Ağsu Elektrik Şəbəkəsində müdhiş fırıldaq.
Saytımızın elektron ünvanına gələn məktubda deyilir ki, rayon mərkəzi istisna olmaqla, rayonun bütün kəndlərinə qış aylarında elektrik enerjisinin verilməsində fasilələr yaranır. Səbəb isə Ağsu Elektrik Şəbəkəsinin qaunusuzluğudur. Sakinlər yazır ki, enerjisinin verilməsinin dayandırılması rayon elektrik şəbəkəsinin rəhbəri Akif Qədirovun göstərişi ilə olur. Kəndlər hər gün saatlarla qaranlığa qərq olur “Soyuq aylar başlanandan Ağsunun əksər kəndlərinə elektrik enerjisi fasilələrlə verilir. İstənilən şəxs bu faktı yerində araşdıra bilər. Hər gün səhər saat 10 radələrində kəndlərə verilən elektrik enerjisi rayon elektrik şəbəkəsinin rəisi Akif Qədirovun tapşırığı ilə dayandırılır. Nəticədə kəndlər saatlarla enerji üzünə həsrət qalır”. Akif Qədirov sakinlərə verməli olduğu elektrik enerjisini qeyri-qanuni yollarla satdığı üçün rayona verilən enerjidəki itkiləri ört-basdır etmək istəyir: “ Elektrik enerjisinin kəsilməsi gündüzlər də dəfələrlə təkrarlanır. Dəfələrlə şikayət etsək də, A.Qədirov heç nəyə məhəl qoymur”. Büdcəyə getməli olan pul hara gedir? “Kəndlərdə elektrik şəbəkəsində çalışan işçilərin himayəsi ilə bəzi şəxslər sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Bunun üçün isə onlar hər ay “haqq” verirlər. Həmin proses nəticəsində yaranan enerji itkisini isə kəndləri qaranlığa qərq etməklə bərpa edirlər”. Elektrik dirəklərini kim satıb? Sakinlər yazırlar ki, hazırda kəndlərin əksəriyyətinə gedən elektrik enerjisi xətlərinin bərkidildiyi taxta dirəklər 50 il əvvəl çəkilən dirəklər olduğundan, qəzalı vəziyyətdədir. Hətta bəzi elektrik dirəkləri kəndlərdə evlərə, divarlara söykədilib ki, aşmasın. Yeni dirəklər “Azərenerji”dən kəndlər üçün göndərilsə də, həmin dirəkləri görən olmayıb. Məsələ ilə bağlı Azərenerji Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, rəsmi iş günü olmadığından istəyimiz baş tutmadı. Sakinlərin iddiaları ilə bağlı rəsmi qurumun mövqeyini növbəti gün öyrənməyə çalışacağıq.