Gülər Əhmədova məhkəməsinə niyə gəlmədi?
Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayətinə baxılıb. Ölkə.Az-ın məlumatına görə, musavat.com-a açıqlamasında G.Əhmədova deyib ki, təzyiqində problem yarandığı üçün prosesdə iştirak edə bilməyib. Növbəti iclas fevralın 2-ə təyin edilib. G.Əhmədova üzərindəki cəzanın ləğvi və məhkumluğun götürülməsini tələb edir. Sabiq deputat deyir ki, ölkədən çıxışına qadağa qoyulduğu üçün müalicəsi üçün ölkədən xaricə gedə bilmir. Onun sözlərinə görə, özündən başqa, ailəsində sağlıq problemləri olan daha iki nəfər var: “Onların müalicəsi üçün, mənim də bu proses zamanı onların yanında ola bilməyim üçün şərti məhkumluğumun götürülməsini istəyirəm. Ümid edirəm ki, məhkəmə bu məqamları nəzərə alıb, barəmdə ədalətli hökm çıxarar. Bir sözlə, məhkəmədən ədalət istəyirəm”. Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumluq cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apellyasiya şikayəti verib. Xatırladaq ki, sabiq deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub. 2005-ci ilin parlament seçkiləri ərəfəsində lentə alınmış həmin video görüntülərdə Elşad Abdullayev, Gülər Əhmədova və hər ikisinin ortaq tanışı olan, görüntülərin yayılmasından az sonra – 2012-ci il dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayeva deputat olmaq üçün 1 milyon dollar lazım olmasından bəhs olunur. Elşad Abdullayev artıq 500 min dollar verdiyini bildirir, Gülər Əhmədova daha 500 verilməsinin lazım olduğunu deyir. Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmişdi. Sonradan Apelyasiya Məhkəməsi həmin cəzanı şərti cəza ilə əvəz etd və G.Əhmədovanı məhkəmə zalından azadlığa buraxdı.