Kremldən Bakıya və Qərb paytaxtlarına ilginc təhdid; Rusiya Avropa və Amerikanı Qafqazla şantaj edir; Bakı üçün şərtlər dəyişir; Azərbaycanın İsraildəki adamı isə hakimiyyətə qayıdır – ermənilərin və rusların “ən pis yuxusu” tezliklə çin ola bilər...
Postsovet məkanı, o sırada Azərbaycanın da yer aldığı Güney Qafqaz bölgəsi ətrafında situasiya dəyişir. Bu, o deməkdir ki, rəsmi Bakı üçün də yeni və ciddi çağırışlar var. Qarabağ konfliktinin mövcudluğu bu çağırışları ikiqat əhəmiyyətli edir. Keçək faktlara.
“Donbas Rusiyanın müdafiəsi altındadır”. Bunu “Exo Moskva” radiosuna açıqlamasında rusiyalı politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Putinin müşaviri sayılan Sergey Markov deyib. Onun sözlərinə görə, Donbasa qarşı istənilən hücuma Rusiya sərt cavab verəcək. O, həmçinin iddia edib ki, “Donbas ordusu” Avropanın altıncı ən güclü ordusudur.
Kremlin sözçülərindən olan Markov son vaxtlar Qarabağa dair “Kazan formulu” ilə bağlı sensasion xarakterli açıqlamaların müəllifi kimi yadda qalıb. Onun Donbas açıqlaması isə bir daha Kremlin separatçı bölgələrə, o cümlədən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa gerçək münasibətini ortaya qoyur, Moskvanın bu kimi münaqişələrin həllində əslində qətiyyən maraqlı olmadığını, yaxud sülh səylərində səmimi olmadığını nümayiş etdirir.
Markovun son bəyanatı NATO-nun, ABŞ-ın Rusiya sərhədləri boyunca (Baltikyanı ölkələr, Ukrayna, Moldova, Gürcüstan) son zamanlar xeyli fəallaşması fonunda səslənməsi ilə diqqət çəkir. Görünən budur ki, Rusiya özünün “həyati maraqlar zonası” elan elədiyi “Yaxın xaric” ölkələrində, məxsusən özünün qızışdırdığı separatçı bölgələrin yaxınlığında Qərbin, ABŞ və NATO-nun nüfuzunu artırmasından bərk narahatdır. “Donbas Rusiyanın müdafiəsi altındadır” ismarışı da o anlama gəlir ki, Dağlıq Qarabağ da daxil, postsovet məkanındakı bütün münaqişələri məhz Kreml yaradıb və bu ərazilər məhz “onluqdur”.
Qənaətimizi gücləndirən başqa gəlişmələr də var.
“Gürcüstanın NATO-ya üzv qəbul edilməsi Avropanın təhlükəsizliyinə zərbə olacaq”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, bu, Avropa üçün böyük təhlükə yaradacaq.
Bundan qabaq Rusiya NATO-nun Şərqi Avropada qoşunlarını artırmasını özü üçün təhdid adlandırmışdı. Təhdid xarakterli bənzər açıqlamanı az öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dilə gətirərək demişdi ki, Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə “cavab tədbirləri görüləcək”.
* * *
Qeyd edək ki, Azərbaycanın həm coğrafi, həm də siyasi anlamda əsas “Qərb qapısı” sayılan Gürcüstanın Şimali Atlantika blokuna sürətli üzvlüyünə münasibət birmənalı deyil. Belə fikir var ki, Qərb Gürcüstanı hərtərəfli müdafiə edəcəyinə əmin olmayınca, öz təhlükəsizlik çətiri altına almayınca belə bir addıma gedilməməlidir. Əks halda, qoşunları Tiflisin cəmi 100 km-də olan Rusiyanın regionda növbəti hərbi avantürasına bəhanə verilə, 2008-ci il kritik olayları təkrarlana bilər.
Görünür, bu üzdən NATO, ABŞ alyansa üzvlük məsələsindən öncə tam doğru olaraq, Gürcüstanın hərbi və özünümüdafiə qabiliyyətini zəruri həddə çatdırmaq yönündə addımlar atır. ABŞ Senatının ötən il Gürcüstanı, Ukrayna və Moldovanı NATO-dan kənar müttəfiq ölkələr kimi tanımaq qərarı, həmçinin, bu gün - 26 mayda Gürcüstanın Respublika Günündə başa çatan NATO-nun genişmiqyaslı təlimləri eyni hədəfə hesablanmış gedişlərdir. Ən önəmlisi, Moskvaya “Qafqaza, Ukraynaya gəlirik!” mesajıdır. Xəbər verdiyimiz kimi, təlimlərdən sonra ilk dəfə olaraq Gürcüstanda alyansın kiçik hərbi kontingenti də saxlanacaq.
Qonşu Gürcüstanda son baş verənlərin təbii ki, Azərbaycana birbaşa dəxli var - Rusiya amilinə görə. Bəzi siyasi müşahidəçilər buna görə hətta narahatdırlar. Məsələn, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Amerika tanklarının Gürcüstanda hərbi təlimlərdə iştirakı o deməkdir ki, açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər.
Onun sözlərinə görə, təlimlər NATO ilə xeyli yaxınlaşan Gürcüstanın hərbi sistemini təkmilləşdirmək, orduda islahatları dərinləşdirmək və NATO standartlarına yaxınlaşdırmaq, Avroatlantik məkanın dəyərlərini bu bölgəyə gətirmək adı ilə keçirilir (axar.az).
“Reallıqda isə bu ölkənin imkanlarını genişləndirməkdə strateji maraqlar gizlənilir. Bu təlimlər ilk növbədə NATO infrastrukturunun Gürcüstana daşınmasıdırsa, digər yandan bu ölkənin Rusiya ilə toqquşmasını doğurmaqdır. Açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Qərb qüvvələrinin hərbi dairələrinin burada iştirakı isə regiondakı vəziyyəti bir az da mürəkkəbləşdirir. Gürcüstan qəti qərbyönlü siyasət seçdiyindən, Amerika tankları artıq Qafqazda bir faktora çevrilməkdədir. Biz Avropa dairələri və ABŞ-la çox yüksək münasibətlərə malikik və bu, milli mənafelərimizə uyğun bir xətdir. Lakin Qərb hərbi qüvvələri Gürcüstanı aşıb, sonra Qarabağı işğaldan azad edəcək, yaxud indiki kövrək dövrdə Azərbaycan da o təlimlərə qoşulsun, az qala Cənubi Qafqazda bir hərbi ittifaq yaradılsın və bu, anti-Rusiya bloku kimi təzahür etsin, bunun üzərindən torpaq bütünlüyü planları qurulsun kimi sadəlövhcəsinə düşünənlər də var. Mən bunu təhlükəsizliyimiz üçün risk sayıram” - deputat qeyd edib.
* * *
Lakin fərqli mövqedə olanlar da az deyil. Onların əsas arqumenti budur ki, Gürcüstan və ya Azərbaycan Qərbin himayəsinə və qarantiyası altına keçəndən sonra Rusiya bu ölkələrə qarşı təxribatlara cürət etməz. Azərbaycan isə üstəlik, Rusiya üçün Gürcüstan deyil, onunla kifayət qədər yaxşı əlaqələrə malikdir, Rusiyanın etibarlı silah alıcısıdır. Eyni zamanda Türkiyə amili Moskva üçün çəkindirici rol oynamaqdadır.
Bakının daha bir güclü “kartı” İsraillə hərbi və hərbi-texnoloji sahədə uğurla inkişaf edən əlaqələrdir. İsraillə əməkdaşlıq isə avtomatik şəkildə beynəlxalq yəhudi lobbisinin Qarabağ məsələsində dəstəyi deməkdir - hansı ki, 4 günlük müharibə zamanı özünü göstərə bildi: Azərbaycan ordusunun təmizləmə əməliyyatı erməni təbliğat maşınının səylərinə rəğmən, Qərbdə narahatlıq yaratmadı.
Yeri gəlmişkən, bu arada bəlli olub ki, Azərbaycanın İsraildəki əsas tərəfdarlarından olan sabiq xarici işlər naziri, ölkənin əsas ideoloqlarından sayılan Aviqdor Libermanın sədri olduğu “Evimiz İsrail” Partiyası ilə baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” Partiyası arasında koalisiya qurmaq haqda razılıq əldə olunub. Dünən sazişin dünən Knessetdə imzalanması gözlənilirdi. Öncə xəbər verdiyimiz kimi, koalisiya yaranarsa, Liberman müdafiə naziri təyin olunacaq. O halda ermənilərin İsrail-Azərbaycan əlaqələri ilə bağlı “ən pis yuxusu” çin hesab edilə bilər. Elə rusların da...
* * *
Bütün hallarda Azərbaycan öz köklü maraqlarının imkan verdiyi istiqamətlərdə öz təhlükəsizliyini gücləndirəcək optimal addımlara davam eləməlidir - qardaş Türkiyə ilə sinxron şəkildə, Rusiya “nə deyər” şərtini bir azca arxa plana sürüşdürməklə. Çünki zaman və şərtlər indi yetərincə fərqlidir və heç də Kremlin xeyrinə işləmir. Bunu hətta işğalçı Ermənistan da hiss etməyə başlayıbsa, tələsmək kimi gecikmək də Azərbaycana xətər yetirə bilər.