Suyun yeni tarifi bu gündən qüvvəyə mindi - Hesablama necə aparılacaq?
Tarif Şurasının içməli su və kanalizasiya tariflərini bahalaşdırması barədə qərarı bu gündən – 16 maydan qüvvəyə minib. Nəzərə alsaq ki, bu gün mayın nə əvvəli, nə də axırıdır, onda maraqlıdır, qərarın ayın ortasında qüvvəyə minməsilə abonentlərlə hesablaşmalar necə aparılacaq? “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar CəbrayıllıModern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, hazırda abonentlərin bir qismi smart, bir qismi mexaniki sayğacla təmin olunub, bir qismi isə sayğacsızdır: “Əgər evdə sayğac yoxdursa və 4 nəfər qeydiyyatdadırsa, ödəniş 4 nəfərə görə hesablanır. Tarif Şurasının qərarına görə, suyun qiyməti bir nəfərə görə 5 kubmetrdən hesablananda 20 kubmetr edir. Bu 20 kubmetr suyun 10 kubmetri (15 gün üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ikinci 15 gün üçün) 45 və ya 50 qəpikdən hesablanacaq. Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimiz üçün heç bir problem yoxdur. Bu günə qədər kartlarına yüklənən məbləğ köhnə tariflərlə, bu gündən etibarən isə yeni tariflərlə hesablanacaq”. Qurum rəsmisi mexaniki sayğacların oxunma günü ilə bağlı yarana biləcək suallara da aydınlıq gətirib: “Mexaniki sayğaclarla bağlı bir məsələ var. Yəni, sayğacın oxunması 5-10 gün sonraya təsadüf edə bilər. Bu da heç bir problem yaratmır. Sayğacın son oxunması ilə indiki oxunması arasındakı sərfiyyatı günlərin sayına bölərək orta günlük sərfiyyat çıxarılacaq. Bölünmədən asılı olaraq neçə gün köhnə tarixə düşəcəksə, köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə, yeni tariflə ödəniləcək. Məsələn, sizin sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi köhnə, qalan günləri isə yeni tariflə hesablanacaq. Bununla bağlı xüsusi proqram təminatımız hazırlanıb və heç bir problem yaşanmayacaq. Çalışacağıq ki, bu prosesdən abonentlərimiz heç bir zərər görməsin”. A.Cəbrayıllı sayğac göstəricilərinin vaxtında və dəqiq yoxlanması üçün abonentlərdən müfəttişlərə qapı açmalarını xahiş edib. AzerTaym.az