Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyini təmin edəcək — ABŞ DÖVLƏT Departamenti
Avropa İttifaqı Transadriatik qaz kəmərinin tikintisinə rəsmən başladı. Ölkə.Az xəbər verir ki, Yunanıstanda TAP layihəsi çərçivəsində Transadriatik qaz kəmərinin tikintisinə start verilib. Tikintinin təməlatma mərasimində Yunanıstanın baş naziri Aleksis Çipras iştirak edib. O, qeyd edib ki, layihənin həyata keçməsi ilə birlikdə ölkədə 8 min iş yeri açılacaq. TAP layihəsinin tikintisinə başlanması ilə əlaqədar ABŞ Dövlət Departamenti də bəyanat yayıb. Departamentin rəsmisi Con Kirbi layihənin həyata keçirilməyə başlanmasını alqışlayıb və Azərbaycan qazının sayəsində Avropanın böyük bir hissəsinin rus qazının asılılığından xilas olacağını vurğulayıb. "ABŞ kəmərin tikintisinin başlanmasını alqışlayır. Bu, Cənub enerji dəhlizi layihəsinin bir hissəsidir və bunun sayəsində Azərbaycan qazı Avropaya nəql ediləcək və beləliklə qitənin Rusiyadan qaz asılılığı xeyli azalacaq. Bu layihə Azərbaycanın, Türkiyənin, Yunanıstanın və İtaliyanın iqtisadiyyatını möhkəmləndirəcək", deyə Con Kirbi vurğulayıb. Xatırladırıq ki, kəmərin tikintisinin təməlatma mərasimi Yunanıstanın Soloniki şəhərində baş tutub.