Corc Buşun müavini Mir Mövsüm Ağanın ocağını ziyarət edərək mətləbinə çatdı -ŞOK

“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər.

Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. (Mövlanə Cəlaləddin Rumi)
Belə mənəvi həkimlərdən birini -  Seyid Mir Mövsüm Ağanın şərif məzarını ziyarət etmək üçün Bakının Şüvəlan kəndinə yola düşürəm. 
Öncə qeyd edim ki, onun əsl adı  Seyidəli olub. 1883-cü ildə İçərişəhər Firdovsi küçəsi 3 saylı mənzildə Seyid Mir Talib Ağanın ailəsində  dünyaya gəlib. Doğulduğu ocaq babası kəramət sahibi Mir Mövsüm ağanın adı ilə məşhur olduğundan və həmin kəramət zaman-zaman Seyidəlidə təcəlli etdiyindən ona babasının adıyla “Seyid Mir Mövsüm Ağa” – deyə müraciət ediblər. 
Anası Xədicə xanımın  deməsinə görə   “o, normal uşaq kimi dünyaya gəlib. Anası bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, “Allaha pənah, bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi”.  
Qeyd edim ki, Mir Əbutalib ağanın həyat yoldaşı Xədicə xanım Mir Qasımova da müqəddəs seyidlər nəslindən idi. Onların altı övladları olub: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid Əli, Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmanisə. 
Seyidəli iziki cəhətdən zəif olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik hiss edirdilər. O, hamıdan fərqlənirdi. Əlini xəstəyə çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. 
Hələ sağlığında əfsanəvi bir nüfuza malik olmuşdur. İnsanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, fitri istedad, ecazkar qabiliyyət sahibi kimi o, böyük nüfuz qazanmışdı. 
Mir Mövsümzadə nəsli 1930-cu illərin siyasi repressiyalarından kənarda qalmayıb. 1937-ci ildə "NKVD" əməkdaşları bu həyətə tez-tez gəlib-gediblər. Mir Mövsüm Ağanın kiçik qardaşı Mir Kazım ağa o illərdə çox əziyyət çəkib. Həbs olunmasa da, "NKVD"yə aparılıb, kitabları, bir sıra sənədləri müsadirə olunub. "NKVD" əməkdaşları, hətta bu ocağın qadınlarına belə əzab verməkdən, onları incitməkdən çəkinməyiblər. Ağanın bacısı Səkinə xanımı, xalası qızı və böyük qardaşı mərhum Seyid Hüseyn ağanın həyat yoldaşı olan Sara xanımı dəfələrlə dindirməyə aparıblar. Seyidin özünə toxunmasalar da, qapısına gələnlərin ayağını buradan kəsmək yolunda mübarizə aparıblar. Amma buna nail ola bilməyiblər.
Hakimiyyət rəhbərlərinin göstərişi ilə Ağadan sonra qohumları bu ocağa ziyarətə gələnləri içəri buraxa  bilmirlər. Tək-tək adamlar gecəylə gizlincə gəlir, yalvar-yaxar həyətə girir, ziyarət edir, niyyətlərini edib gedirdilər. 
Bu yazını yazarkən internetə baş vurdum ki, görüm məndən qabaq Mir Mövsüm Ağa haqda  kim nə yazıb? Qarşıma jurnalist  İradə İsaqın Həftə.az saytında dərc olunmuş  bir yazısı çıxdı. Yeri gəlmişkən, həmin yazıdan bir neçə sitat gətirmək istəyirəm:
“Əvvəl ateist olan, daha sonra Ağa sayəsində dinə-imana gələn tədqiqatçısı Georgiy Zapletin deyir ki, Azərbaycanın MK-nın keçmiş baş katibi Qasım İsmayılov iclasda Ağadan danışır ki, “biz cəhalətə qanad vermişik filan”. Qasım İsmayılovun səsi həmin iclasda qəfildən tutulur. Anlayır ki, iş nə yerdədir, birtəhər başa salır ki, məni Ağanın yanına aparın. Bu vaxt bacısı Səkinə xanım Ağaya bozbaş yedirirmiş. Hadisəni Ağaya danışanda o gülümsünür, bacısına nəsə deyir. Xanım deyir ki “Ağa istəyir ki, siz bu bozbaşdan bir-iki qaşıq yeyəsiniz. O da yeyir və yarım saatdan sonra səsi açılır”. Bunu mənə SSRİ-nin Xalq artisti Mikayıl Abdullayev öz şərəfi üzərinə and içib danışıb ki, danışdığı bu hekayəni gözləri ilə görüb”.
“Qönçə xanım deyir ki, Amerikanın eks-səfiri Enn Dersi bizim ailəni həmişə tədbirlərinə çağırırdı, qonaq edirdi. “O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndə biz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona Ağanın şəklini verdik, öpüb bağrına basdı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləri bizdə olub. Corc Buşun ikinci müavini də bizdə olub, zənci idi. Dedi Ağa haqda eşitmişəm. Amerikada da Ağanı yaxşı tanıyırlar. Yoldaşım ona dedi ki, sən Ağadan mətləb istə, görərsən olacaq, onda bir daha əmin olacaqsan ki, bu necə möcüzəli Ağadır. Biz bu sözü dedik və yadımızdan çıxdı. O getdi, bir həftədən sonra bizə səfirlikdən zəng vurdular. Heç demə, bura gələndə onun vacib sənədlərlə dolu olan çantası itib. Biz “mətləb istə” deyəndə o ürəyində tutub ki, “Amerikaya gedənə qədər çamadanları tapılsın”. Vaşinqtona çatanda ona zəng vurublar ki, çamadan tapılıb. O da zəng vurdu ki, ocağa təşəkkürümü bildirin. Mən bir daha inandım o ocağa”. (İradə İsaq, həftə.az)
Şüvəlanla Mərdəkan arasında olan qəbristanlıqda Mir Mövsüm Ağanın pak məzarını ziyarət edərkən, bura üz tutmuş və Seyidin kəramətindən bəhrələnmiş  bir neçə ziyarətçilərlə söhbət etdim. Bu söhbətlərdən birini oxucuların diqqətinə çatdırıram. 
Yusifova Lətafət Şəmistan qızı – Sumqayıt şəhər 21 saylı orta məktəbdə fizika müəlliməsi:
-Mənim İmam övladlarına və onların ziyarətgahlarına böyük inam və hörmətim var. İmkan daxilində onları ziyarət etməyə çalışıram və kəramətlərindən faydalanıram.  Bu yaxınlarda  bərk xəstələnmişdim. Müalicələr effekt vermirdi. Bir il yataqda qaldım. Oğlum Elmarın 8 yaşı vardı. Rəsm çəkməyə böyük həvəsi vardı. Dedi: “Ana, Mir Mövsüm ağanın rəsmini çəkəcəm, o sənə şəfa verəcək”. Dedim: “Bala, sən uşaqsan, elə böyük şəxsiyyətin şəklini çəkəmə, pis alınar”. 
Bir gün gördüm uşaq Seyidin şəklini çəkib gətirdi. Pis alınmamışdı, oxşayırdı. Asdı başımın üstündən. Həmin gecə yuxuda Mir Mövsüm ağanı gördüm: Gördüm ziyarətinə getmişəm; Seyid ayağa qalxıb, mənə tərəf gəldi və əlini başıma çəkdi. Həmin anda beynimdən belə bir fikir keçdi ki, Ağa yeriyə bilmirdi, necə oldu ki, indi yeridi? Bu vaxt yuxudan ayıldım və əhvalımda yaxşılıq hiss etdim. Səhər durub yeriməyə başladım. Həmin gündən xəstəliyim keçib getdi.  Sonra gəlib Mir Mövsüm ağanın qəbrini ziyarət etdim.
Qeyd edim ki, Seyid Mir Mövsüm Ağa 1950-ci ildə 67 yaşında vəfat edib. Onun şərif məzarı və İçərişəhərdə yaşadığı ev mömünlərin sevimli ziyarətgahıdır. 
Ağanın ruhu bu sətirlərin müəllifi üçün də mənəvi qida, ilham mənbəyidir. Buradan etdiyim duaların Allah dərgahında rədd edildiyini heç görmədim. Ən çətin sualların cavabı, çıxılmaz vəziyyətdən çıxış yolları, bəzi kitablarımın adları beynimə məhz bu müqəddəs ziyarətgahda gəlib.
Allahın salamı Seyid Mirmövsüm Ağanın, onun da xeyir-duası inanclı insanların üzərinə olsun! Amin.
Paşa Yaqub – tədqiqatçı-yazıçı
Şüvalan  - Bakı






Fikirlər