“Talassemiya daşıyıcısıyam, kliniki ölüm keçirmişəm” – GÜLƏR ƏHMƏDOVA

842E33C2-7D20-4A37-9344-DBA138B0BF7E_w987_r1_s

«Mən talassemiya daşıyıcıyam. Hətta dişimi çəkəndə də qanı saxlaya bilmirlər. Ona görə məni Azərbaycanda əməliyyat etmirlər».

Bunu keçmiş deputat, hazırda üzərində şərti məhkumluğu olan Gülər Əhmədova iyulun 8-də Bakı Apellyasiya Məhkəməsində çıxışında deyib.

G.Əhmədova xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəyir. Yasamal Rayon Məhkəməsi keçmiş deputatın bu barədə müraciətinə «yox» cavabı verib. Qərarda göstərilib ki, G.Əhmədova yalnız xaricdə müalicəsini əsaslandıran sübutlar təqdim etməyib. G.Əhmədova həmin qərardan apellyasiya şikayəti verib.

G.Əhmədova məhkəmədə bildirib ki, hələ 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir:«Mən 24 yaşımda kliniki ölüm keçirmişəm. 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunmuşam, ardınca Türkiyədə şüa almışam. Deputat olduğum dövrdə də xaricə müalicəyə gedib-gəlirdim. Heç kimə məruzə edəsi deyildim ki, mən xəstəyəm. Həbsdə olduğum müddətdə səhhətim ağırlaşdı».

G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyir.
Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmənin qərarı fasilədən sonra elan olunacaq.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra həbs olunub. Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.






Fikirlər