Aşkenaz yəhudilərinin türk əsilli olduğu ortaya çıxıb... –ELMI SÜBUTLAR

Aşkenaz yəhudilərinin türk əsilli olduğu ortaya çıxıb... – elmi sübutlar

Köstlerə görə, Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti Xəzər türkləri olub

Britaniyanın yəhudi əsilli alimi Eran Elhaik aşkenaz yəhudilərinin türk əsilli olduğunun sübuta yetirildiyini söyləyir. 
Musavat.com-un xarici mediaya istinadən yaydığı məlumata əsasən, Eran Elhaik bu barədə tezislərini “Genome Biology and Evolution” (Genom biologiyası və Tərəqqi) adlı elmi jurnalda yayınlayıb.
 
İsrail təvəllüdlü, Texas Hyuston Universitetində, Marilend-Cons universitetində doktorluq araşdırması həyata keçirən Eran Elhaik “Avropa yəhudilərinin soyunun itən həlqəsi: Ren və Xəzər nəzəriyyələrinin müqayisəsi” adlı məqaləsində Aşkenaz yəhudilərinin əsl kökünün Xəzər türkləri olduğunu göstərib.
Elhaikə görə, türk boylarının bir qismi 8-cü əsrdə yəhudiliyə keçmiş və köç yollarından istifadə edərək Avropa qitəsinə doğru irəliləyiblər. Elhaik müasir yəhudilərin ortaq kökə sahib olmadığını yazır.  Ona görə onların kökləri Yaxın şərqdə, yəni Fələstində yaşayan yəhudilərə deyil, Xəzər, yəni türk mənşəli olub digər tayfalarla qarışanlara dayanır.
Elhaikin bu nəzəriyyəsi yəhudilərin ortaq bir nöqtədən gəldiyini iddia edən bir çox elmi tezisi çürüdür.
Elhaik öz araşdırmalarında daha da irəli gedərək, aşkenaz yəhudilərinə məxsus idiş dilinin DNT köklərini Türkiyənin şimal-şərqindəki İpək yolunun kəsişməsinə yaxın yerlərdə yerləşən İşkenaz, Eşkenez, Aşhanas və Aşuz adlı dörd kənddən qaynaqlanmış ola biləcəyini , habelə idişin həmin yollarda ticarət edən Aşkenaz və İran yəhudiləri tərəfindən əmələ gəldiyini bildirib.
Eran Elhaik Pol Vekslerlə birlikdə dərc etdiyi məqalədə idiş dilinin türk, slavyan və iran mənşəli olduğunu da irəli sürüb. Onların fikrincə bu dil sonradan alman dilinin təsiriylə xeyli dəyişikliyə məruz qalıb.
Bu idişin german dil qrupundan olması fikrinin inkar edilməsi deməkdir.
Alimin fikrincə aşkenaz yəhudilərinin kökləri VIII-XI əsrlərdə indiki Ukrayna ərazisində hökm sürən türk dövləti, Xəzər xaqanlığına dayanır.
Məlumat üçün qeyd edək ki, aşkenazlar Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupudur. Avropada bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən aşkenaz yəhudilərinin böyük əksəriyyəti üçün danışıq dili idiş (alman-yəhudi dil qrupu) olmuşdur.
İkinci dünya müharibəsi zamanı baş verən holokostun qurbanlarının böyük əksəriyyəti də aşkenaz yəhudiləri olmuşdu (vikipediya).
Məqalə müəllifləri araşdırmalarında yəhudiləşmiş xəzər türklərinin köç marşrutunu izləmək üçün “Geographic Population Structure GPS” (Coğrafi Əhali Strukturu) metodundan istifadə ediblər.
Alim bundan ötrü xeyli coğrafi və tarixi mənbə toplamış, habelə 367 yəhudi (bunların içərisində dağ və fars yəhudiləri də var) ilə müxtəlif xalqlardan olan 600 nəfərin genomlarını müqayisə edib.
Alınan nəticələr aşkenazların türklərlə, yunanlarla, iranlılarla qohum olduğunu üzə çıxarıb.
Ümumiyyətlə, aşkenaz yəhudilərinin türk əsilli olması fikri ilk dəfə səslənmir.
Hələ keçən əsrin 70-ci illərində Macar yəhudisi Artur Köstler də yəhudilərin 12 boyundan əlavə, Xəzər türklərindən əmələ gələn 13-cü qəbiləsinin də olduğunu irəli sürmüşdü. Köstler 1976-cı ildə yazdığı “13-cü qəbilə” adlı kitabında Şərqi Avropa (aşkenazi) yəhudilərini türk əsilli olduğunu iddia etmişdi. Köstlerə görə, Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti də Xəzər türkləri olub.
Köstler də 9-cu əsrdə Xəzərlərdən ayrılaraq Macarıstana köç edən Kabarların da türk olduğunu və onların macar yəhudilərinin kökünü təşkil etdiyini yazıb.
Köstlerə görə xüsusilə monqol istilası zamanı yəhudi dininə keçmiş xəzərlər qərbə istiqamət götürərək burada yaşayan xalqlara qarışıb assimilyasiya olmasına rəğmən dinlərini qoruyub saxlaya biliblər. Həmin insanlar sonradan Avropada Aşkenazi yəhudi camaatı kimi formalaşıblar. 
Bu səbəbdən Köstler aşkenazilərin əslində türk olduğunu bildirir.
Qeyd olunur ki, orta əsrlərin böyük hissəsində Şərqi Avropa türklərin nəzarətində olub. 576-cı ildə Göytürklərin Krımın Kerç qalasına etdiyi səfərdən sonra Qara dənizin şimalı da tamamilə türklərin hakimiyyəti altına keçib. Həmin dövrlərdə Xəzərlər, peçeneqlər, uz və qıpçaq kimi xalqlar növbə ilə monqol istilasına qədər bölgəni idarə ediblər.
Şərqi Avropada qurulan ilk türk dövlətlərindən ən qüvvətlisi və ən uzun ömürlüsü Xəzər xaqanlığıdır. Xəzər xaqanlığı Qara dənizin şimalına qədər hakimiyyətini genişləndirən Qərbi Göytürk dövlətinin davamı kimi meydana gəlib. Göytürklər VII əsrin başlanğıcında Xəzər dənizi və Qara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlandılar və bu birlik "Xəzərlər" adı altında tarixdə iz qoydu.
Tarixi mənbələr Xəzərdə əhalinin əsasən “Göy tanrı dini” və şamanizmə etiqad etdikləri bilinir. Lakin daha sonra türklər, ən çox da oturaq həyata keçirən əhali səmavi dinlərə meylləmməyə başlayıblar. 
Ərəblərin Herodotu olaraq bilinən tarixçi Əl Məsudiyə (896-956) görə Xəzərlər də asanlıqla din dəyişdirən xalq olublar. Məsudi Xəzərin paytaxtı İtildə 7 hakimdən ibarət ali məhkəmə strukturunun olduğunu yazır.
Həmin hakimlərdən biri şamanist, ikisi müsəlman, ikisi xristian, ikisi də yəhudi dininə mənsub olublar.
Xəzər xaqanı Bulan xan 740-cı ildə yəhudi dininə keçib. 
Bir sıra tarixçilərə görə, xəzərlərin ərəblərə qarşı mübarizəsi və İslamı kütləvi şəkildə qəbul etməmələri Şərqi Avropa tarixinin dəyişilməsində müəyyən rol oynadı. Belə ki, əgər onlar İslamı qəbul etsə idi, bu gün Rusiyanın və Şərqi Avropanın əksər xalqları müsəlman olacaqdı (vikipediya).
Tarixi mənbələrə əsasən Xəzər xaqanı Bulanın yəhudiliyi din olaraq qəbul etməsinin arxasında geopolitik səbəblər durub. Çünki xaqan islamı qəbul etməklə ərəblərin, xristianlığı qəbul etməklə isə Bizansın hegemoniyası altına düşəcəyindən çəkinirdi.
Xaqanlığın paytaxtı əvvəl Səməndər, sonra İdil şəhəri idi.
Xaqanlığın yəhudiliyi rəsmi din olaraq qəbul etməsindən sonra bir çox yəhudi termini və adları rəsmi mənbələrdə üstünlük təşkil etməyə başlayıb.
Təsadüfi deyildir ki, tarixdə Bulan xaqandan sonrakı Xəzər xaqanlarının adları yəhudi kökənli idi. Bunların arasında Bünyamin (880-900-cü illər), Aron (900-930), Yosef (930-960) və s. göstərmək olar.
Buna rəğmən xəzərlər öz türk kökənini heç vaxt unutmayıblar.
Yuxarıda adı çəkilən macar yəhudi alimi Artur Kösler də öz araşdırmalarında vacib bir sənədə diqqəti çəkib.
Bu sənəd Xaqanbəy Yusif Harun oğlu ilə Əndəluslu yəhudi dövlət xadimi və mütəfəkkiri Hasday bin İshak ilə əlaqədardır. Belə ki, Hasday Əndəlusda ikən İrandan gələn tacirlərdən müstəqil bir yəhudi xaqanlığının mövcudluğunu eşidir. Əvvəlcə buna inanmayan Hasdaya bunun doğru olduğunu, hətta xaqanlarının adının Yusif (Josef) olduğunu söyləyirlər. Əmin olduqdan sonra Hasday Yusifə məktub yazaraq (960-cı ildə) onların Fələstindən gəlib-gəlmədiklərini öyrənməyə çalışır. Çünki yəhudi xalqının qollarının çoxu məhv olduğundan Hasday, bəlkə də onların həmin qollardan biri olduğunu düşünür. Beləliklə, Hasdayla Yusifin katibləri arasında yazışmalar başlayır.
Orada Xəzər xaqanı xəzərlərin sonradan yəhudi dininə döndüyünü iddia edir və köklərinin Nuhun oğlu Sama (Semit sözü burdan yaranıb-red.) deyil, digər oğlu Yafəsə dayandığını bildirir.
Xaqan öz məktubunda soylarının Nuhun oğlu Yafəsin nəvəsi, özlərinin babası saydığı Toqarmadan gəldiyini yazır: “Dədələrimzdən qalan soy qeydlərindən öyrəndiklərimizə görə, Toqarmanın 10 oğlu vardı. Bunlar Uyğur, Dursu, Avar, Hun, Basili, Tarniak, Xəzər, Zagora, Bulqar və Sabirdir. Biz 7-ci oğul Xəzərdən gəlməyik”.
Xəzər xaqanlığı özünün ən qüdrətli çağlarını yaşadıqdan sonra 10-cu əsrdə tənəzzül dövrünə keçdi və 11-ci əsrin əvvəllərində süqut etdi. Amma bu xaqanlıq Avropa tarixində əbədi qalacaq izləri qoymağı bacardı.
Qeyd edək ki, əksər türk xalqlarının İslam dininə etiqad etməsinə rəğmən xristian (qaqauzlar) və yəhudi türk topluluqlarına bu gün də rast gəlmək mümkündür.
Xəzər xaqanlığından yəhudi dininə keçən türklərdən bu günlərimizə sadəcə karaylar və krımçaqlar qalıb.






Fikirlər