13.01.2014.- Deputat əməkdar artisti xəstəxanalıq edib; Astan Şahverdiyevin həyat yoldaşı və kürəkəninin adı fırıldaqda!

13.01.2014.-  Deputat əməkdar artisti xəstəxanalıq edib; Astan Şahverdiyevin həyat yoldaşı və kürəkəninin adı fırıldaqda!Əməkdar artist Firuzə İbadovanın millət vəkili Astan Şahverdiyevlə torpaq müharibəsi müğənnini xəstəxanalıq edib.
Millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaradıb. Hətta baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərtilə 3 gün aclıq aksiyası keçirib. Aclıq aksiyasına başlayan müğənninin Yeni il gecəsi vəziyyəti həddindən artıq ağırlaşdığından sənət dostlarından bir neçəsi ona baş çəkməli olublar. Duet ortağı və ailə dostu Cavanşir Məmmədov da Firuzə İbadovaya ilk baş çəkənlərdən olub.
AzerTaym.az "Şərq" qəzetinə istinadən xəbər verir ki, F.İbadova dəfələrlə deputatla görüşüb, məsələnin sakit şəkildə həll olunmasına çalışsa da, buna nail ola bilməyib. Bir sözlə, əməkdar artistə bildirilib ki, özünü yormasın, torpaq əldən getdi.
Məlumata gərə, üzləşdiyi hadisə səbəbindən Firuzə İbadova hazırda ev şəraitində müalicəsini davam etdirir, vəziyyəti o qədər də qənaətbəxş deyil. Yaxınlarının sözlərinə görə, gün ərzində 2 dəfə müğənniyə sistem köçürülür. Tək qadının millət vəkili ilə mübarizə aparması o qədər da asan olmadığından Firuzə İbadova çarəsiz vəziyyətdə qalıb. Bunu müğənninin yaxınları deyirlər.
Firuzə İbadovanın torpaq məsələsi ilə əməkdar artist Cavanşir Məmmədov fikirini açıqlayıb. "Şərq”ə danışan Cavanşir Məmmədov "Bilirsiz, mən Firuzə İbadovaya ən yaxın insanlardan biriyəm. Biz artıq 18 ildir bir yerdə çalışırıq, ailəvi dostluq edirik. Onun torpaq sahəsi həqiqətən əlindən alınıb. Bu məsələdə millət vəkilinin adı hallanırsa, demək buna səbəb var. Yəni millət vəkili bu millətin vəkili olduğu üçün ona xalq səlahiyyət verir. Millət vəkili xalqın problemini həll etməli, millətin qayğısına qalmalıdır. O insan da ağsaqqal insandı. Mənə elə gəlir ki, artıq mətbuat vasitəsilə ona da bu söz-söhbət gedib çatar. Əgər onun özünə müraciət edilsə, ümid edirəm ki, məsələ həllini tapar. Yəqin ki, bu yazılardan, mətbuatın məsələni işıqlandırmasından sonra həmin millət vəkili də münasibət bildirməyə məcbur qalacaq. Ya məsələni həll edəcəyini deyəcək, ya da yox deyəcək. Axır ki, bu məsələ qarşılıqlı danışıqdan sonra həllini tapmalıdır. İndi həmin millət vəkili ağsaqqal adamdı, istəməz ki, adı belə problemlərdə hallansın. Firuzə xanım tək qadındı. Övladını, nəvəsini tək saxlayır. Mən ona nə qədər kömək etsəm də, çətinlikləri, maddi sıxıntıları olur. Hər halda millət vəkilinə yaraşmaz ki, bir qadının əlindən torpağını alsın. İndi millət vəkili məhkəmə yolu ilə bu problemi həll edər, ya iki tərəf danışıq yolu ilə torpağı bölüşəcəklər, bu, həmin millət vəkilinin fikirlərindən, açıqlamasından sonra bəlli olacaq. Hər halda bu məsələnin bu qədər ictimailəşməsi həmin millət vəkilinin də marağında deyil. Hər ikisi ictimai insanlardı. Onların adlarının torpaq məsələsində bu qədər səslənməsi onlara da xoş olmaz. Firuzə xanım qadındı. Ona müəyyən məsələlərdə güzəşt etmək lazımdı. İnsanların problemi olanda millət vəkilinə üz tutur ki, həmin məsələ həll olunsun. Bu qadının problemi millət vəkili ilə bağlıdır. Firuzə xanım kimə üz tutsun? Yazıq məcbur olub aclığa əl atdı. Sonra mən, bəzi dostları, İlhamə xanım Quliyeva məsləhət gördük ki, xəstə adamsan, aclıq etməklə heç nəyi həll edə bilməzsən. Aclığı dayandır. Bildiyim qədər də Firuzə xanımın torpaq sahəsini millət vəkilinin rəhmətlik kürəkəni alıb. Ağsaqqalın kürəkəni dünyasını dəyişdikdən sonra torpaq sahəsi qayınananın, yəni adı hallanan millət vəkilinin həyat yoldaşının adına keçib. İndi torpağın pulu Firuzə xanıma veriləcək, ya torpaq ona qaytarılacaq, bilmirəm. Ancaq bu məsələ həllini tapa bilər. Qarşılıqlı danışıq aparılsa, yəqin ki, ortaq məxrəcə gəlmək olar” bildirdi.

Məsələ ilə bağlı Əməkdar artist Firuzə İbadovanın özü ilə də əlaqə yaratdıq. Həkim nəzarətində olan müğənni qısa da olsa "Şərq”in suallarını cavablandırdı: "Hazırda mənim vəziyyətim ağırdı. Həkimim Hikmət Qarayev və digərləri mənə birmənalı şəkildə xəbərdarlıq ediblər ki, sənə qətiyyən əsəbiləşmək, həyəcan keçirmək olmaz. Ona görə nə verilişlərə gedib dərdimi deyə bilirəm, nə də telefonlara cavab verirəm. Bircə onu deyirəm ki, mən haqqımı tələb edirəm. Məni aldadaraq torpağımı əlimdən alıblar. Millət vəkili Astan Şahverdiyevin kürəkəni məni aldadaraq, fırıldaq yolu ilə torpağımı əlimdən alıb. 2-ci alıcı vasitəsilə torpağı satdım. Bunu mənim torpağımı alan ikinci satıcı qismində alqı-satqıda iştirak edən Rəşid Əhməd oğlu Allahyarov da təsdiqləyə bilər. Bu günə qədər də mənim haqqım olan nə pul mənə verilir, nə də torpağım geri qaytarılır. Millət vəkili ilə dəfələrlə əlaqə yaratmağa çalışsam da, o, bu görüşə razılıq verməyib. Ən sonda da dediyi o olub ki, guya, heç nədən xəbəri yoxdur. İndi ki, xəbərdardır, bütün mətbuat günlərdir mənim deputatın kürəkəni tərəfindən aldadıldığımdan yazır, indi də xəbərdar deyil? Mən sona qədər, ölsəm də haqqımı tələb edəcəm”.

Biz məsələdə adı çəkilən ikinci alıcı qismində iştirak edən Rəşid Allahyarovla da əlaqə yaratdıq. Rəşid Allahyarov açıqlamasında problem barədə bunları söylədi: "Firuzə xanımın bu günə qədər mətbuata verdiyi məlumatların tam əsaslı olduğunu mən də təsdiqləyirəm. Belə ki, 3 il əvvəl mən və millət vəkili Astan Şahverdiyevin kürəkəni Aqil Fətəliyev Firuzə İbadovaya məxsus torpağı 30 min manata aldıq. Pulun 15 min manatı Firuzə xanıma verildi. Aqil Fətəliyev və mən bu torpağı şərik almışdıq. Firuzə xanıma verilən 15 minin 10 minini Aqil, 5 min manatı isə mən ödədim. Bundan sonra biz Firuzə xanıma 15 min borclu qaldıq. Ancaq notariat qaydada ona verilən məbləğ 15 min deyil, 8500 göstərilir. Bunu da Aqil belə istədi ki, notariusda məbləğ 8500 göstərilsin. Yerdə qalan məbləği də qısa müddətdə ödəməli idik. Alınan torpaq sahəsi də Aqilin deyil, onun qayınanası, yəni millət vəkili Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyevanın adına rəsmiləşdirildi. Sonradan Aqil yalan yolu ilə məndən 5 min də aldı ki, iş görürük. İş də ortaya çıxmadı. Mən pulumu tələb edəndə Aqil bildirdi ki, ona verdiyim pulu Firuzə xanıma ödəyib. Guya, mənim Firuzə İbadovaya borcumu həmin pula ödəyib. Aqilin yalan danışdığını başa düşəndə Firuzə xanımla əlaqə yaratdım. Məlum oldu ki, Firuzə xanıma heç bir borc ödənilməyib. Aqil özü də bunu etiraf etdi ki, pulu xanıma ödəməyib, yalan deyib. Bu minvalla Aqil xeyli vaxt məni aldatdı. Hətta ona verdiyim pulun yerinə mənə kreditdə olan maşın verdilər. Uzun sözün qısası, sonra Aqil vəfat etdi. Mən haqqımı tələb etmək üçün Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi vermişdim. İstintaq aparılan zaman məlum oldu ki, Aqil mənim kimi bir çox insanları da aldadıb, onların pulunu yeyib. Sonra yaxınları işin dərinliyini başa düşüb məndən xahiş etdilər ki, ərizəni geri götürüm. O zamanlar mən özüm də hüquq-mühafizə orqanlarında çalışırdım, cinayət-axtarış şöbəsinin rəhbəri idim, Aqil də polis sistemində çalışırdı. Polis sistemində çalışan bir insan barədə belə ciddi ittihamların olması, onun dələduzluqda ittiham edilməsi təbii ki, Aqilə problem yaradacaqdı. Ona görə yaxınları əl-ayağa düşdülər. Nə isə, bir müddət sonra Aqil dünyasını dəyişdi, dedilər məsələ də guya həll olunacaq. Sözün düzü, mən Aqil öldüyü üçün bu məsələnin arxasınca çox düşmədim. Ancaq elə oldu ki, Aqilin yaxınları Bahar Quliyeva adlı qadın vasitəsilə məni şərlədilər. Bahar Quliyeva Aqilin xalası idi. Bu məsələ çox uzandı. Sonda onlar müəyyən dost-tanışları vasitəsilə məni işimdən uzaqlaşdırmağa nail oldular. Artıq bundan sonra mən onlardan haqqımı alacağıma söz verdim. Firuzə xanıma da bildirdim ki, bu məsələdə sona qədər ona dəstək olacam. Mən özüm ali təhsilli hüquqşünas olduğum üçün qanunlarımızı gözəl bilirəm. Özümü bir kənara qoyuram, Aqillə bizim aramızda kişi söhbəti olmuşdu, ancaq axır görüşümüzdə Aqil kişi sözünü sənəd tələb etməklə əvəzlədi. Nə isə. Ancaq Firuzə xanıma bir qadın olaraq bu qədər haqsızlıq edilib, aldadılaraq torpağı əlindən alınıb. Buna göz yuma bilməzdim, bilmərəm də. Mən özüm müharibə əliliyəm, Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm. Bir Qarabağ əlilini məcbur etdilər, özünü yandırdı. Ancaq mən iradəsiz insan deyiləm. Özümü də yandırmaq fikrim yoxdur. Mən sona qədər özümün də, Firuzə xanımın da haqqını tələb edəcəm. Millət vəkili Astan Şahverdiyev deyir ki, guya, bütün bu söz-söhbətlərdən xəbəri yoxdur. Onun arvadının adına kürəkəni torpaq alır, millət vəkili bundan xəbərsiz olur? Sizcə bu, inandırıcı ola bilər? Yaxşı, əvvəl xəbərsiz idin, indi ki, xəbərin var. Niyə bir ölçü götürmürsən, mənimlə yox, heç olmasa, Firuzə xanımla görüşəydiz, onun dərdini dinləyəydiz. Siz özünüzə necə millət vəkili deyirsiz? Qaldı xəbərsiz olmağına, mən bir daha bildirirəm ki, millət vəkili yalan danışır. Çünki mən özüm şəxsən millət vəkilinin yaşadığı ünvana da, parlamentə də bir neçə dəfə məktub göndərmişəm, ona məsələ barədə məlumat çatdırmışam. Şikayət etdiyim qurumlardan da ona məktub çatıb. Necə olur ki, Astan Şahverdiyev hələ də bu boyda biabırçılıqdan xəbərsizdi? Onun kürəkəni ilə bağlı yetərincə polis orqanlarında da, prokurorluqda məlumat var ki, bu insan dələduzluq edib, müxtəlif yollarla bir neçə insanı aldadaraq külli miqdarda pul əldə edib. Məgər Astan Şahverdiyevin bunlardan da xəbəri yoxdur? Yenə qeyd edirəm, mən son nəfəsimə qədər özümün də, Firuzə xanımın da haqqını tələb edəcəm”.






Fikirlər