Şirvanda baş verən partlayışda “Araz”ın iki əməkdaşı dünyasını dəyişdi
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb. Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, hadisə nəticəsində ”Araz” zavodunun iki əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib. Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib. Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.