04.03.2014.- Bu gün Od çərşənbəsidir

04.03.2014.-  Bu gün Od çərşənbəsidir  Bu gün Novruzun dörd çərşənbəsindən ikincisi - Od çərşənbəsidir.

APA-nın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər.

Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu, süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.






Fikirlər