Neftçalada heyvandarlıqla məşğul olan sahibkar Rafiq Həsənov rayon Elektrik Şəbəkəsinin müdüri Vurğun Şirəliyevdən prezident İlham Əliyevə şikayət edib.
Şikayətçinin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Vurğun Şirəliyev ondan heyvandarlıqla məşğul olduğu sahədə yerləşən evinə işığın verilməsi qarşılığında 20 min manat pul tələb edir.
Rafiq Həsənov Vurğun Şirəliyevə orada iki ailənin yaşadığını, 20 min manatının olmadığını bildirərək, elektrik xəttinin çəkilməsini xahiş edib. Elektrik Şəbəkəsinin müdiri isə ona belə cavab verib: "Şam al, yandırıb yaşasınlar".
Hətta sahibkar "Azərişıq"a müraciət edərək, işığın çəkilməsi üçün lazım olan bütün sənədləri alıb. Lakin Vurğun Şirəliyev heç bir qanuna məhəl qoymadan vətəndaşdan 20 min manat rüşvət tələb edir.
"Vurğun Şirəliyevə dedim ki, prezident İlham Əliyev daim çıxışlarında ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu olduğunu vurğulayır. Dövlət başçısı bildirir ki, kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməli, onların işinə süni müdaxilələr olmamalıdır. Ona bildirdim ki, barəsində ölkə başçısına şikayət edəcəm. Lakin Vurğun Şirəliyev dedi ki, "bu mənlik deyil, rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin" deyə Rafiq Həsənov vurğulayıb.