“Azərbaycan Roma papasının “SOYQIRIM” iddiasına etiraz etməlidir”
Sabir Rüstəmxanlı: “Vatikanın Azərbaycanın rəyini soruşmadan türkləri soyqırımda ittiham etməsi doğru deyil” Məlum olduğu kimi, Roma papası Ermənistan səfəri zamanı qondarma soyqırım qurbanlarına qoyulan abidəni ziyarət edib, 1915-ci il hadisələrini “soyqırım” adlandırıb. Osmanlı imperiyasını qəddarlıqda ittiham edən Roma papası anti-türk bəyanatları ilə Ermənistanı artıqlaması ilə məmnun edib. Maraqlıdır, Roma papasının “soyqırım” iddiasına Azərbaycan tərəfi rəsmi və ya qeyri-rəsmi formada etiraz etməlidirmi? Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı belə bir etirazın gərəkli olduğunu vurğuladı: “Təbii ki, Azərbaycan Roma papasının “soyqırım” iddiasına etiraz etməlidir. Vatikanın “soyqırım” dediyi hadisə əslində olmayıb. Türkiyədə həmin dönəmdə bir milyondan çox erməni olmayıb. Onların da çoxu xaricə çıxıb gedib. Doğu Anadoluda, Ərzurum, Qars İğdır, Van ərazilərində isə bu hadisələr zamanı iki milyona yaxın türk ölüb. Ermənilər tərəfindən öldürülən insanların böyük bir hissəsi Azərbaycan türkləri idi. Türkiyədə öldürülənlər bizim bacı-qardaşlarımızdır. Azərbaycan türklərinə qarşı tarixi bir ədalətsizlik olub. O yerlərdə bizim toplu məzarlıqlarımız var. Lakin soyqırıma məruz qaldığını deyən ermənilərin bir dənə olsun kütləvi məzarlığı yoxdur. Azərbaycan və Anadolu türklərinin isə çoxlu sayda toplu məzarlıqları var. Buna görə də bu məsələnin həm də Azərbaycana aidiyyatı var. Vatikanla Azərbaycan bunca yaxınlıq edə-edə, Roma papasının Azərbaycanın rəyini soruşmadan, öyrənmədən türkləri soyqırımda ittiham etməsi doğru deyil”.