Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ilə bağlı həyacanlı xəbərlər gəlir.
Virtualaz.org xəbər verir ki, Özbəkistan hökumətinin prezidentin səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirildiyi haqda rəsmi məlumatından sonra xaricdən təcili olaraq həkimlər çağırıldığı məlum olub.
İsrail mənbələri xəbər verir ki, bu ölkədən həkim-kardioloqlar təcili olaraq Daşkəndə uçub. Müxalif Özbəkistan Xalq Hərəkatının saytı da hökumət mənbələrinə istinadən İslam Kərimovu müayinə etmək üçün İsraildən və Almaniyadan həkimlərin çağırıldığını xəbər verir.Rəsmi açıqlamada prezidentin diaqnozu açıqlanmasa da onun insult keçirdiyi bildirilir.
“Assosiated press” xəbər verir ki, Daşkənddə İslam Kərimovun yerləşdirildiyi xəstəxananın ətrafında polis və hərbçilərdən ibarət təhlükəsizlik kordonu yaradılıb. Kordonun diametri bir neçə kilometrə çatır.
Özbəkistan Xalq Hərəkatının bildirdiyinə görə, prezidentin səhhəti avqustun 26-da Daşkənd ətrafındakı Durmen rezidensiyasında olimpiyaçıların şərəfinə təşkil edilmiş ziyafətdən sonra pisləşib. Məlumata görə İslam Kərimov Özbəkistanın Rio Oyunlarında iştirak edən Olimpiya yığma komandasının üzvləri və bəzi hökumət rəsmilərinin iştirakı ilə xüsusi qəbul təşkil edib. Qəbulda Özbəkistan Olimpiya Komitəsinin rəhbəri Mirabror Usmanov, baş nazir Şövkət Mirzəyev və maliyyə naziri Rüstəm Əzimov da iştirak ediblər.
“Banket axşam saat 22.30-23.00 radələrində başa çatıb.Bundan sonra İslam Kərimov prezident Administrasiyasının rəhbəri Zəlimxan Haydarovla saat 24.00-a qədər söhbət edib. Söhbət zamanı prezident qəfildən huşunu itirib. Növbətçi həkimlər ona ilkin tibbi yardım göstəriblər və insult diaqnozu qoyublar”-Özbəkistan hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, həmin gecə rezidensiyaya təcili olaraq Özbəkistan Kardiologiya Mərkəzinin rəhbəri Ravşan Qurbanov və digər həkimlər çağırılıblar. Bundan sonra avqustun 27-də səhər saatlarında İslam Kərimov xüsusi tibbi maşında Daşkənddəki hökumət xəstəxanasına aparıblar.
“Avqustun 27-də axşam prezidentin yanına İsrail və Almaniya həkimləri də çatdırılıb. Özbək həkimləri prezidentin vəziyyətinin ciddi olduğunu bildirir. Əgər növbəti 5 günü yaşasa sağalacaq. Lakin bu 5 gün ərzində hər şey mümkündür. Ola bilsin xarici həkimlər onun həyatını xilas edib ayağa qaldıra biləcəklər ”-mənbə deyib.
Özbəkistan siyasi dairələrində hesab edirlər ki, İslam Kərimov getsə varisi baş nazir Şövkət Mirzəyev olacaq. Mühacirətdəki özbk politoloq Kamoliddin Rabbimov da haqqin.az saytına açıqlamasında bu versiyaya üstünlük verib.
Onun sözlərinə görə, İslam Kərimovun səhhəti barədə rəsmi informasiyanın yayılmasının özü sensasiyadır. Çünki Kərimovun hakimiyyətdə olduğu 27 il ərzində bir dəfə də olsun rəsmi Daşkənd onun səhhəti barədə neqativ məlumat yaymamışdı. Yəni hakimiyyət daim belə imic formalaşdırırdı ki, Kərimovun səhhəti möhkəmdir.
Politoloqun fikrincə, indi İslam Kərimovun xəstəxanaya yerləşdirildiyi haqda Nazirlər Kabinetinin yaydığı məlumat göstərir ki, hakimiyyət prezidentin sağalacağına ümidli deyil. Bu isə fövqəladə situasiyadan xəbər verir.
Hesab edirəm ki, hakimiyyət uğrunda mübarizə artıq başlayıb. Bu mübarizə Kərimovun sağlamlığının vəziyyətinə proporsional olaraq gedəcək. Böyük ehtimalla Kərimov ayağa qalxsa da artıq əvvəlki kimi hakimiyyətə nəzarət edə bilməyəcək. Ona görə də hazırda hakimiyyətdəki əsas qruplaşmalar öz resurslarını rəqiblərini sıradan çıxarmağa yönəldəcəklər”-politoloq deyib.
Rabbimov deyir ki, İ.Kərimov öz varisini müəyyən etməyə imkan tapmayıb. Bununla belə iki nəfərə-baş nazir Şövkət Mirzəyevə və maliyyə naziri Rüstəm Əzimova hakimiyyətə gəlmək və onu əldə saxlamaq üçün şərtlər yaradıb. “Özbəkistan prezidenti postuna əsas namizəd Şövkət Mirzəyev hesab olunur. Məlumatlara görə onun Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə yaxın münasibətləri var. Habelə bir neçə il əvvəl özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovla quda olub”-politoloq deyib.
Fikirlər