İşğalçı ölkənin baş tutmayan sürpriz-şantajı; Rusiya lideri Ərdoğan və Əliyevlə son görüşlərinin təsiri altında sabah Ermənistan gedir; Kreml başçısının düşmən ölkəyə bir mesajı da Qarabağla bağlı ola bilər, əgər...
Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 9-da başlayan ABŞ səfəri başa çatıb. Məlumatlara görə, o, Nyu-Yorkda Ermənistan hökumətinin özünün təşkil elədiyi (!) investisiya forumunda çıxış edib. Tədbirdə məqsəd işğalçı ölkəyə Amerika, Qərb sərmayələrini cəlb eləməkdir. Əslində isə hədəf - növbəti dəfə dilənmək, Amerika ermənilərinin vasitəsilə “fitrə” yığmaqdır. İşğalçı ölkədə iqtisadiyyat varmı ki, ona kimsə sərmayə də qoysun?
Bu və digər səbəblərdən simptomatikdir ki, Sərkisyanı bu dəfə Amerikada heç it yerinə də qoymayıblar. Hətta erməni analitikləri onun səfərini uğursuz, fiasko hesab edir. Əlbəttə ki, fiaskodan başqa nə ola bilər, əgər onu da nəzərə alsaq ki, Ermənistan, sadəcə, Rusiyanın geridə qalmış quberniyalarından biridirsə.
O da var ki, Sərkisyan dəridən-qabıqdan çıxsa belə, işğalçı ölkədə xarici sərmayələr üçün ideal şərtlər olsa belə, Moskva Qərb amilinin forpost ölkədə güclənməsinə imkan verməz - hər hansı şəkildə. Rusiya hətta qonşu İranın Ermənistanla iqtisadi, energetik sahədə əməkdaşlığının güclənməsinə qısqanc yanaşır, o ki ola ABŞ-ın, Avropa Birliyinin Ermənistana maliyyə-iqtisadi təsir vasitələri əldə eləməsinə.
Hər şey qırağa, ortada həll olunmamış Qarabağ ixtilafı, Azərbaycanla müharibə məsələsi var ki, Qərb investorları bu amili də görməzlikdən gələ bilməzlər.
***
Bu xüsusda Sərkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 14 oktyabr İrəvan toplantısı ərəfəsi və İstanbulda prezidentlərin (Putin, Ərdoğan, Əliyev) üçlü görüşü fonunda qəfil ABŞ səfəri daha çox özünətəsəlli, bir az da Rusiyaya uğursuz sürpriz, onu ABŞ-la şantaj etmək təsiri bağışlayır. O Rusiya ki, onun prezidenti Vladimir Putin sabah İrəvana gedəcək. O Putin ki, İrəvana prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə İstanbul görüşündən cəmi bir neçə gün sonra yollanır. Yəni İrəvana “əliboş” yox, müəyyən mesajlarla gedir.
Hər necə olmasa, Rusiya liderinin uğurlu Türkiyə səfəri, İstanbulda imzalanan tarixi anlaşmalar Kremlin xarici siyasətdə Azərbaycan da daxil, türk faktoruna nə dərəcədə önəm verdiyini bir daha ortaya qoyub. Sərkisyanın ABŞ-a uğursuz reveransı ilə bu amilin Rusiya üçün əhəmiyyətini azaltmaq əlbəttə ki, mümkün deyil.
Burdaca yada salaq ki, Ərdoğanın son Peterburq səfəri zamanı Türkiyə-Rusiya-Azərbaycan formatı barədə irəli sürdüyü təklif öz aktuallığını itirməyib. Yeri gəlmişkən, Putinin İstanbul səfəri Türkiyə-Rusiya əlaqələrinin gözlənildiyindən də sürətlə inkişaf etdiyini, Ankara və Moskvanın əksər məsələlərdə anlaşma içində olduğunu nümayiş etdirdi. İki supergücün yaxınlaşması və anlaşma içində olması isə erməniləri həmişə narahat edib - xüsusən də Qarabağ məsələsinə görə.
Odur ki, İrəvana, faktiki, İstanbul görüşlərinin təsiri altında yollanacaq Vladimir Putinin Ermənistan rəhbərliyinə bəzi çatdırışlarının olacağı istisna deyil. Bu mesajların konkret nədən ibarət olacağı dəqiq bilinmir. Yəqin ki, çatdırışlar bağlı qapılar arxasında ediləcək. Ehtimal ki, əsas mesaj bu olacaq ki, Ermənistan özünün iqtisadi-siyasi xilasını, xoşbəxtliyini okeanın o tayında yox, burada - regionda axtarsın, ora-bura boylanmasın.
***
Ermənistan isə ara-sıra öz dəyərini Rusiya qarşısında qaldırmaq üçün ara-sıra belə gedişlər edir, “iki stul”da oturmağa çalışır. Təzəlikcə İrəvanın Avropa Birliyi ilə yeni əməkdaşlıq sənədi imzalamaq niyyətinə düşməsi də eyni qəbildən manevrlərdir. Təbii ki, Moskva buna heç vaxt imkan verməz. Bunu İrəvanda da yaxşı bilirlər.
Amma qarşılığında İrəvanın Rusiyadan yenə nəsə qoparmaq istəyi istisna deyil - hərçənd, Moskva erməniləri artıqlaması ilə öz yaxşılığını edib və edir: Dağlıq Qarabağı, digər Azərbaycan ərazilərini işğalda saxlamaqda kömək edir, Ermənistanın iqtisadi cəhətdən ayaqda durmasını, əhalisinin acından ölməməsini təmin edir, onun Türkiyə və İranla sərhədlərini qoruyur, güzəştli qiymətlərə, bəzən isə havayı silahlar verməklə ordusunun Azərbaycan silahlı qüvvələrindən geri qalmamasına çalışır, bütövlükdə Ermənistan adlı saxta dövlətin mövcudluğunun əsas qarantı rolunda çıxış edir. Başqa hansı yaxşılıq olmalıdır ki, ermənilər naşükürlük eləməsin?..
***
Doğrudur, İstanbulda Qarabağ mövzusu diqqətdə olmayıb. Ancaq istisna deyil ki, qapalı təmaslar zamanı bu mövzuya da toxunulub. Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olmasa belə, yuxarıda vurğulandığı kimi, İstanbul görüşlərində türk amilinin Rusiya üçün önəmi bir daha qabarıq şəkildə üzə çıxıb ki, bu da xırda məsələ deyil. Cırtdan Ermənistan üçünsə böyük və ciddi məsələdir. Eyni zamanda mesajdır.
Yaxşı olar ki, Kreml başçısının bir mesajı da Ermənistanı Qarabağ məsələsində ağıllandırmaqla bağlı olaydı. Elə bir mesaj ki, müharibədən qaçmaq üçün İrəvanı konstruktiv mövqe tutmağa vadar eləsin. Hər halda, böyük müharibə Kremlə sərf eləmir. Ən azından ona görə ki, inkişafda olan Ankara-Moskva münasibətləri, on milyardlarla dollarla ölçülən böyük iqtisadi-enerji layihələri o zaman böyük risk altına düşə bilər.
Cırtdan Ermənistana görə dəyərmi?