Kremlin danışan dilinin Ermənistan haqda alçaldıcı sözlərinə İrəvanın susqun reaksiyasının ilginc səbəbi; rusiyalı siyasətçinin dediklərinə heç bir rəsmi təpkinin olmamasına daxildən etirazlar gəldi...
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin life.ru kanalına sensasion müsahibəsi haqda məlumat verilib. Kremlin danışan dillərindən sayılan Jirinovski müsahibədə işğalçı Ermənistan haqda sərt, aşağılayıcı sözlər işlədib.
Həmin dialoqu bir daha yada salaq:
“Aparıcı: Vladimir Volfoviç, Amerika uzaqdır, Ermənistan isə yaxın. Ermənistanda baş verənləri xarakterizə edin...
V.Jirinovski: Tüpürüm Ermənistana...
Aparıcı: Nə danışırsınız?
V.Jirinovski: ...Orada müntəzəm olaraq çıxışlar olacaq. Balaca ölkədir, dağlıq ölkədir, dağların arasında, Türkiyə və Azərbaycanın arasında sıxışıb, heç bir perspektiv, heç bir iqtisadiyyat yoxdur. Orada artıq bir milyon erməni qalıb. Dünyada isə cəmi 6 milyondurlar. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Ştatlar-hər yerdə gəzirlər. Ermənistanda yaşamağa yer yoxdur - dağlardır. Təbii ki, orada müxtəlif qruplaşmalar bir-birinə qarşı nəsə edəcək.
Aparıcı: Yaxşı, axı orada bizim baza var, o, bizim strateji partnyorumuzdur, yəni strateji partnyora necə tüpürmək olar?
V.Jirinovski: Siz Allah bəsdirin! Bax budur, bizə tüpürəcəklər - bazamızı götürəcəyik. Diz çöküb yalvaracaqlar ki, bazanı qaytaraq. Bu baza onların xilasıdır, əks halda, iki tərəfdən türklərlə azərbaycanlılar onları yer üzündən siləcək. Ona görə də Ermənistan haqda narahat olmağa dəyməz. Onlar bizdən heç yana qaçan deyil, çünki bu halda onların sonu çatacaq, tam sonu çatacaq. Azərbaycanlılar dərhal Qarabağı götürəcəklər, türklər kömək edəcək. Üç yüz il əvvəl erməniləri II Yekatrina xilas edib".
***
Maraqlıdır ki, Jirinovskinin bu təhqiramiz fikirlərinə rəsmi İrəvan heç bir reaksiya, etiraz bildirməyib. Halbuki o, qeyd olunduğu kimi, sıradan biri deyil, Rusiya Dövlət Dumasının sədr müavinidir, üstəlik, Kremlin sözçülərindən sayılır.
Reaksiya həm də ona görə vacib idi ki, LDPR sədri faktiki surətdə Ermənistanın Rusiyanın bir quberniyası, vassalı olduğunu xüsusi qeyd edib, bu adda dövlətin Rusiyasız mövcud ola bilməyəcəyini vurğulayıb. Və təbii ki, həqiqəti söyləyib - hansını ki, hamı bilir. Həmçinin də erməni ictimaiyyəti.
Məsələ ilə bağlı müxalifyönlü lragir.am portalında erməni siyasi şərhçi Akop Badalyan hiddətlə yazıb: “Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski bəyan edib ki, ”Tüpürüm Ermənistana, Ermənistan Rusiyasız keçinə bilməz və o, Rusiyanın ayağına düşəcək ki, hərbi bazanı qaytarsın - əgər birdən həmin bazanı çıxarsalar... Faktiki surətdə bununla Rusiyanın Ermənistan haqda, “Sosna tsrer”in oğlanları haqda (polis binasını tutan terrorçular nəzərdə tutulur -red.) nə düşündüyü ortaya qoyulur. Yəni bizə demək istəyirlər ki, Rusiyadan ayrılıb hara qaça bilərsiz ki? Üstəlik, bu zaman Ermənistana tüpürülür".
Şərhçi ardınca məsələyə Ermənistan rəhbərliyinin passiv münasibətini tənqid edərək bildirir: “Jirinovski Dumanın deputatıdır, dövlət xadimidir və o, Ermənistanı təhqir edib. Ermənistan XİN isə bəyan edir ki, belə şəxslərin fikirlərini şərh eləməyə dəyməz. Bəs dövlət xadimlərinin də bəyanatlarını şərh eləmək lazım deyilsə, kimin bəyanatlarına reaksiya vermək gərəkdir? Ermənistan Rusiyaya rəsmi nota təqdim edərək, ondan Duma deputatını intizama dəvət etməyə çağırmağı tələb eləməlidir ki, növbəti dəfə o, öz həddini bilsin. Bu, özünə hörmət edən dövlətin görməli olduğu minimum işdir”.
***
Elə iş də ondadır ki, Ermənistan adında dövlət çoxdan yalnız xəritədə, simvolik olaraq mövcuddur. Belə vassal-dövlətin özünə hörmət qoyması, kiməsə etiraz nota verməsi qeyri-mümkündür. Dövlətin özünə hörmət qoyması üçün də ilk növbədə o, müstəqil olmalı, müstəqil xarici siyasət kursu yürütməlidir. Ermənistanın isə hətta xarici sərhədlərini də, hava məkanını da ruslar qoruyur.
Vassalın, köləlin qüruru, etiraz hüququ olmaz. Bir tanınmış rusiyalı ekspertin sərrast vurğuladığı kimi, Qarabağ məsələsi qaldıqca ermənilərin Moskvadan asılılığı, başqa sözlə, köləliyi qalacaq və güclənəcək. Buna görə bədxah qonşular özlərini qınamalıdırlar. Ermənistan, erməni xalqı ona hörmət qoyulmasını istəyirsə, öncə bu asılılıqdan və köləlikdən qurtulmalıdır.
Yolu bəlli: Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq, Qarabağı sahibinə qaytarmaq, bütün qonşulara qarşı əsassız ərazi iddialarından əl çəkmək. Bu, olmayınca, jirinovskilər Ermənistana hələ çox tüpürəcəklər, Ermənistanın Sərkisyan kimi marionet liderləri də rus tüpürcəyini yalamalı olacaqlar...