Bakıda 150 min insanın həyatı təhlükədədir
Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var AzerTaym.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. N.Paşayevin sözlərinə görə, Bakıda bəzi ərazilərdə hazırda sürüşmə qeydə alınmasa da, sürüşməyə meyilli sahələr hesab edilir: “Əhmədli şosesində, Zığ şosesində, Binəqədidə, Bayılda, Badamdarda, Masazır gölünün ətrafında ümumilikdə Bakıda təxminən 20 yerdə böyük sürüşmə sahəsi var ki, orada 150 mindən çox əhali yaşayır. Bu ərazilərdəki sürüşmələrin qarşısı vaxtında alınmalıdır”. N.Paşayev əlavə edib ki, Bakıda sürüşmə qeydə alınmayan, amma sürüşməyə meyilli sahələr 10-15 dərəcə maili olan dənizkənarı dik ərazilərdir: “Dənizdən 100 metr yüksək olan ərazilərin hamısında böyük villalar tikilib. Heç nəzərə alınmayıb ki, bu ərazilər gilli süxurlardan ibarətdir və sürüşməyə meyillidir. Buzovnanın, Bilgəhin dənizkənarı əraziləri 10-15 dərəcə maili ərazilərdir və sürüşməyə meyillidir. Həmin yerlərdə evlər tikilib. Qaraçuxurda villaların tikildiyi ərazilər də birbaşa sürüşməyə meyillidir. Qaraçuxurun yaşayış olan bu hissəsində böyük çatlar var, onlar getdikcə genişlənir. Onların hamısı sürüşməyə məruz qalacaq. Bayıl yamacında da binaların sayını bir qədər azaltdılar, amma orada da proses müşahidə edilir. Bayıl yamacında, Əhmədli massivində, Qaraçuxurda əhalinin sayını bir qədər azaltmaq lazımdır. Kanalizasiya suları da mütləq idarə olunmalıdır”. N.Paşayev qeyd edib ki, sürüşmə Abşeron üçün daha böyük problemdir: “Hər dəfə sürüşmə olanda müəyyən tədbirlər görülür. Amma müəyyən müddət ötdükdən sonra onlar davam etdirilmir”.