80-ci illərin əvvəllərində Anar müəllim “Ulduz” jurnalında çap elədi. Sonra Anar müəllimin “Evləri köndələn yar” adlı televiziya ssenarisi yazıldı. Adlar eyni olsa da məzmun tamam fərqlidir.

-İradə xanımla iki il öncə söhbətləşdiyimiz zaman elə bir söz işlətmişdi ki, o gündən qulağımda sırğadır: “İradə xanımın incikliyindən narahatam, nigaranam...”

-İradə xanımı daha çox Məmməd Arazın qızı, Aqil Abbasın həyat yoldaşı kimi tanımaq, təqdim etmək incidir. O da haqlı olaraq umur. Çünki onu özü kimi tanımaq lazımdı – İradə Tuncay kimi. Onun özü elə yazardı, bir qəzetin baş redaktorudur. Yəni deyir mənə Aqil Abbasın həyat yoldaşı olduğu üçün hörmət edəcəksənsə, etmə. Onun yaradıcılığı mənə görə inkişaf etməyib. Əksinə mən onun qarşısını kəsmişdim. Ondan müsahibə alıb, Məmməd Arazdan sual verəcəksə, almasın. Mən millət vəkili seçiləndən sonra qəzeti verdim ona və qəzet daha gözəl oldu, bir az daha tərbiyəli qəzet oldu. Çünki mən bir az tərbiyəsiz adamam.

Mənsə, əslində, İradə xanımın onun özü ilə bağlı incikliyini nəzərdə tuturdum. Bəlkə də, Aqil müəllim nəyə eyham vurduğumu anlamışdı, bəlkə də, bilərəkdən cavabının istiqamətini dəyişirdi. Amma sonra bütün narazılığın səbəbi kimi tanınmış sima olmasını gördüyünü deyir. Məsəl çəkir ki, onunla şəkil çəkdirənlər olur, bəzən bu şəkillər sosial şəbəkələrdə yayımlanır. İradə xanım da buna görə qısqanır, mənim, əslində, heç nə etmədiyimi bilsə də: “İradənin həyat yoldaşı qısqanmağa haqqı var...”

22.02.2014. -  Anar xalqın pasportudur

-“Mən siyasətdə heç kimin oyununa girməmişəm. Mən özüm oynayaram, amma heç kimin komandasında oynamaram” – Aqil müəllim bu sözləri bir yazıçının siyasi ortamda oyunlarda bulanıb-bulanmadığından danışarkən demişdi. Əslində, mənə çox çətin gəlir uzaqdan bu proses, amma Aqil müəllim dedi ki, Milli Məclisdə onun kimi millət vəkilləri çoxdur, sadəcə, biz kənarda olduğumuz üçün onları görmürük. İçimdən “kaş ki”lər keçir. Zatən layihənin ideyası bilmirəm harda qalmışdı, bu qədər emosional söhbətin içində duyğusal mövzulara giriş qapıların həndəvərinə düşmək də mümkün deyildi. Bir halda ki, siyasi mövzulara girişmişdik, Xədicə İsmayılovanın adı ilə bağlı olan məlum siyahı haqda soruşmaya bilmədim. Eynullah Fətullayevin mətbuata yayılan siyahısı ilə bağlı dərc olunan məqaləsi və qarşı tərəfin açıqlama vermək niyyətində olmadığı “açıqlama”sı uşaq vaxtı gördüyüm qonşu davasına bənzəyir – hamı bir-birinin üzünə baxır, amma heç kim bilmir ki, günahkar kimdir.

Mən bilmirəm o siyahı həqiqidir, ya yox. Xədicə Amerika kəşfiyyatına işləyir, bunu it də bilir, qurd da. Məni bir dəfə verilişinə çağırıb deyir ki, siz iqtidara işləyirsiniz. Deyirəm ki, mən Azərbaycan iqtidarına işləyirəm, Amerika iqtidarına işləmirəm ki?! Amma sən Amerikaya işləyirsən. Amerika demokratik dövlət deyil. Bir dəfə də olsun Amerikaya etirazınızı bildirib demisənmi ki, Əfqanıstanı, İraqı niyə bombalayırsan? Etiraz etməmisən axı. Mən iqtidarın əleyhinə danışıram, bəs sən Amerikanın əleyhinə danışmısan? Yox! Sənin “duxun” var Amerikanın əleyhinə bir söz de. İşlədə bilməzsən axı, sən Amerikanın adamlarından birisən. Burada məqsəd Azərbaycandakı adamları ləkələməkdir. Amerika kəşfiyyatı bilir, burda nə var, nə yox. Amma Amerika bunu öz adamlarının dilindən dedirdir...

Çayımız çoxdan soyuyub. Aqil müəllim fotoqrafımızı sorğu-suala tutur. Heç cür baş açmadığım saç-saqqal dəbindən, şərf bağlamaq üslubundan danışırlar. Sən demə, fotoqrafımızın əsli yəhudi imiş. Aqil müəllim bir az yəhudilərin üstün cəhətlərindən danışır, sonra mənə:

-Siz hardansız?
-Valideynlərim Cəbrayıldandı.
-Orda bir Çinar var, kəhriz var...
-Mən görməmişəm Cəbrayılı.
-Cəbrayılın bir kəndi bizdədir, Cocuqmərcanlı. Mən o bölgənin millət vəkiliyəm. İradəylə İran sərhədində dayanıb onun kəndlərinə saatlarla baxmışıq. Cəbrayıl camaatı qarabağlıdır, amma daha çox naxçıvanlılara oxşayır. Cəbrayıl camaatı birbaşa konkret camaatdı. Onlarda “baxaram” sözü olmur, ya “hə”, ya “yox”. Cəbrayıl Azərbaycana böyük şəxsiyyətlər verib: Sabir Əhməd, Vaqif Cəbrayılzadə, Murad Babayev, Adil Minbaşov – “Ədalət” qəzetini onunla yaratmışam. Bir dəfə qəzetdə yazdım ki, kim mənə Cəbrayıldakı kəhrizdən su gətirsə, evimi ona verəcəm. Bəlkə, yüz zəng gəldi ki, gedək gətirək. Bu adamlar hələ də bilmir ki, Cəbrayıl işğal olunub. Cəbrayılda bir Sirik meşəsi var...


-Atam o kənddəndi.
- Bax cənnət oradı. Sirikdə bir dağ var, Şuşa Qarabağda bircə ordan görünür.

- Atam Tey adlı bir dağdan danışır tez-tez. Amma bilmirəm ona el arasındamı Tey deyirdilər, ya adı Teydi?

-Dağın adını bilmirəm. Onu bilirəm ki, Şuşanın qalası bircə ordan görünürdü. Cəbrayılda Rəşid Məmmədov adına bir rəis var idi. İndi rəhmətə gedib. Ona Qara Rəşid deyirdilər. Polisin gücünə Martuninin on üç kəndini boşaltmışdı.

Aqil müəllim Qarabağdan danışdıqca bayaqdan danışdığı bütün emosionallıq yoxa çıxır. Səsində bir mülayimlik hiss olunur. Gah gözü dolur, gah əsəbiləşir, üzünün ifadəsi, rəngi dəyişirdi Qarabağdan, müharibədən danışanda. Mən də ağlamaqdan özümü zorla saxlayıram. Danışmaq istəmirəm ki, anam Cəbrayıldakı çinardan nələr danışırdı, kəhrizdən nələr deyirdi. Bircə demək istəyirdim ki, anam həmişə təəssüflə deyirdi ki, Cəbrayıldakı o əzəmətdə, o gözəllikdəki çinarın üstündə restoran tikib qurutmuşdular. Sonralar Fərhad Mete adlı şair tanıyacaqdım, o da mənə danışacaqdı ki, Cəbrayılda bir çinar vardı, dayım onun üstündə restoran açmışdı...

22.02.2014. -  Anar xalqın pasportudur

-Sən Cəbrayılı istəmirsən.
Niyə?
-Bir dəfə mənə bir müxbir zəng edib ki, “Könlüm keçir Qarabağdan” adlı layihə üçün müsahibə alsın. Dedim, mən o layihəyə müsahibə vermək istəmirəm. Mənim könlüm Qarabağdan keçmir.
Təəccüblənir. “Aqil müəllim nə danışır?” – deyə öz-özümə soruşuram.
Mənim könlüm Salyandan keçir, Şamaxıdan keçir... Həmin müxbir hardasa yazıbmış ki, Qarabağ haqqında əsər yazan ziyalının könlü Qarabağdan keçmir. Gənclər bu ziyalıdan nə ibrət götürəcək? Bir dəfə Dədə Süleymanın xətrinə dəymişəm. Televiziyada deyir ki, Füzuli üçün darıxmışam. Mən də dedim ki yalan deyir. Füzulinin ayaqqabıları yoxdur, geyinib Dədə Süleymanı görməyə gələ? Darıxmısan, dur get. Getmirsənsə, demək darıxmamısan. Sən Cəbrayıl üçün darıxmamısan, atan da darıxmayıb, darıxsanız gedərsiniz. Mətbuat şurasında o müxbirin dediklərinə etirazımı bildirdim. İradə çox üstünə getməyə qoymadı, dedi işdən çıxardarlar, çörəyindən olar.

Aqil müəllim bərk əsəbiləşmişdi.

-Mənim “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qapqara uzun saçlar”, “Qiyamət gecəsi” kimi əsərlərim var, hamısı Qarabağ haqqındadır. Bütün günü Qarabağ camaatının içindəyəm. Birinin ev məsələsi, birinin iş məsələsi, birinin uşağının toyu – hamısı ilə maraqlanıram. Mən cibimin pulu ilə indiki hesabla bir milyon dollarlıq silah almışam Kəlbəcərə. O pulla özümə hər şey edə bilərdim.

Bilirdim ki, söhbəti yekunlaşdırmaq vaxtıdır. O indi özü dediyi kimi nəvələrini gəzdirməyə gətirməliydi. Əslində, şənbə-bazar günləri İradə xanımla şəhərdən çıxırlar, deyir. Özümü bir xeyli günahkar hiss edirəm və söhbəti yekunlaşdırmağa, hörmətli millət vəkilimizin zamanını daha çox almamağa çalışırdım. Amma söhbət uzanırdı-uzanırdı. Kitabdan, yazı-pozudan çox danışa bilmədik. Bircə kitab satışından söz ” kitab mağazasından zəng ediblər ki, satılmadığına görə gedim kitablarımı götürüm.
- Dəfələrlə məndən kitabı hardan ala biləcəklərini soruşublar, yerini demişəm, sonra da üstümə gəliblər ki, bəs, orda kitab yoxdur. Elə özüm də dəfələrlə öz kitabımı soruşmuşam, “yoxdur” cavabını almışam. Bu yeni xəbər deyil, bu məsələ ilə bağlı xeyli müzakirələr olub:


-Ora bir mafiyadı. Müəyyən adamların kitablarını üzə qoyurlar, qalanlarını piştaxtanın altına. Soruşanda da deyirlər “yoxdur”.

Vəssalam, bizim kitab haqda danışdığımız bu olur. Dərd-sər imkan verir ki?

-Hələ on il qabaq “Ədalət” qəzetində vəhhabizmin Azərbaycana gətirilməsi ilə bağlı yazı yazmışdım. Yazmışdım ki, bu bəlanın qarşısını almaq lazımdır. Heç kimin vecinə olmadı.

-O qəzeti tapa bilərik indi?
-Tapıb verərəm sizə. İndi hamı qalxıb vəhhabizmlə bağlı mübarizə aparır. Bunu o zaman etmək lazım idi. O zaman yanlış olaraq vəhhabilərin saqqalını qırxırdılar. Mənə bir polis rəisi dedi ki, Aqil müəllim, saqqal qırxmaqla bu bəlanın qarşısını almaq olmaz. Bunun təbliğatı olmalıdır, maarifçiliyi olmalıdır. İndi bu bəla yayılıb dünyaya. Şeyximiz bir bəyanat yayıb... Bəyanatla mübarizə aparmaq olmaz. Sənin televiziya kanalların var. Maarifləndirici verilişlər aparılmalıdır. Əsl islam dini haqqında veriliş olmalıdır. Bu yalnız və yalnız din xadimlərinin işidir, dövlətin işi deyil. Dini komitəmiz var, şeyxülislam var. Mən öz oğlumun saqqalını qırxdıra bilmirəm, ancaq işə gedəndə qırxır. Ona necə deyim saqqalını qırxsın?

Düşürük bulvara. Fotoqraf şəklimizi çəkir. Fikrim dağınıq idi. Narahat idim. Aqil müəllimi razı salmışdıq ki, bizi sərhəd bölgəsinə aparmağa. Evdə necə deyəcəyəm? Necə gedəcəyəm? Bir də əvvəl məni aparmaqdan imtina eləməsi gözümü qorxutmuşdu, son anda da getməyimi istəməsə necə? Amma söz verdi... Martda... Cəbrayıla...



Fotolar: Emin Nihil






Fikirlər