Şəhid əmisindən hərbi prokurora dəhşət saçan suallar

Şəhid əmisindən hərbi prokurora dəhşət saçan suallar

Meyidi döyüş meydanından çıxarılmamış qardaşım oğlunun əmlakını, seyfindəki məxfi sənədləri, maşınındakı əmlakını kimlər və nə məqsədlə oğurlayıb?

2016-cı ilin apreli, Azərbaycan üçün həm qürurverici, həm də kədərli ay kimi tarixə düşdü.  Bu ayda  Erməni silahlı bölmələri yenidən təxribata əl ataraq cəbhədə atəşkəsi intensiv şəkildə pozmağa cəhd etdilər. Nəticədə Azərbaycan silahlı qüvvələri düşmənin təxribatının qarşısını almaq üçün əks hücuma keçdi.  Beləliklə atəşkəs elan olunandan 22 il sonra, cəbhədə ilk dəfə ən iri həcmli döyüşlər baş verdi. Azərbaycan hərbi qüvvələri ermənilərin  müdafiə xəttini qırıb bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirdi.
Talış kəndi ətrafında-Naftalan və Goranboy rayonlarına təhlükə yaradan yüksəkliklər, həmçinin Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində "Lələ təpə” yüksəkliyi geri qaytarıldı. Məhz bu uğurlara görə, aprel döyüşləri tarixə şanlı səhifə kimi yazılsa da, igid oğulların şəhidlik zirvəsinə ucalması, Azərbaycan xalqının kədərinə səbəb oldu.
Bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igid oğullardan biri də hüquq müdafiəçisi  Qurban Məmmədovun qardaşı oğlu mayor Rasim Məmmədovdur.  Mayor Məmmədov şəhid olsa da, onun ətrafında baş verənlər heç də ürəkaçan deyil. Belə ki, Rasim Məmmədov cəbhədə düşmənlə üz-üzə dayanıb, erməni təxribatının qarşısını alarkən, onun iş otağından oğurluq edənlər, seyfini aparıb dağ döşündə yandıranlar, maşınında axtarış aparanlar hələ də azadlıqda gəzirlər.
Bu iddialarla şəhid Rasim Məmmədovun əmisi, hüquq müdafiəçisi Qurban Məmmədov çıxış edib və respublikanın hərbi prokuroru Xanlar Vəliyevə suallar ünvanlayıb: "Əsgərin, öz əsgər yoldaşına bir sillə vurduğuna görə, bağrını yaran, hər şeyini satdıran hərbi prokurorluq bu sualın cavabını nə vaxt verəcək?
Rasimin seyfində nə axtarırmışlar? Meyidi döyüş meydanından çıxarılmamış qardaşım oğlunun əmlakını, seyfindəki məxfi sənədləri, maşınındakı əmlakını kimlər və nə məqsədlə oğurlayıb? 
Rasim son vaxtlar danışırdı ki, bir çox yüksək rütbəli zabitlərin erməni və rusiya kəşviyyatına işləməsindən şübhələnir. 
Cənab Xanlar Vəliyev, nə vaxtadək toplardan sərçələrə atəş açacaqsınız?
Ümid edirik ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyinə ünvanlanan bu sualların cavabı tezliklə veriləcək və həqiqət aşkara çıxacaq. 






Fikirlər