Elman Rüstəmov vəzifəsindən getməyə qərar verdi -GÖZLƏNİLMƏZ QƏRAR

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti postundan getməyi qərara alıb. Buna səbəb vaxt məhdudluğudur.

 

AŞF-dəki mənbələrdən qaynarinfo.az-a daxil olan məlumata görə, xüsusilə son ilyarımda Rüstəmov Federasiyaya ayaq basmayıb, ümumiyyətlə, bu qurumun idarəçiliyində yaxından iştirak etmir. “Federasiyada bütün işləri iki vitse-rezident – Mahir Məmmədovla Faiq Həsənov həyata keçirirlər. Son vaxtlar isə başı tamamilə Azərbaycan manatı ətrafında cərəyan edən kritik proseslərə qarışan Rüstəmov, payızda AŞF-nin seçkili iclasını çağırmağı və vəzifəsindən getməyi planlaşdırır. Artıq federasiya rəhbərliyi bundan xəbərdardır”.
Mənbə AŞF-nin növbəti seçkili konfransının vaxtının çoxdan keçdiyini də deyib.  
Qeyd edək ki, 1992-ci ildə Beynəlxalq Şahmat Federasiyasına (FIDE) üzv olan AŞF-yə 2007-ci ildə prezident seçilən Elman Rüstəmov qurumun maliyyələşdirilməsində də əsas rol oynayıb. Amma son vaxtlar Rüstəmovun Federasityadan maddi dəstəyinin əhəmiyyətli hissəsini çəkdiyi də deyilir. “Bundan başqa son bir neçə ildə Azərbaycan şahmatında ciddi durğunluq hökm sürür. Şahmatçılarımızın xüsusilə beynəlxalq turnirlərdəki nəticələri ürəkaçan deyil” – deyə bildirən mənbələrimiz, əslində baş bankirin hələ bir neçə ay AŞF-dəki vəzifəsi ilə vidalaşmaq istədiyini, amma buna vacib bir səbəbə görə izn verilmədiyini deyib. 
“Məsələ burasındadır ki, bu ilin sentyabrında Bakıda Dünya Şahmat Olimpiadası təşkil olunacaq. Belə bir ciddi tədbir ərəfəsində Elman Rüstəmovun AŞF-dən ayrılması doğru olmazdı. Elə buna görə də onun vəzifəsi ilə vidalaşması həmin turnirdən sonraya ertələnib” – saytımıza daxil olan məlumatda qeyd olunur.
Onu da deyək ki, Elman Rüstəmov 2009-cu ilədək Azərbaycan Üzgüçülük Federasiyasına da rəhbərlik edib. O, AŞF prezidenti seçildikdən sonra hər iki federasiyanın rəhbəri olaraq qalacağını desə də, bu cəmi iki il belə davam edib. Əldə etdiyimiz məlumata görə, buna baş bankirin maliyyə imkanları mane olub.   
 
"Milli Yol"

 

 






Fikirlər