Ləqəbi “Starosta”...Putin yaxın dostunun “qolunu bururmu”

Neçə gündür ki, Rusiya mediası İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkinin istefa ərizəsini və onun başçılıq etdiyi strukturun ləğv olunacağı barədə xəbərləri müzakirə edir. Bastrıkinin vəzifədən azad olunacağı haqda xəbərlər Rusiya hakim siyasi elitasında son vaxtlar bir-birinin ardınca baş verən dəyişikliklər, yaxud Putinin yaxın dostlarının-onun hakimiyyətində güclü fiqurlara çevrilmiş yüksək vəzifəlilərin işdən azad edilməsi fonunda yayılmaqdadır.

Və Rusiya İstintaq Komitəsinin-Kreml administrasiyasından müstəqil siyasi struktura çevrilmiş idarənin qüdrətli rəhbərinin məsələsi ona görə diqqəti daha çox cəlb edir ki, Bastrıkin Putinin yaxın dostlarının çevrəsinə daxildir.Onlar hələ gənclik illərindən dost olublar və Bastrıkin Putinlə bir qrupda oxuyub. İstintaq Komitəsinin gələcək rəhbəri Rusiyanın gələcək prezidentinin yaxın dostlarının çevrəsində olub və qrup rəhbəri olduğu üçün bu çevrədə “Starosta” ləqəbi ilə çağırılıb.

Ötən həftə “Kommersant” yazmışdı ki, prezident Putin hüquq-mühafizə və güc strukturlarında radikal islahatlar aparmağa hazırlaşır. Qəzetin yazdığına görə bu islahatlar çərçivəsində İstintaq Komitəsi ləğv ediləcək, onun funksiyaları Baş prokurorluğa veriləcək. Bastrıkinə isə hansısa formal vəzifə təklif edəcəklər. Habelə Federal Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Federal Mühafizə Xidmətinin birləşdirilərək yeni Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılması, ona sovet KQB-sinin səlahiyyətlərinin veriləcəyi gözlənilir.

Bu məlumatları heç kim təkzib etməyib. Ancaq Putin Dövlət Dumasının spikeri Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinə rəhbər göndərib. Kreml administrasiyasının rəhbərinin müavini Vyaçeslav Volodini isə Dövlət Dumasının spikerliyinə namizəd göstərib.

Bunun ardınca bəzi KİV-lər Aleksandr Bastrıkinin Putinə yazdığı iddia olunan istefa məktubunun surətini dərc ediblər. Kreml belə məktubun olduğunu nə təsdiq, nə təkzib edib. İstintaq Komitəsinin rəsmisi, artıq istefasını elan etmiş Vladimir Markin isə Bastrıkinin istefa ərizəsi yazdığını “şaiyə” adlandırıb. Bunun ardınca internetdə Putinin İstintaq Komitəsini ləğv etdiyinə dair saxta fərman yayıblar. Habelə məlumatlar var ki, Bastrıkin iki həftəyə yaxındır işə kortejin müşaiyəti olmadan gedib-gəlir. Çünki onu müşaiyət edənləri kənarlaşdırıblar.

Mətbuatı habelə daxili işlər naziri Vladimir Kolokoltsevin də işdən azad ediləcəyi haqda xəbərlər başına götürüb. Bildirilir ki, bütün bunlar İstintaq Komitəsində və DİN-də bir-birinin ardınca üzə çıxan korrupsiya əməlləri ilə bağlıdır.

Bu gün Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Bastrıkinin və Kolokoltsevin istefası ilə bağlı suallara belə cavab verib ki, qəhvə fincanında fala baxmaq lazım deyil. Peskova görə bütün bunlar hələlik şaiyə xarakterli məlumatlardır.

Lakin belə görünür ki, Bastrıkin də daxil olmaqla bir sıra generalların kürsüləri doğrudan da laxlayıb. 2011-ci ildən İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin Rusiya hakim elitasında yeni “güclü adam” hesab olunurdu.Hamıya elə gəlirdi ki, ağ saçlı, qızılı general paqonlu mavi forma daşıyan bu şəxs istənilən vaxt istədiyi adamın “qollarını arxaya bura”  bilərdi. İndi isə deyəsən onun özünün “qolunu bururlar”...






Fikirlər